Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
06.05.2024 15:23

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov “İdarəçi təbiblər” layihəsi çərçivəsində müsahibə verib.

 

Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla həmin müsahibəni oxuculara təqdim edir:

 

- Musa həkim, xoş gördük sizi!

 

İstəyirəm müsahibəmizə bir az keçmişdən başlayaq. Mərkəzi Neftçilər Xəstəxanası 1956-cı ildən, yəni təxminən 70 ilə yaxındır ki, fəaliyyət göstərir. Maraqlıdır ki, bu tibb ocağı həmişə fərqlənib, hər zaman ən yaxşı tibb ocaqlarından biri kimi tanınıb. Maraqlı həm də odur ki, siz özünüz də bu tibb ocağına uzunmüddətli rəhbərlik edən şəxslərdən birisiniz. Sizcə, bu xəstəxananı hər zaman fərqləndirən əsas cəhətlər hansılardır?

 

- Mərkəzi Neftçilər Xəstəxanasının ölkə səhiyyəsində həmişə xüsusi yeri olub. Adından da göründüyü kimi, yarandığı tarixdən  ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində çalışan neftçilərə ixtisaslaşmış tibbi xidmət göstərib. Yeganə xəstəxanadır ki, həm suda, həm quruda, həm də Xəzər adalarında tibbi xidmət göstərib. Yarandığı tarixdən indiyədək bu tibb müəssisəsinə rəhbərlik edən bir çox rəhbərlər olmuş, xəstəxananın adını və şöhrətini günümüzədək şərəflə daşıyıblar. Həmin estafeti bu gün bizə həvalə ediblər. Biz də ənənəyə sadiq qalmağa çalışırıq.

 

Tibb müəssisəsi hər dövrdə müxtəlif yeniliklərə imza atıb. Xronoloji olaraq sadalasaq çox vaxt alacaq, ancaq qeyd etmək istəyirəm ki, Mərkəzi Neftçilər Xəstəxanası ilk orqan transplantasiyası həyata keçirilən xəstəxana olub. Ölkədə kardiocərrahiyyə sahəsində xüsusi xidmətləri olub, invaziv kardiologiya tibb müəssisəsində xüsusilə çox inkişaf edib. Bir çox əməliyyatlar ilk dəfə endoskopik şəkildə, eləcə də baş-boyun cərrahiyyəsi sahəsində unikal əməliyyatlar icra olunub.

 

Mərkəzi Neftçilər Xəstəxanası səhiyyəmizdə ixtisaslı kadrların hazırlıqlarında böyük rol alıb. Həmin kadrlar hazırda respublikanın bir çox tibb müəssisələrinə rəhbərlik edir, həm də mütəxəssis kimi çalışırlar. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyasının şöbə rəisi Mircəlal Kazımi, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev və s. tibb müəssisəsində çalışan həkimlərdən olublar.

 

- İcbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaranması və yeni səhiyyə idarəetməsi modelinə keçiddən sonra Mərkəzi Neftçilər Xəstəxanasında hansı dəyişikliklər baş verib?

 

- İcbari tibbi sığortanın tətbiqi və TƏBİB-in yaradılması ölkəmizin səhiyyə sistemində müsbət mənada köklü bir dəyişiklik etdi. Bildiyiniz kimi, Mərkəzi Neftçilər Xəstəxanası TƏBİB-in strukturuna keçənədək təsərrüfat hesablı idi və xəstəxananın həm idarəolunmasında, həm maddi-texniki bazasının saxlanılmasında müəyyən çətinliklər mövcud idi. TƏBİB-in tabeliyinə daxil olduqdan sonra müəssisədə olan çətinliklər aradan qalxdı.

 

Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi insanların sağlamlığı ilə bağlı da həyatında çox böyük dönüş yaratdı. Bu gün icbari tibbi sığortanın mövcud olması ilə ölkənin hər bir nöqtəsində səhiyyə xidmətləri hər bir vətəndaş üçün əlçatandır. Bu missiyanı ləyaqətlə yerinə yetirən xəstəxanalardan biri də Mərkəzi Neftçilər Xəstəxanasıdır.

 

İcbari tibbi sığortanın tətbiqi ilə tibbi personalın əməkhaqqılarında artımlar oldu, ödənişlər vaxtlı-vaxtında icra edildi. Mərkəzləşmiş tibbi təchizatın olması bizi bir çox qayğılardan xilas etdi. Xəstəxanamızın texniki bazasının yenilənməsi, əsaslı təmir edilməsi icbari tibbi sığortanın, TƏBİB-in vasitəsilə həyata keçirildi.

 

- Mərkəzi Neftçilər Xəstəxanasının heyəti COVID-19, eləcə də Vətən müharibəsi dönəmində də aktiv fəaliyyət göstərirdi...

 

- Bəli, COVID-19 dönəmində tibb müəssisəsinin Reanimasiya şöbəsi böyük xidmətlər göstərdi. Tibb müəssisəsinin dəstəyilə Yeni Klinikanın da idarə edilməsi həyata keçirilirdi. Tibb müəssisəsinin kollektivinin dəstəyilə COVID-19 dönəmində hər iki xəstəxanada ümumilikdə 12 000 xəstəyə xidmət göstərilib. Bu, çox böyük bir fədakarlıq və peşəkarlıqdır.

 

Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə zəfər qazanmış ordumuzun 44 günlük haqq şavaşında Mərkəzi Neftçilər Xəstəxanası bəlkə də yeganə xəstəxana idi ki, ilk gün, ilk saatlar ərzində bütün cərrahi ixtisaslı həkimlər, alət, avadanlıq və tibbi sərflər daxil olmaqla Gəncəyə yola düşdü. Abbas Səhhət adına Xəstəxananın nəzdində tibbi baza quruldu və müxtəlif ixtisaslı 50-yə yaxın tibbi heyət fəaliyyətini orada davam etdirdi. Ən mürəkkəb cərrahi əməliyyatlar da daxil olmaqla yaralılara tibbi yardımlar göstərildi. Bu kollektiv 44 günlük Vətən müharibəsi dövründə təqribən 900 müxtəlif cərrahi əməliyyat icra etdi.

 

- Bu gün Mərkəzi Neftçilər Xəstəxanası ən çox müraciət edilən müəssisələrdən biridir. Hazırda müəssisənin fəaliyyət istiqamətləri hansılardır?

 

- Tibb müəssisəsi multidisiplinar xəstəxanadır, yəni çoxprofilli fəaliyyət növü var. Burada poliklinik xidmətlərdən tutmuş ən ağır əməliyyatlar icra olunur, eyni zamanda 24 reanimasiya yatağı fəaliyyət göstərir. Xəstəxanada daha çox cərrahi profillər üstünlük təşkil edir. Oftalmologiya, kardiocərrahiyyə, kardiologiya, ümumi cərrahiyyə, neyrocərrahiyyə, ginekoloji, qulaq-burun-boğaz, uroloji, ortopediya əməliyyatları müəssisənin aparıcı istiqamətlərindəndir.

 

- Gün və ya ay ərzində müəssisəyə nə qədər müraciət daxil olur?

 

- Müəssisəyə gün ərzində təqribən 700 - 1 000 nəfər müraciət edir və onlara təxminən 3 500 - 4 000-ə qədər tibbi xidmət göstərilir. Ay ərzində isə təxminən 20 000-ə yaxın vətəndaşa 120 000-dən çox tibbi xidmət göstərilir.

 

- Bəs vətəndaşların ən çox müraciət etdiyi xidmətlər hansılardır? Sözügedən sahələr üzrə aylıq statistik göstəricilər necədir?

 

- Əlbəttə, vətəndaşların ən çox müraciət etdiyi xidmətlər radioloji, laborator xidmətlər və cərrahi əməliyyatlardır. Ay ərzində vətəndaşlara təxminən 7 000-ə qədər radioloji, 53 000-ə qədər isə laborator xidmət göstərilir. Müəssisədə gün ərzində 35-40, ay ərzində isə 1 200-ə qədər cərrahi əməliyyat icra olunur.

 

Məlumat üçün bildirim ki, Mərkəzi Neftçilər Xəstəxanasında 2023-cü il ərzində 13 000 cərrahi əməliyyat icra olunub. Vətəndaşlara ümumilikdə 1 100 000 xidmət göstərilib. Qürur hissi ilə deyə bilərik ki, Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyəti dövrü ərzində bu rəqəm ilk dəfə qeydə alınıb.

 

- Uzman həkimlərin ən çox yer aldığı tibb müəssisələrindən biri də rəhbərlik etdiyiniz tibb ocağıdır. Ümumilikdə, neçə uzman həkim var? Onların fəaliyyət istiqamətləri hansılardır?

 

- Mərkəzi Neftçilər Xəstəxanasında 17 uzman həkim fəaliyyət göstərir. Onlardan 11-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində işə qəbul olunub. Uzman həkimlərin sahələri isə müxtəlifdir. Demək olar ki, əksər ixtisaslara sahib uzman həkimlərimiz var.

 

- Tibb müəssisəsində daha hansı yeniliklərin həyata keçirilməsi nəzərdə tutulur?

 

- Xəstəxanada TƏBİB-in və icbari tibbi sığortanın dəstəyilə ən müasir angioqrafiya cihazlarından biri qurulub. Tezlikdə onun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin qismən xidmət göstərən invaziv kardiologiyanın ən qısa müddətdə fəaliyyəti genişləndiriləcək. Müəssisədə uşaq kardiocərrahiyyəsinə də start veriləcək.

 

Tibb müəssisəsinin elektronlaşdırılması, növbə sisteminin onlayn qaydada qurulması, müasir tələblərə uyğun təmir və tikinti işlərinin aparılması da nəzərdə tutulub.

 

Xəstəxananın transplantasiya ilə bağlı lisenziyası mövcuddur. İşlər tamamlandıqdan sonra yenidən transplantasiya əməliyyatlarına start verilməsi də planlaşdırılıb.

 

 

ÇOX OXUNANLAR