"Bel ağrıları zamanı düzgün diaqnozun qoyulmasında şikayətlərin müddəti önəmli faktorlardandır" - Nevroloq 
04.09.2023 11:17

Müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir. Belə ki, artıq bəzi işlər onlayn şəkildə həll edilir, ictimai nəqliyyat əlçatandır, insanlar həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirirlər. Əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşaiyət olunan xəstəliklər xeyli cavanlaşıb. Bunun səbəbi ilk növbədə dayaq-hərəkət sistemində biomexanik pozuntuları, degenerativ dəyişikliklərin geniş yayılmasını, orqanizmdə durğunluğu hesab etmək olar.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova bel ağrıları ilə bağlı suallarımızı cavablandırarkən deyib.

 

- Mərziyyə xanım, ilk öncə bilmək istərdik ki, bel ağrılarının yaranma səbəbləri nədir?


- Təcrübəmdə hər ikinci pasiyent bel ağrısı ilə müraciət edir. Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir. Onu da qeyd edim ki, əksər pasiyentlər qadınlardır. Bunun səbəbini araşdırarkən əksəriyyəti ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər.


Düzdür, hamiləlik və analıq qadının orqanizmdə xüsusi dəyişikliklərə səbəb olur. Belə ki, hormonal fon dəyişir, əzələ-dayaq aparatına yük düşür, avitaminoz və digər problemlər ortaya çıxarır. Lakin bunlar hamısı zəif olan orqanizmin əlamətləridir ki, sonradan hamiləlik zamanı bu problemlərin daha da kəskinləşməsinə gətirib çıxır.


Bel ağrıları zamanı düzgün diaqnozun qoyulmasında şikayətlərin müddəti önəmli faktorlardandır. Onlar müddətdən asılı olaraq kəskin və xronik ağrılara bölünür. Qızıl standart olaraq 12 həftə götürülür. Belə ki, 4-12 həftəyədək olan müddətdə ağrılar kəskin/yarımkəskin kimi, 12 həftədən çox olan ağrılar isə xronik kimi qiymətləndirilir.


Bel ağrıları beynəlxalq təsnifata görə, spesifik və qeyri spesifik bel ağrılarına səbəbi bəlli olan onurğa sınıqları, anomaliyaları, törəmələri, sinir/kökcük/onurğa beyin sıxılmaları və s. aiddir.


Qeyri-spesifik bel ağrılarına onurğa əyrilikləri, əzələ ağrıları və s. şamil olunur. Eyni zamanda, qeyri spesifik bel ağrıları mexanik (lumbaqo) və qeyri-mexanik ağrıya (mərkəzi sensitivlik sindromları, psixoloji problemlər və s.) bölünür.

 

- Bel ağrıları zamanı nə etmək lazımdır?

 

- Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir. İlk növbədə, nevroloji müayinə aparılır və pasiyentə əyani baxış keçirilir. Bu zaman onun yerişi, hərəkətlərinin həcmi, əzələ gücü, tonusu, ağrı dərəcəsi, fizioloji və patoloji refleksləri və hissiyatı yoxlanılır.


Bundan sonra lokal olaraq zədələnmə səviyyəsi və instrumental diaqnostik müayinə metodu seçilir. Lakin praktikada əksər hallarda bel ağrısı olan kimi pasiyentlərin həkim məsləhəti olmadan rentgen, maqnit rezonans və kompyuter tomoqrafiya müayinəsindən keçməsinin şahidi oluruq. Nəticədə müayinə lazımsız yerə aparılır.


Bəzən isə təsadüfən tapılan və nevroloji təzahür verməyən yüngül protruziyalar zamanı pasiyentlər bütün şikayətlərinin səbəbini neyrogörüntüləmə müayinəsinin cavabında görürlər. Halbuki, nevroloji təzahürü olmayan, şikayət verməyən təsadüfi tapıntılar (insidentalomalar) müalicə tələb etmir.


Neyrogörüntüləmə ilə yanaşı, diaqnozun dəqiqləşməsi üçün EMQ (Elektromioqrafiya) müayinəsi də aparıla bilər. Bu zaman sinir-əzələ sisteminin obyektiv qiymətləndirilməsi aparılır.

 

- Bel ağrıları necə müalicə olunur?

 

- Bəzən kəskin və yarımkəskin ağrı sindromlu pasiyentlər bir neçə gün ərzində, hətta müalicəsiz də sağala bilərlər. Bunu nəzərə alaraq, onlara əsasən qeyri-farmakoloji müalicə təklif olunur. Belə ki, buraya isidici prosedurlar, massaj, iynəbatırma (akupunktura) və ya manual/osteopatik terapiya və s. aiddir.


Lakin dərman müalicəsinə üstünlük verən pasiyentlərə qeyri-steroid iltihab əleyhinə və ya miorelaksant preparatlar təklif oluna bilər.


Xroniki bel ağrılarından əziyyət çəkən xəstələrə, ilk olaraq müalicəvi idman, yoqa, multidissiplinar reabilitasiya, akupunktura, stresin idarə edilməsi metodları, koqnitiv-davranış terapiyası və sağlam həyat tərzi tövsiyə olunur. Eləcə də ona sağlam qidalanma, konfliktlərin idarə edilməsi və əmək şəraitinin sağlamlaşdırılması da aiddir.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir