Diz əyriliyi osteoartroz və ya qonartrozun inkişafına gətirib çıxara bilər
04.06.2024 09:30
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalova uşaqlarda rast gəlinən baldır-diz əyrilikləri ilə bağlı Aztibb.az-a məlumat verib.
 
Həkim bildirib ki, uşaqlarda əyriliklərin ən çoxu diz deformasiyaları şəklində rast gəlinir. Gün ərzində qəbul edilən hər on xəstədən ikisində “x” və ya “o” şəkilli deformasiyalar müşahidə olunur.
 
Onun sözlərinə görə, diz əyriliyi diz oynağını əmələ gətirən bud və qamış sümüklərinin “x” və ya “o” şəkilli deformasiyası və yaxud da baldırın yumşaq toxumalarının qeyri-mütənasib paylanması nəticəsində ayaqların düzgün konturunun pozulması ilə xarakterizə olunur. Bu deformasiya sadəcə bud və ya qamış sümüyünün əyri olması ilə də yarana bilər. Diz əyriliyi yalnız kosmetik qüsur hesab olunmur, bud və diz oynaqlarının bərabər şəkildə yüklənməsini pozaraq osteoartroz və yaxud da qonartrozun inkişafına gətirib çıxara bilər.
 
Baldır əyriliyinin həqiqi və yalançı ola biləcəyini deyən Günel Acalova qeyd edib ki, həqiqi əyrilik qamış sümüyünün deformasiyası ilə bağlı aşağı ətrafların quruluş xüsusiyyəti sayılır və onun iki variantı var: valgus və varus. Dizin valqus deformasiyasında dizlər bir-birinə dəyir, dizin varus deformasiyasında isə dizlər bir-birindən uzaqlaşır: "Dizlərin həqiqi əyriliyi yerimə funksiyası və pəncənin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Varus əyriliyi pəncənin valqus deformasiyası və yastıpəncəliliyin inkişafına gətirib çıxara bilər. Ayaqların valqus əyriliyində yastıpəncəliliyə daha çox rast gəlinir. Yalançı əyrilik sümük deformasiyası olmadan baldırın yumşaq toxumalarının qeyri-mütənasib paylanması nəticəsində formalaşır. Belə hallarda ayaqları cütləşdirib dayandıqda baldır nahiyəsində yumşaq toxumalar arasında məsafə izlənilir. Ayaqların yalançı əyriliyi sadəcə estetik qüsur sayılır və baldır əzələlərini məşq etdirməklə aradan qaldırılır. Ağır dərəcəli qüsurlarda yumşaq protezlərdən implantasiya məqsədəuyğundur”.
 
Cərrah ayaq deformasiyalarının səbəbləri haqqında da məlumat verib. Bildirib ki, diz əyriliyi anadangəlmə və ya qazanılmış olur. İkinci halda qüsur uşaqlıq dövründə ağır formalı raxit, sümüklərin iltihabi xəstəlikləri, maddələr mübadiləsinin pozulması ilə əlaqədar formalaşır. Anadangəlmə diz əyriliyi isə irsi amillər, dölün ana bətnində havasız qalması və vaxtından əvvəl doğulması, hamilə qadının xəstəlikləri zamanı inkişaf edə bilər. Mineral və maddələr mübadiləsinin digər növlərinə təsir edən xəstəliklər dayaq hərəkət-aparatının sümük, qığırdaq və əzələ toxumalarının anadangəlmə deformasiyalarını daha da dərinləşdirərək ayaqların əyilmə dərəcəsini artırır. Bu səbəbdən uşaqlar erkən dövrlərdən ortopedin nəzarəti altında olmalıdırlar. Yeniyetmə dövründə isə qidada kalsium və D vitamini çatışmazlığı, təmiz hava və günəş şüalarının kifayət qədər qəbul edilməməsi, pəncənin qeyri-adekvat yüklənmələri baldır sümüklərinin əyilməsinə gətirib çıxarır. Böyüklərdə isə diz deformasiyalarının ən çox rast gəlinmə səbəbləri isə travma, bud-çanaq və diz oynaqlarında patoloji proseslərdir.
 
Xəstəliyin müalicə üsullarına da toxunan həkim-cərrah qeyd edib ki, diz əyriliyi kimi problemi yalnız idman hərəkətləri ilə bərpa etmək mümkün deyil. Baldırların kontur plastikası bu nahiyənin əzələlərinin natamam inkişafı, deformasiya və asimmetriyası zamanı tətbiq edilir. Diz əyriliyi problemini kontur plastika və ya implantasiya ilə korreksiya etmək mümkün olmadıqda ortopedik əməliyyatlar icra olunur. Cərrahi müalicə korreksiyaedici osteotomiya sümüyün kəsilməsi ilə düzəldilir və fiksasiya edilir. Bu üsulla əyriliyi korreksiya etməklə yanaşı, həm də boyun uzanmasına nail olunur. Cərrahi əməliyyatlar adətən sümük toxuması və orqanizmin böyüməsi başa çatdıqdan, yəni 18 yaşdan sonra aparılmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır