"Şəhid həkimlər” kitabının təqdimatı olub
08.11.2023 14:29

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Səhiyyə nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilaçılığı ilə Vətən müharibəsində şəhid olmuş həkimlərin xatirəsinə həsr edilmiş “Şəhid həkimlər” kitabının təqdimat mərasimi keçirilib.

 

Bu məlumat Aztibb.az-a universitetdən verilib.

 

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirin moderatoru, “Murov qartalı” – şəhid polkovnik Raquf Orucovun ömür-gün yoldaşı Sevinc Alızadə giriş nitqi ilə çıxış edərək Zəfər Günü ərəfəsində qürurverici anlar yaşadığımızı vurğulayıb. Bildirib ki, bu günə məşəqqətli yollarla gəldik, amma heç bir zaman usanmadıq, sınmadıq, Azərbaycançılıq məfkurəsindən vaz keçmədik, qələbəyə inamımızı itirmədik: “Bu gün tibb sahəsində böyük uğurlara imza atan ali təhsil ocağına bir zamanlar sizlərin sırasında əyləşən, təhsil alan və sonra “Vətən məni çağırır!” – deyərək döyüşlərə atılan, hərbçilərimizin sağlamlığı keşiyində dayanan qəhrəman şəhid həkimlərimizdən danışmağa gəlmişik. İndi həmin qəhrəmanların ailə üzvləri təbirimizdə iştirak edir və onların hüzurunda ehtiramla baş əyirik. Vətənə belə oğullar bəxş etdiyiniz üçün hər birinizin əlindən öpürük, əziz analarımız, atalarımız. Zəfər öncəsi yazıçı-publisist Ramilə Qurbanlının şəhid həkimlərimizin ailə üzvlərinin xatirələrindən ibarət kitabı ilə görüşünüzə gəlməyi qərara aldıq”. 

 

Daha sonra univeristetin rektoru, professor Gəray Gəraybəyli Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Üç ildir ki, xüsusi rəmzi olan Zəfər bayramını böyük qürurla qeyd edirik. Zəfər Gününün iki əsas xüsusiyyəti var. Birincisi tarixi, ikincisi isə insani-emosional xüsusiyyətdir. Tarixi xüsusiyyəti ondan ibarətdir ki, ölkə rəhbəri, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında hərbi parad keçiriləcəyini eşidəndə daha böyük qürur hissi yaşadıq. Onu da qeyd etmək lazımdır ki, bu böyük və çətin qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu bayramın insani-emosional xüsusiyyəti isə odur ki, biri-birimizi təbrik edərkən sevinc və kədər hissini birgə yaşayırıq. Bu qələbə, bu zəfər müqəddəs şəhidlərimizin, qanı və canı, qazilərimizin sağlamlığı bahasına qazanılıb. Ona görə də bu günü qeyd edərkən ürəyimiz şəhidlərimizə minnətdarlıq hissi ilə dolur”.

 

Azərbaycan Tibb Universitetinin məzunları olaraq şəhadətə yüksələn həkimlərimizə həsr olunmuş kitabın müəllifinə, zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirən rektor, bu kitabın gənclərimz üçün bir örnək olacağına əminliyini ifadə edib. 

 

Təqdimat iştirakçılarını öz adından və Səhiyyə nazirliyinin adından salamlayan Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov qeyd edib ki,  Zəfər Günü bayramı xalqımızın müasir tarixində misli görünməmiş bir qələbənin nəticəsidir: “Bu qələbəyə qədər Birinci Qarabağ müharibəsi də daxil olmaqla uzun bir yol keçmişik. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı nəticəsində tarixi ədalət bərpa olundu. Xalqımız bu yolu keçərkən böyük çətinliklərlə üzləşib, itkilər verib. Bizim qələbəmizi yaxınlaşdıran insanlar ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, müxtəlif peşə sahibləri öz canlarını qurban veriblər ki, ölkəmiz bu günü yaşaya bilsin. Bu peşə sahiblərinin içərisində tibb işçiləri də xüsusi fədakarlıq göstəriblər. Əslində həkimlik humanist, insanın sağlamlığı üçün, onu ayaqda saxlamaq üçün bir peşədir. Ona görə də həkimlərin cəmiyyətdə yeri və rolu həmişə yüksək tutulur. Müharibə zamanı tibb işçilərinin rolu daha da artıq olur. Çünki onlar təkcə ilk yardım göstərmir, yaralıları döyüş ərazisindən uzaqlaşdırıb təxliyə etmir, həmçinin əsgər və zabiti yenidən orduya qaytarır ki, qarşıya qoyulmuş məqsədə çatmaq mümkün olsun”. 

 

Şəhidlərimiz haqqında xatirələrin kitab formasında nəşr olunması sayəsində əbədiləşərək gələcək nəsilə ötürülməsinin əhəmiyyətini vurğulayan nazir müavini kitabın müəllifinə təşəkkürünü bildirib.

 

Əslində ən böyük sözü kitabda barələrində yazdığı qəhrəmanların dediyini, ən böyük əsəri onların valideynlərinin yaratdığını vurğulayan kitabın müəllifi, yazııçı-publisist Ramilə Qurbanlı auditoriyadakı gənclərin şəhid həkimlərin xatirəsini həmişə əziz tutacağına, kabinetlərində onların portretlərini asacaqlarına inandığını söyləyib.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, şəhid həkim Adil Əfəndiyevin anası Afət xanım, ATU-nun Hərbi tibb fakültəsinin dekanı, polkovnik Çingiz Əlləzov, şəhid həkim Şöhrət Qasımovun anası Mehparə xanım, şəhid həkim Aqşin Ənvərlinin anası Dilruba xanım və şəhid həkim Azər Şəmilovun oğlu, İqtisadiyyat Universitetinin tələbəsi Fədayət Şəmilov da öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər. Bildiriblər ki, bu gün ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. O torpaqlarda dalğalanan bayrağımız, tarixi Zəfərimiz bu günləri görməyən oğullarımızın ruhunu şad edən səbəblərdir.  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib