Azərbaycan Tibb Universitetində Bilik Günü qeyd olunub
15.09.2023 15:03

Ölkəmizdə yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik Günü təntənəli şəkildə qeyd olunub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan mərasimdə universitetin rektoru, professor Gəray Gəraybəyli ATU ailəsinə yeni qədəm qoyan tələbələri təbrik edib və onlara təhsil müddətində uğurlar arzulayıb.

 

Rektor diqqətə çatdırıb ki, qeyd etdiyimiz bu Bilik Günü Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə təsadüf edir və bu hadisə ali məktəblərə qəbul olunanların xatirəsində dərin izlər buraxacaq.

 

Professor G.Gəraybəyli Ulu Öndərin ölkəmizdə səhiyyənin inkişafı naminə keyfiyyətli tibb təhsili üçün lazımi şərait yaradılmasına xüsusi diqqət yetirdiyini bildirib: “Məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində ATU-da yeni tədris binaları istifadəyə verilib, universitet klinikaları yaradılıb, həmçinin milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb. Bizim bu gün qarşısında toplantı keçirdiyimiz bu möhtəşəm tədris binası da məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində tikilib, ərsəyə gəlib”.

 

Bilik Gününün ölkəmizdə qeyd olunmasının əsasının da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan rektor əlavə edib ki, bu müqəddəs ənənə elmi biliklərə, təhsilə, səhiyyəyə göstərilən dövlət qayğısı sayəsində ildən-ilə daha da möhkəmlənib. O, universitetimizdə hər bir tələbəyə xüsusi qayğı ilə yanaşıldığını, müəllimlər və tələbələr arasında səmimi münasibətin mövcud olduğunu diqqətə çatdırıb.

 

Professor G.Gəraybəyli respublikamızın ali məktəblərinə yüksək balla daxil olan tələbələrin sayına görə ATU-nun yenə ön mövqedə qərarlaşmasını universitetin yüksək nüfuzunun göstəricisi kimi dəyərləndirib. O bütün sahələrdə olduğu kimi, səhiyyə və təhsildə əldə edilən nailiyyətlərin də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb.

 

Daha sonra Əczaçılıq toksikologiyası və kimyası kafedrasının müdiri, professor Eldar Qarayev çıxış edərək yeni tədris ilində həm müəllimlərə, həm də tələbələrə uğurlar arzulayıb. Qeyd edib ki, həkimlik çətin, eyni zamanda çox vacib və şərəfli bir peşədir: “Fərəhləndirici haldır ki, tibb sahəsi bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də daim inkişafdadır. Sizə tövsiyə edirəm ki, yaxşı oxumaqla yanaşı, universitetin sosial həyatında da fəal iştirak edəsiniz, tələbə təşkilatlarının işinə töhfə verəsiniz. Bu təşkilatlar asudə vaxtınızın səmərəli keçməsi üçün faydalı olacaq, eləcə də seminarların, konfransların təşkili həyatınızda böyük rol oynayacaq”.

 

Toplantıda valideynlər adından danışan Vüqar Məmmədov övladının ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmasından sevinc hissi keçirdiyini bildirib. O, yeni dərs ilə münasibətilə ATU-nun rəhbərliyinə və kollektivinə uğurlar arzulayıb, tələbələri və onların valideynlərini təbrik edib.

 

I Müalicə-profilaktika fakültəsinə yüksək balla qəbul olunan I kurs tələbəsi İsmayıl Əzimli bütün tələbə yoldaşlarını təbrik edərək, gələcəkdə həkim adını ləyaqətlə doğruldacaqlarına və bu müqəddəs peşəyə dərindən yiyələnəcəklərinə söz verib.

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub