Gigiyenik qaydalara ciddi şəkildə riayət olunması ümumi qələbəmizə ən böyük töhfə ola bilər
14.10.2020 13:56

Hazırda ölkəmiz iki cəbhədə mübarizə aparır. Onun biri Qarabağ uğrunda savaşdırsa, digəri ilin əvvəllərindən bəri bütün dünyanın mübarizə apardığı yeni növ koronavirus (COVID-19) infeksiyasıdır. Mübarizənin biri müqəddəs Vətən torpağı, digəri isə can sağlamlığı uğrundadır. Lakin hər şeydən çox sevdiyimiz canımızı Vətən uğrunda fəda etməkdən çəkinmiriksə, onda doğma Qarabağın yağı düşməndən təmizlənməsi uğrunda aparılan savaş öndə dayanır.

 

Bu barədə AZƏRTAC-a müsahibəsində “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva bildirib. O, qeyd edib ki, iki mübarizənin eyni vaxtda getməsinə baxmayaraq, koronavirus təhlükəsini unutmamalıyıq: “Vətən də, can da şirindir. Lakin bu bir həqiqətdir ki, çox sevdiyimiz Vətəni qorumaq üçün sağlam cana sahib olmaq lazımdır. Bu gün haqq savaşında uzun illərdən bəri əsarət altında olan ərazilərin geri qaytarılması, xalqımızın öz tarixi torpaqlarına qovuşması bizi nə qədər sevindirirsə, COVID-19-la mübarizənin səngiməsi o qədər narahatlıq doğurur. Son günlər infeksiyaya yoluxanların gündəlik sayının 200-ü aşması, sağalanlarla yoluxanların dinamikasındakı fərq bu narahatlığı daha da gücləndirir. Aydındır ki, sentyabrın 27-dən bəri hamının diqqəti taleyüklü məsələnin həllinə yönəldilib, ölkəmizdə uşaqdan böyüyə hər kəsin ürəyi Qarabağla döyünür. Bu, əlbəttə ki, başadüşüləndir. Ancaq bu, neçə aylardan bəri dünyada çox böyük insan tələfatına, iqtisadi itkilərə səbəb olan koronavirusla mübarizədə qolumuzu yanımıza salmağa əsas vermir. Qafqazda bizimlə qonşu olan ölkələrdə yoluxma çox yüksək həddədir. Bu, ölkəmizin hər bir sakinini bəşəri təhlükə ilə mübarizəyə daha çox səfərbər etməlidir. Məsələ burasındadır ki, yoluxmanın artması həkim qıtlığına, xəstəxanalarda çarpayı çatışmazlığına səbəb ola bilər. Azərbaycan tarixinin yeni səhifələri yazılan bugünkü günlərdə döyüş meydanlarında yaralanan əsgərlərə tibbi yardım göstərilməsi üçün koronavirus cəbhəsində belə yüksək yoluxma hallarına yol verilməməlidir. Savaşın getməsi, xalqımızın müqəddəs və tarixi torpaqlarına qovuşmaq arzusu pandemiya ilə mübarizə cəbhəsinin öz aktuallığını itirməsinə səbəb olmamalıdır. Koronavirusla mübarizə nəinki bitməyib, bəlkə də indi əvvəlkindən daha çox diqqət və məsuliyyət tələb edir. Fəsil dəyişikliyi, bir sıra ölkələrdə xəstəliyin yeni dalğasının vüsət alması da bunu təsdiq edir”.

 

İctimai Birliyin sədri daha sonra deyib: “Küçədə və yolda, nəqliyyat vasitələrində, alış-veriş məkanlarında əvvəlkindən də diqqətli olmalı, infeksiyaya yoluxmanın yenidən genişlənməsi üçün münbit şərait yaratmamalıyıq. Payız-qış mövsümü qrip və digər respirator xəstəliklərdə artımın müşahidə olunduğu dövr olduğuna görə hər addımda yüksək vətəndaş məsuliyyəti, ayıq-sayıq olmaq tələb olunur. Bəzən kiçik bir qığılcım böyük bir tonqala, alova çevrilir. Virus infeksiyası ilə mübarizə də belədir. Bir-iki nəfərin məsuliyyətsiz davranışı, sayıqlığını itirməsi, onlarla, bəlkə də daha çox sağlam adamın həyatını risk altında qoya bilər. Bizdən tələb olunan nədir? Hər kəs öz evində, yaşadığı məhəllədə, iş yerində, onu əhatə edən dairədə tələb olunan qaydalara əməl olunması üçün ciddi təbliğat aparmalı və özü də bu sahədə onlara nümunə olmalıdır. Nə qədər çox deyilsə də, yenə də təkrarlamağa və virus həyatımızdan çəkilib gedənə qədər də xatırlatmağa ehtiyac var. Necə deyərlər, təkrar biliyin anasıdır. Gigiyena qaydalarına əməl edilməsi, kütləvi toplanma yerlərində maska taxılması, antiseptik və dezinfeksiya məhsullarından lazımi qədər istifadə olunması və sosial məsafənin saxlanılması başlıca və zəruri tələb olaraq qalır. Həmin qaydalara ciddi şəkildə riayət olunması ümumi qələbəmizə ən böyük töhfə ola bilər. Ona görə də ayıq-sayıq olmaq, vətəndaş məsuliyyəti nümayiş etdirmək zamanıdır. Yalnız belə olan təqdirdə sabaha nikbinliklə baxmaq, illərdən bəri sinəmizdə qövr edən arzuların həyata keçməsinə böyük ümidlər bəsləmək olar. Böyük arzulara yetişmək üçün hər çətinliyə dözməyə dəyər”.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib