Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman məzunlarımızın əziz xatirəsini daim ehtiramla yad edir, onların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verir.
Universitetdən Aztibb.az-a bildirilib ki, bu çərçivədə ATU-nun Hərbi tibb fakültəsinin rəhbərliyi və şəxsi heyəti Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda şücaət göstərərək şəhadət zirvəsinə ucalan məzun şəhidlərimiz tibb xidməti baş leytenantı Qasımov Şöhrət Şakir oğlunun və gizir Abdullayev Eldar Firidun oğlunun məzarları önünə əklil və güllər qoyulub, onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Ziyarət çərçivəsində fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev şəhid ailəsi ilə görüşüb. Görüş zamanı polkovnik Məharət Rzayev şəhidlərimizin şərəfli döyüş yolundan, Vətən qarşısındakı misilsiz xidmətlərindən və göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edib, bu igidlik salnaməsinin şəhidin övladlarına çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, hərbi tibb mütəxəssislərinin Vətən uğrunda göstərdikləri fədakarlıq, peşə borcuna sədaqət və qəhrəmanlıq Azərbaycan Tibb Universitetində yetişən hər bir gənc zabit və kursant üçün əsl vətənpərvərlik örnəyidir. ATU öz məzunlarının şərəfli irsi ilə qürur duyur, şəhidlərimizin xatirəsinin yaşadılmasını və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə ötürülməsini mühüm mənəvi vəzifə hesab edir.
Şəhid ailəsinin üzvləri göstərilən diqqətə, qayğıya və ehtirama görə universitetin rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Tibb Universiteti olaraq, Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların qəhrəmanlığını daim uca tuturuq. Şəhidlərimizin şərəfli yolu xalqımızın yaddaşında əbədi yaşayacaq!

