Natiq Əliyev: “Hacıqabulda Regional Mikrobiologiya Mərkəzi qurulacaq”  
05.03.2024 12:00

TƏBİB-in “İdarəçi təbiblər” layihəsi çərçivəsində Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru, gənc həkim-infeksionist Natiq Əliyev rəhbərlik etdiyi tibb müəssisəsində görülən işlər, həyata keçirilən son yeniliklərlə bağlı sualları cavablandırıb.

 

Aztibb.az həmin müsahibəni oxuculara təqdim edir:

 

- Natiq bəy, TƏBİB-in tabeli tibb müəssisələrində çalışan ən gənc rəhbərlərdən birisiniz. Dörd aya yaxındır ki, direktor kimi fəaliyyət göstərirsiniz. Sözügedən müddət ərzində müəssisə ilə bağlı hansı dəyişikliklər, yeniliklər etmək mümkün olub?

 

- Ən gənc rəhbərlərdən biri olmağın məsuliyyəti də çoxdur. Hazırda etimadı doğrultmağım üçün var gücümlə çalışıram. Direktor kimi təyin olunduğum gündən etibarən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətinin yenidən qurulmasına start verilib. Tibb müəssisəsində həm inzibati idarəetmə, həm terapevtik və klinik fəaliyyətin yenidən qurulması, həm də regiona kadrların cəlbi istiqamətində işlər görülüb və bu proses davam etdirilir. Eyni zamanda, müəssisənin yerli kadrlarının istifadə və bacarıqlarının artırılması, yeni protokollara uyğunlaşdırılması məqsədilə də addımlar atılıb.

 

- Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında 1 ay ərzində nə qədər tibbi xidmət göstərilir?

 

- Mərkəzi xəstəxananın nəzdində Ailə Sağlamlıq Mərkəzi və 24 tibb məntəqəsi fəaliyyət göstərir. Hacıqabul rayonunda ən son göstəricilərə əsasən 75 mindən çox əhali yaşayır. Bütün məntəqələr üzrə 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində müraciət sayı 1 000-dən çox olurdusa, hazırda ay ərzində 10 000-dən çox vətəndaşa 25 000-dən çox tibbi xidmət göstərilir.

 

- Hazırda tibb müəssisəsinin heyəti neçə nəfərdən ibarətdir? Kadr çatışmazlığı problemi varmı, varsa, necə həll olunur?

 

- Tibb müəssisəsinin heyəti 379 nəfərdən ibarətdir. Onlardan 47-si həkimdir. Qeyd edim ki, sözügedən həkimlərin 21-i son 3 ay ərzində dəvət olunanlardır. Bu gün kadr çatışmazlığı problemi Hacıqabulda var. Bu istiqamətdə müxtəlif ixtisaslı həkimlərlə danışıqlar aparır, onları çalışmaq üçün dəvət edirik.

 

Fəaliyyətə yeni başlayan həkimlər arasında infeksionist, cərrah, onkoloq, pediatr, dermatoveneroloq, otolarinqoloq, təcili tibbi yardım üzrə həkimlər və s. var. Həqiqətən də, Hacıqabulda ixtisaslı tibbi xidmətə ehtiyac böyükdür. Bu səbəbdən də sözügedən istiqamətdə işlərə davam edəcəyik.

 

- Məlumdur ki,  çalışmaq istəyən həkimlər ilk olaraq paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərmək istəyirlər.

 

- Hazırda müxtəlif ixtisaslar üzrə kifayət qədər həkimlərimiz mövcuddur. Nəzərə almaq lazımdır ki, rayon əhalisinin tibbi xidmətə ehtiyacının qarşılanması üçün sözügedən ərazilərdə həkimlərə ehtiyac Bakıdan daha çoxdur. Hacıqabul Bakıdan 40-45 dəqiqəlik məsafədə yerləşir. Eyni zamanda müəssisədə çalışan əməkdaşların əməkhaqqıları da yüksəkdir. Tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən aylıq vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Müəssisədə çalışan əksər həkimlər maaşlarından əlavə olaraq 1 500-2 000 manat civarında bonus alırlar.

 

Ümumiyyətlə, rayonda insanların həkimlərə münasibəti bir qədər fərqlidir. Sözün hər iki mənasında həkimin nüfuzu, onun haqqında müsbət və ya mənfi rəylər daha sürətlə yayılır. Amma bir həqiqət var ki, əhali yaxşı həkimə inanır və hər zaman ondan xidmət almaqda maraqlı olur. Müəssisədə onkoloq, infeksionist, dermatonevroloq fəaliyyətə başladıqdan sonra müraciətlər daha da çoxalıb. Bugünkü gündə müəssisədə çalışan həkimlər əhali tərəfindən çox sevilir və onlara müraciət sayları da qənaətbəxş olur.

 

- Vətəndaşlar ən çox hansı tibbi xidmətləri almaq üçün müəssisəyə müraciət edirlər?

 

- Hazırda tibb müəssisəsinə müraciətlər ilkin səhiyyə xidməti üzrə olur. İlkin müayinələrdən sonra isə vətəndaşlar düzgün istiqamət üzrə yönləndirilir. Hacıqabulda heç vaxt otolarinqoloji əməliyyatlar həyata keçirilməmişdi. Hazırda isə sözügedən əməliyyat növü uğurla icra olunur. Ümumi cərrahiyyə və bəzi ginekoloji əməliyyatların keçirilməsi də artıq müəssisədə mümkündür. Yaxın gələcəkdə cərrahiyyə üzrə sayları artırmaq nəzərdə tutulub.

 

Hacıqabul əhalisi ilə vaxtaşırı görüşlər keçiririk və onların ehtiyaclarını öyrənərək xidmətləri aktivləşdirməyə çalışırıq. Rayonda son 10 il ərzində şüa-diaqnostika fəaliyyət göstərməyib. Artıq bu istiqamətdə işlərə start verilib və müəssisədə USM, rentgen üzrə mütəxəssislər fəaliyyətə başlayıb və əhaliyə xidmət göstərirlər. Yaxın gələcəkdə müəssisədə KT və MRT fəaliyyətinin də təmin olunması nəzərdə tutulub.

 

Tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinin də fəaliyyəti intensivləşib. Bölməyə 2023-cü ilin sentyabr, oktyabr ayları ərzində ay ərzində müraciət sayı 100-200 olurdusa, hazırda ay ərzində müraciət sayı 2 000-ə yaxın, bəzən isə 2 000-dən artıq olur. Hacıqabul magistral yolda olduğu üçün travmalar səbəbilə müraciətlər qeydə alınır. Eyni zamanda respirator infeksiyalarla bağlı da müraciətlər daxil olur. Təcili tibbi yardımın işinin intensivləşməsi üçün xüsusi briqadalar yaradılıb. Daxil olan müraciətlər məntəqələrə ötürülür və məntəqə əməkdaşları tərəfindən vətəndaşlara xidmət göstərilir. Ağır vəziyyətdə olan şəxslərə isə təcili tibbi yardım briqadaları yönləndirilir.

 

Əlavə edim ki, vətəndaşlar üçün müəssisədə anket sorğuları qutuları yaradılıb. İndiyədək 186 müraciət daxil olub. Onlardan 16-si növbə və s. xidmətlərlə bağlı şikayətlər, digərlərinin hər biri isə təşəkkür məktubları olub.

 

- Tibb müəssisəsində başqa hansı yeniliklərin edilməsi nəzərdə tutulub?

 

- Hazırda Reanimasiya, Cərrahiyyə şöbələri və Əməliyyat blokunun təmiri davam etdirilir. Həmçinin Pediatriya şöbəsinin yaradılması istiqamətində də işlər görürük. Poliklinika şöbəsində 6 pediatr, əlavə olaraq Təcili tibbi yardım bölməsində də pediatrik baxış üçün 2 pediatr fəaliyyət göstərir.

 

Yaxın günlər ərzində Hacıqabul Regional Mikrobiologiya Mərkəzinin qurulması nəzərdə tutulub. Mərkəzdə Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Şirvan əhalisi üçün zəruri tibbi xidmətlərin göstərilməsi mümkün olacaq. Hazırda sözügedən istiqamətdə danışıqlar aparılıb. Tikinti və digər işlərin icrası üçün proses davam etdirilir.

 

- İxtisasca infeksionistsiniz. Son olaraq mövsümü respirator virus infeksiyalarından müdafiə barədə nələri deyə bilərsiniz?

 

- Valideynlərin peyvəndlərdən qaçması xoşagəlməz hallara səbəb ola bilir. Viruslara qarşı mübarizədə peyvənd uzun illərdir sınanmış vasitədir. Onlar xüsusi texnologiya ilə hazırlanır və xəstəliklərə qarşı orqanizmdə immunitet yaradırlar. Peyvəndlənmə vacibdir. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə mütəmadi olaraq peyvəndlərlə bağlı əhalini maarifləndiririk. Məntəqələrdə də maarifləndirmə işləri üçün valideynlərlə görüşlər keçirilir. Peyvənd aksiyası çərçivəsində bir müddət əvvəl gün ərzində nəzərdə tutulan peyvəndlərin hamısı - 150 peyvənd istifadə edildi. Bu səbəbdən bir gün də ayrıldı və yenidən 88 nəfərə də peyvəndlər vuruldu. Valideynlər peyvəndlərlə bağlı suallarını pediatrlara ünvanlaya və cavab ala bilərlər. Onlar əmin olmalıdırlar ki, peyvəndlərin vurulması sağlamlıq üçün mütləqdir. Tibb müəssisəsi olaraq sözügedən istiqamətdə tədbirləri davam etdirəcəyik.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir