Fikrət Əhmədov: "Tədris Cərrahiyyə Klinikasında 10 ilə yaxındır Böyrək transplantasiyası şöbəsi fəaliyyət göstərir"
13.03.2025 17:25

Ümumdünya Böyrək Günü ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri Fikrət Əhmədovla həmsöhbət olduq.

 

Aztibb.az-ın məlumatına görə, Fikrət Əhmədov bu günün uroloqlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, böyrək insanın həyati vacib orqanlarından biri hesab olunur, orqanizmi və qanı toksik maddələrdən təmizləmə funksiyasını yerinə yetirir. Öz funksiyasını itirdikdə isə, insan həyatı üçün təhlükə baş qaldırır. Yəni, xəstənin hemodializ prosedurlarına ehtiyacı yaranır və böyrək köçürməyə qədər xoşagəlməz vəziyyət ortaya çıxa bilər.

 

Şöbə müdiri insanlara böyrəklərinin sağlamlığını qorumaq üçün bəzi tövsiyələr verib. Onun sözlərinə görə, ilk növbədə hər kəs gün ərzində 2-3 litr su qəbul etməlidir ki, orqanizmdəki toksik maddələr maye vasitəsilə xaric olunsun. Əks halda, böyrək susuz qalır və orqanizmdən toksik maddələrin xaric olunması dayanır. Həmçinin böyrək normal funksiya göstərə bilmir və onda geriləmələr baş verir. Bununla da böyrəyin ömrü qısalmış olur.

 

İnsanların 40-45 yaşlarından başlayaraq ildə bir dəfə check-up müayinəsindən keçməsini, qan və sidik analizləri verməsini məsləhət görən F.Əhmədov, bunu yaş artdıqca böyrək xəstəliklərinə rast gəlmə ehtimalının yüksəlməsi ilə əsaslandırıb: “Xüsusilə, böyrəkdaşı xəstəliyi, böyrək və sidikçıxarıcı yolların şişi xəstəlikləri aşkarlana bilər. İndi Ramazan ayı ilə əlaqədar bir çox insanlar oruc tutur. Qeyd edim ki, oruc tutanlar imsak və iftar zamanı maye qəbulunu özləri tənzimləməli, ümumilikdə sutka ərzində 2-3 litr su qəbul etməlidirlər ki, böyrəyin sağlamlığını qoruya bilsinlər. Əgər oruc tutan şəxsin qanında kreatinin miqdarı artırsa, yaxud xroniki böyrək xəstəsidirsə və ya daim böyrəkdaşından əziyyət çəkirsə, bir sözlə, böyrək funksiyası zəifləmişsə, ona oruc tutmaq məsləhət görülmür. Çünki o tip xəstələrə uzun müddət susuz qalmaq olmaz”. 

 

F.Əhmədov bəzi xəstəliklərin müalicəsi zamanı qəbul olunan dərmanların böyrəklərə mənfi təsirindən də bəhs edib. Bildirib ki, həkimlər bu məsələni diqqətdə saxlamalıdırlar. Böyrək xəstəsi olan pasiyent başqa xəstəliklərdən müalicə olunarkən həmin şəxsin böyrəklərə toksik təsir edən dərmanları qəbul etməsinə icazə verilmir. Başqa sahənin həkimləri xəstənin böyrəklərində problem olub-olmadığını mütləq dəqiqləşdirməlidir. Eləcə də müalicənin müsbət nəticəsi olsun deyə, uroloq və ya nefroloqun rəyi alınmalıdır.

 

O, Tədris Cərrahiyyə Klinikasında istənilən böyrək xəstəsinə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu diqqətə çatdırıb: “Diaqnostik müayinə üsulları təkmilləşdikcə, böyrək xəstələrinin diaqnostikasının keyfiyyəti də artır. Tibbi sığorta tətbiq olunandan bizə müraciət edənlərin sayı da çoxalıb. İnsanlar xırda problemlərini belə aydınlaşdırmaq üçün müayinə olunurlar. Bu, müsbət bir tendensiyadır. O mənada ki, ilkin mərhələdə erkən diaqnoz qoyulursa, xəstəliyi tam müalicə etmək mümkün olur. Ən çox bizə böyrəkdaşı, böyrək şişləri ilə bağlı müraciətlər edilir. Bu cür xəstəliklərin yaranmasına isə daha çox oturaq həyat tərzi, zərərli qidalanma, qan dövranı pozğunluğu, az maye qəbulu və s. səbəb olur".

 

Uroloq Tədris Cərrahiyyə Klinikasında 10 ilə yaxındır Böyrək transplantasiyası şöbəsinin fəaliyyət göstərdiyini və əməliyyatların professor Nuru Bayramovun rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildirib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir