"Ürək çatışmazlığını göstərən əsas müayinə metodu exokardioqrafiyadır" - Günay Məmmədova  
10.08.2023 12:37

Ürək çatışmazlığı ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluqdur. Ürək çatışmazlığı ürəyin müxtəlif səbəblərdən dolayı öz funksiyasını çatdırmamasıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədova məlumat verib.

 

Ürəyin funksiyasından bəhs edən kardioloq bunun qanı pompalamaq və qanı orqanlara ötürmək olduğunu bildirib: "Əgər ürəyin gücü normaldırsa, yəni 55-60% arasıdırsa, o zaman bütün orqanlar qanı normal şəkildə alır. Lakin yığılma zəifdirsə, ayaqlarda ödemlər, gecələr yatdıqda boğularaq oyanmalar, adi fiziki hərəkətdə təngnəfəslik, tez yorulma, yuxulama, qarında köp, qaz toplanma, bir az yemək yeyən kimi ürəkdöyünmənin artması müşahidə ediləcəkdir.
Bu pasiyentləri həkimə gətirən ən böyük səbəb ilk olaraq yorğunluqdur. Pasiyent əvvəl rahatlıqla gördüyü işin öhdəsindən belə gələ bilmir. Məsələn, səhər oyananda yatağı yığışdırması pasiyentə ağır bir fiziki yük kimi görünür və bir müddət sonra heç bir işin öhdəsindən gələ bilmir".

 

Onun sözlərinə görə, ürək çatışmazlığının simptomları ilkin mərhələdə yalnız fiziki yüklənmələr zamanı meydana çıxır. Təngnəfəslik yaranır – tənəffüs tezləşir və dərin olur, yəni iş və ya fiziki hərəkətin ağırlığına müvafiq olmur. Ağciyər damarlarında təzyiq qalxarsa, xəstəni öskürək, bəzən isə qanlı öskürək narahat edə bilər.

 

G.Məmmədova qeyd edib ki, fiziki yüklənmə, çoxlu qida qəbulu zamanı və uzanılı vəziyyətdə ürək döyünməsi şiddətlənir. Xəstə izafi yorğunluq və zəiflikdən şikayət edir. Tədricən bu simptomlar güclənir, təkcə fiziki iş zamanı deyil, sakit vəziyyətdə də xəstəni narahat etməyə başlayır. Ürək çatışmazlığı olan pasiyentlərdə sidik miqdarının azalması müşahidə edilir, onlar ayaqyoluna daha çox gecələr gedirlər. Axşamlar ayaqlarda şişlər yaranır, əvvəlcə pəncədə, sonra daha yuxarı nahiyələrdə. Pəncənin, biləklərin dərisi, burnun ucu göyümtül rəng alır.

 

"Əgər ürək çatışmazlığı qaraciyər damarlarında qanın durğunluğu ilə müşayiət edilərsə, sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrılar əmələ gəlir. Tədricən ürək çatışmazlığı baş beyin qan dövranının pozulmasına gətirib çıxarır. Xəstə əsəbi olur, əqli əmək zamanı tez yorulur, depressiyaya düşmə halları qeydə alınır. O, gecələr pis yatır, gündüzlər isə daim yuxulu olur. Əgər vaxtında müalicə aparılmazsa, ürək çatışmazlığı daha ağır fəsadlara yol açır, xəstənin vəziyyəti pisləşir. Kifayət qədər qida maddələri və oksigen almadığından, tədricən bütün orqanların işi pozulur. Bu isə əlillik və ölümlə nəticələnə bilər", - deyə həkim bildirib.

 

Kardioloq əlavə edib ki, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər terapevtin və kardioloqun qeydiyyatında olmalı, müntəzəm şəkildə müayinəyə gəlməli, vaxtaşırı stasionar müalicə keçməlidirlər. Ürək çatışmazlığını “exokardioqrafiya” göstərir. İlkin olaraq mütləq həkimə getmək lazımdır. Nədənsə, düşünürük ki, kardioqrammamız normaldırsa, demək ki, ürəyimiz sağlamdır. Amma belə deyil. Kardioqramma ürək haqqında cəmi 15% informasiya verir. Daha çox keçirilmiş infarktı göstərir, kəskin infarktı göstərir:

 

"Ürək çatışmazlığını əsas göstərən müayinə metodu “exokardioqrafiya”dır. Burada ürəyin qapaqlarına baxılır, ürəyin əzələsinə, damarların tutulu olub-olmadığına baxılır və ondan sonra ondan irəli gələn müayinələr həyata keçirilir".



 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev