Zərif ruhun güclü təcəssümü - Elmi məqalə
02.05.2023 11:55

Bir xalq haqqında tam təsəvvür əldə eləmək üçün onun Qadınını tanımaq lazımdır. Çünki hər qadın öz dövrünün, mü­hitinin simasıdır. Bir qadının kimliyini tanımaq üçün isə onun ağlına və mənəvi gücünə baxmaq kifayət edir. Azərbaycan qadını tarixdə ağlı, təmkini, cəsarəti, gözəlliyi və xeyirxahlığı ilə ad qazanıb. Bu keyfiyyətlər qədim dastanlardan tutmuş bu günə qədər dönə-dönə təsdiqləndiyinə görə, böyük bir qətiyyətlə iddia etmək olar ki, onlar zamanın tələbi ilə, məcburiyyətdən doğulmur, Azərbaycan qadının mahiyyətinin əsl təzahürüdür. XX əsrin görkəmli alimlərindən biri, öz sahəsində böyük yeniliklərə imza atmış, eyni zamanda, zəriflik mücəssəməsi olan akademik Zərifə xanım Əliyeva da bu adı ən ali səviyyədə, tam mənası isə doğruldan bir şəxsiyyət olmuşdur.

 

Zərifə xanım Əliyevanın doğulduğu ailə ziyalı olmaqla yanaşı, həm də mübariz olub, öz arzusuna doğru cəsarətlə getməyi bacarıb. Bunu onun atası, görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Əliyevin həyat yolunda, bütün çətinliklərə baxmayaraq öz xalqına, Vətəninə layiqli xidmətində görmək mümkündür. Təbii ki, bu ruh övlada da sirayət edib. Zərifə xanım bir alim, şəxsiyyət kimi nə qədər böyük əzmə malik idisə, onun bir o qədər də yüksək və zərif bir mənəviyyatı vardı. Tarixi həqiqətə görə, Şərqdə qadın ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində səs və söz hüququ qazanıb. Məsələyə daha geniş spektrdə baxanda belə məlum olur ki, əslində, bu, şəraitə baxmayaraq öz üzərində işləyən, təhsil alan, savadlanan, ictimai vəziyyəti düzgün dəyərləndirməyi bacaran, hətta bu istiqamətdə müəyyən işlər görən qadınların hüquqlarının tanınması, inkişaf yollarının süni maneələrdən təmizlənməsi, gənc respublikanın quruculuğunda  onların da xidmətindən istifadə edilməsi idi. Başqa sözlə desək, Azərbaycan qadını hər zaman düşünməyi və düşündürməyi, öz şəxsiyyətinə hörməti qorumaqla yanaşı, sözünü ən yüksək kürsüdən deməyi bacarıb. Buna Zərifə Əliyevanın nümunəsində bir daha şahid oluruq. O, öz sahəsinin bacarıqlı və novator mütəxəssisi olmaqla yanaşı, həm də ictimai xadim idi, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü idi, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdı. Ulu öndər Heydər Əliyev Zərifə xanımı belə təqdim edir: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi”. Onu da vurğulayaq ki, Zərifə xanımın yüksək insani keyfiyyətlərindən yalnız ailəsi deyil, onun aid olduğu hər cəmiyyət, kollektiv faydalanırdı. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, Dövlət mükafatı laureatı  M. M. Krasnov yazır: “Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: o həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!”.

 

Zərifə xanım Əliyeva seçdiyi peşədə öz izini qoymuş, sözünü deyə bilmiş alim və həkim idi. Onun yazdığı monoqrafiyalar və məqalələr bu gün də aktualdır və oftalmoloqların stolüstü kitabıdır. Onu da vurğulayaq ki, bu, sadə bir elm yolu deyildi. Akademik Krasnovun yazıdğına görə, “məktəb yaradan”, “tibb elminin, necə deyərlər, “xam sahələrinə” müraciət edən Zərifə xanım Əliyeva öz sahəsində ən cəsarətli, yeni addımlar atmaqdan çəkinmirdi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın, yaxud “sosial oftalmologiya”nın təməlini yaratmışdı.  “İridodiaqnostika”, “Göz yaşının axmasının cərrahi müalicəsinin müasir üsulları”, “Göz yaşı yollarının qoruyucu cərrahiyə üsulları” və daha neçə fundamental tədqiqatı onun elmi cəsarətinin göstəricisi idi. Həmkarlarının yazdığına görə, Zərifə xanım Əliyeva hər işinə yüksək diqqətlə və məsuliyyətlə yanaşırdı. Əhəmiyyətli bir məqamdır ki, o, hətta xəstə olanda da elmi tədqiqatını davam etdirirmiş. Tibb elmləri doktoru, professor Z.M. Skripniçenko yazır: “Beləcə, mənim üçün olduqca əziz və doğma olan Zərifə xanımın sonuncu xahişini – birgə başladığımız kitabı yazıb qurtarmağı vəzifə borcu hesab edirəm. Çünki onun zəhməti özündən sonra da işıq üzü görməli, onun fikirləri mütəxəssislərə gedib çatmalıdır”. “Görmə orqanının peşə patalogiyası” adlı həmin kitab 1988-ci ildə işıq gördü və həmkarının dediyi kimi, Zərifə xanımın əməyinin, şəxsiyyətinin nuru parlamaqda davam etdi.

 

Düşüncə tarixini tədqiq edəndə və Azərbaycanı bu kontekstdə nəzərdən keçirəndə qadının cəmiyyətdə hansı yer tutduğu, necə bir rol oynadığını daha aydın görüb, müqayisə etmək mümkündür. Məsələn, məlum olduğuna görə, Avropada XX əsrə qədər nə ciddi ideyalarda qa­dın, nə də qadında ciddi ideya qəbul edilməmişdir. Öz varlığını, düşüncəsinin ciddiliyini, səs hüququ təsdiq etmək üçün o, uzun illər mübarizə etməli olmuşdur. Bəşəriyyətin bugünkü iqtisadi, siyasi, həm də mənəvi böhranını təhlil edən amerikalı tarixçi filosof Riçard Tarnas onu “mahiyyətcə kişi böhranı” adlandırır və bununla təfəkkürlərin birtərəfliliyini, na­qis­liyini vurğulamağa çalışır: “Əsrimizin qarşı­sın­da boya-boy dayanan böyük məsələ budur: kişi başlanğıcı ...birtərəfli planından əl çəkib nəha­yət ki, dərk olunmamış yarısını görmək və könüllü olaraq qa­dın başlanğıcı ilə onun bütün təzahürlərində tamamilə ye­ni, qarşılıqlı anlaşma və bərabərliyə əsaslanan münasibətdə olmaq”. Tanınmış fizik Heizenberq isə bunu belə təsvir edir: “Tarixdə ilk dəfə Yer üzündə insan özü ilə baş-başa qalıb, heç bir başqa tərəfdaş və ya rəqib daha görmür”. Bəli, insan öz qurduğu cəmiyyətlə üz-üzə durur. Qadın fiziki olaraq deyil, məhz mental olaraq düşüncənin inkişaf xəttindən təcrid edildikcə, ciddi təhriflər baş verir, Haqqa gedən yol azıb kimlərinsə marağına xidmət etməyə başlayır. Çünki quruculuğun tən yarısı qadının öhdəsinə düşür və onun olmaması, düşüncəsinin, varlığının yox sayılması cəmiyyətin də şikəst doğulmasına səbəb olur. Nəticədə bütün bəşəriyyət əziyyət çəkir. Əhəmiyyətli bir məqamdır ki, Azərbaycan oxşar mənəvi böhranla qarşılaşmayıb, çünki qadın düşüncəsi kişi düşüncəsini tamamlaya bilib. Bunu tarix də sübut edir, müasir dövr də. Azərbaycanda gedən quruculuq işlərində Zərifə xanım Əliyeva diqqətini məhz peşə xəstəliklərinə yönəldirdi. Böyük alim haqqında məlumatda deyildiyinə görə, “o, elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır”. Başqa sözlə desək, Zərifə xanım Azərbaycanın inkişafında öz xidmətini göstərirdi və çalışırdı ki, ən yaddan çıxmış, sağlamlıq üçün ən təhlükəli sahələrin insanlarını ön plana çəksin, onlara qayğı göstərsin. Bu, yalnız bir mütəxəssis diqqəti deyildi, həm də vətəndaş borcu idi. Skripniçenkonun dediyinə görə, o, Moskvada, Vətənindən uzaqda olanda da, “yenə də özünəməxsus tərzdə maraqla Bakıda Məişət Kondisionerlər Zavodunda apardığı tədqiqatlardan – stirol və tetraxloretilen buxarının təsirinə məruz qalan fəhlələri necə müayinə etməsindən danışırdı. Öz yurdunun əsl övladı kimi Zərifə xanım yenə də Azərbaycanla yaşayır, xalq təsərrüfatının aparıcı sahələrində peşə oftalmopatologiyasına aid tədqiqatlar aparırdı”.

 

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qadın cəmiyyətdə öz yerini tutmaq üçün kişi ilə mübarizə aparmayıb, buna ağlı, istedadı ilə nail olub. Hətta kənar qüvvələr süni şəkildə bu istəyi onda körükləməyə çalışsalar da, Azərbaycan qadınına xas müdriklik, xanımlıq tez bir zamanda hər şeyi təkrar öz axarına salıb. Maraqlıdır, çox vaxt dövlət xadimləri, şair və yazıçılar, filosof və alimlər arasında qadınların azlığı xüsusi arqument kimi gətirilir. Həqiqətən də, əksər hallarda qadın yüksək materiyalar haqqında düşünməyə, günlərlə elmi eksperimentlər üzərində çalışmağa, hər şeydən təcrid olunaraq yalnız öz yaradıcılığını gerçəkləşdirməyə vaxt tapmır, ancaq öz övladına milli-mənəvi dəyərləri çatdırmağa, ona yüksək əxlaq təlqin etməyə, onun çətinə düşmüş düşüncəsinin işıqlanmasına, öz həyat yoldaşına arxa durmağa onun vaxtı həmişə olur. Onun ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev deyir: “Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər”.

 

Kişilərdən fərqli ola­raq qadınlar cəmiyyətə sanki içdən bələd olurlar. Axı, yazılmamış bir qanunla ailə ocağını isti saxlamaq, cəmiyyətin bütün şərt və tələblərini bilib gə­­ləcək nəsli də o ruhda böyütmək, qorumaq və ya həvəsləndirmək onun öhdəliyindədir. Buna görə də, istənilən şəxsin ən yaxın ətrafı ilk növbədə qadındır – ana, həyat yoldaşı, bacı, övlad və s. Bir şəxsi tanımaq üçün onun ətrafındakı qadına baxmaq kifayət edir. 1995-ci ildə Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında deyir: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

 

Bəli, cəmiyyəti sözsüz təqdim edən də qadın və ona münasibətdir. O, nə qədər işıqlı, yüksək intellekt və əxlaq sahibidirsə, deməli, həmin cəmiyyəti də təsvir edəcək sözlər məhz bunlar olacaq. Bir millət məhz qadına verdiyi dəyər qədər özünə hörmət edir, öz gələcəyini görür. Zərifə xanım Əliyevanın şəxsində Azərbaycan xalqı bir daha yüksək bir səviyyədə təqdim olunur, tanınır.

 

Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb