Rafiq Bayramov: "Ölkəmizdə istər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB tərəfindən vərəmlə mübarizəyə kifayət qədər dəstək var"
24.03.2025 13:58

Vərəm insanlar arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyin yaşının bəşəriyyətin yaşı ilə eyni olduğunu söyləsək, yanılmarıq. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, yoluxucu xəstəliklər arasında vərəm xəstəliyi ölüm göstəricisinə görə “liderliyini” qoruyub saxlamaqdadır.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib.

 

O bildirib ki, hazırda ən asan müalicə olunan vərəm prosesinin müalicəsi üçün minimum 6-8 ay ərzində ən azı 4 vərəm əleyhinə dərmanın birgə istifadəsi tələb olunur: "Son illər dünyada, o cümlədən ölkəmizdə dərmanlara rezistent deyilən vərəmə rastgəlmə tezliyi artır. Bunun isə iki forması var: birincili və ikincili rezistentlik formaları. Birincili rezistentlik odur ki, insan xəstəliyə dərmanlara rezistent ştamlar, mikroblar və ya törədicilərlə yoluxub xəstələnir. Yəni kimdən yoluxubsa, həmin xəstədə artıq dərmana rezistent forma olub. Ona görə də yeni xəstələnən adamlarda dərmana  davamlılıq yaranır. İkincili rezistentlik odur ki, xəstə dərmana həssas mikrobakteriyalar, vərəm çöpləri ilə yoluxub xəstələnir, amma qeyri-düzgün, natamam müalicə nəticəsində onda rezistentlik formalaşır”.

 

Onun sözlərinə görə, öz növbəsində birincili resistentlik formasının da sayı az deyil ki, bu da ətraf mühitdə rezistent xəstələrin sayının çoxluğu, həmin insanlardan yoluxanlardan birincili rezistent xəstələrin yaranması ilə izah olunur:
“Adətən “vərəm xəstəsi” dedikdə, yaşayış şəraiti yaxşı olmayan, tüfeyli həyat tərzi keçirən, əyyaşlar, narkomanlar və bu kimi sosial qrupdan olanlar düşünülür. Amma belə deyil. Faktlar göstərir ki, heç kəs bu xəstəlikdən sığortalanmayıb.
Tibbin hər sahəsində olduğu kimi, vərəmlə mübarizədə də yeniliklər var. ÜST illərdir əsas qlobal problem kimi, vərəm  infeksiyasını diqqət mərkəzində saxlayır". 

 

Kafedra müdiri qeyd edib ki, hazırda infeksiya əleyhinə 10-a yaxın vaksin üzərində iş gedir. Ötən ilin məlumatına görə, daha effektli olan 3 vaksin artıq təcrübə mərhələsini keçib və onlardan biri yaxın zamanda kütləvi istifadəyə buraxılacaq.
Artıq 15 ildir ki, vərəm əleyhinə olan dərmanların apteklərdə satışına rəsmən qadağa qoyulub. Ona görə belə xəstələr aşkar olunan kimi, yaşadığı ərazi üzrə vərəm əleyhinə dispanserlərdə və ya vərəm kabinetlərində qeydiyyata götürülür.
Xəstələr mütəmadi olaraq təyin olunan dərmanları dispanser və ya kabinetlərdə çalışan sahə həkimlərindən alır. Onlar tam şəkildə dərmanlarla təchiz olunurlar.

R.Bayramov bildirib ki, dünyanın hər yerində olduğu kimi, bizdə də vərəm xəstələrinə qarşı olan münasibət birmənalı deyil. Bu səbəbdən də vərəm xəstələri, əksər hallarda öz xəstəliklərini ətrafdan gizlətməyə çalışır.

 

O, bu cür halların qarşısını almaq üçün
maarifləndirmə tədbirlərini gücləndirməyin önəmini qeyd edib. Vurğulayıb ki, vərəm olan xəstələr özlərini cəmiyyətdən tədric hiss etməsinlər. Onlar bilməlidirlər ki, bu xəstəlik müalicə olunub tam sağalan xəstəlikdir. Aparılan mübarizənin effektiv olması üçün ilk növbədə vərəm ocaqları aşkarlanmalı, onun ötürülmə yolları müəyyən edilməli, yeni yoluxmaların qarşısı alınmalıdır. Ölkəmizdə istər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB tərəfindən vərəmlə mübarizəyə kifayət qədər dəstək var.


Mütəxəssis əlavə edib ki, kimsə üç həftədən artıq öskürürsə, hər ehtimala qarşı onun bəlğəminin vərəm çöpünə görə müayinəsi məsləhətdir: “Hansısa şəxsdə axşamüstü zəif subfebril hərarət, ümumi zəiflik əlamətləri olarsa, gecənin ikinci yarısı, səhərə
yaxın kürəyi, ənsə nahiyəsi tərləyərsə, lokalizasiyalı vərəm prosesinə şübhə yaranır. Onlar da özlərini həkimə yoxlatmalıdır”.

 

R.Bayramov, rəhbərlik etdiyi kafedranın vərəmlə mübarizə sahəsində fəaliyyətindən də söhbət açlb. Bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ölkəmizdə vərəmlə mübarizəyə rəhbərlik edən bir müəssisə olsa da, Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrası da ağciyər xəstəliklərinin aşkar olunmasında yetərincə fəaliyyət göstərir: “Vərəmlə mübarizə
tədbirlərində kafedramız həmişə olduğu kimi, yenə də aktivdir. Belə ki, istər həkimlərin, istər digər tibb personalının maarifləndirilməsində, seminarların keçirilməsində, mətbuatda ictimaiyyət üçün maarifləndirici müsahibə və məlumatların dərc olunmasında yaxından iştirak edir.
Gələcək həkimlərimiz olan tələbələrimizin vərəm və ağciyər vərəminin ayrı-ayrı formaları haqqında lazım olan nəzəri və təcrübi biliklərə yiyələnməsindən ötrü əlimizdən gələni edirik. Tələbələrimizə bütün ağciyər xəstəlikləri, o cümlədən ağciyər vərəmi olan xəstələrin müayinəsində bilavasitə iştirak etmək şəraiti yaradılır. Kafedra əməkdaşları isə xəstəliyin aşkarlanması, çətin diaqnostika olunan, müalicəsi daha problemli vərəm xəstələrinin müalicəsi ilə bağlı mütəmadi məsləhətləşmələr, konsiliumlarda iştirak edirlər”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb