Alimlik, insanlıq və analıq zirvəsini fəth etmiş zərif qadın - MƏQALƏ
14.04.2023 09:39
Hər bir xalq öz şəxsiyyətləri ilə ucalır. Belə şəxsiyyətlər şərəfli və mənalı ömür səhifələri ilə başqalarına örnək olur, xalqının işıqlı gələcəyinə xidmət edən xoşməramlı əməlləri onları zamanın fövqünə qaldırır və əbədi abidələrini ucaldır. Belə şəxsiyyətlərdən biri də, zəmanəsinin görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevadır. Alimlik, insanlıq və analıq zirvəsini fəth etmiş bu zərif qadın geniş dünyagörüşü, tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmışdır. Fədakar alimin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir.
 
Məqalədə qeyd olunub ki, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Moskva şəhərində oftalmologiya üzrə Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirən Zərifə xanım Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış, 1949-cu ildən 1967-ci ilədək bu instituda işləmişdir. Zərifə xanımın həkimlik fəaliyyətinin ilkin mərhələsi elə bir dövrə təsadüf etmişdir ki, o illərdə traxoma infeksion xəstəliyi Azərbaycanda da geniş yayılmışdır. Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktiki tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
 
Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənməmiş, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərmiş, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdıraraq və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirmişdir. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
 
1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunan Zərifə Əliyeva həmin dövrdə həkimlik fəaliyyəti ilə məşğul olmuş, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparmışdır. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
 
Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biri, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi olmuşdur. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş, 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.
 
Zərifə xanım 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Bəli, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. O, qiymətli alim olmaqla yanaşı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət- Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə olmuşdur. “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” deyən ümummilli liderimiz Heydər Əliyev qazandığı nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulamış, Zərifə xanımın fiziki yoxluğunu həyatının ölçüyəgəlməz sarsıntısı kimi qarşılamışdır.
 
Cənab İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir şəxsiyyətin qazandığı nailiyyətlərdə də valideynlərin övladı müdrikliklə formalaşdırmaq ənənəsi mühüm rol oynamışdır. Bu tərbiyənin nəticəsidir ki, bu ocağın yetirməsi Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyəti sayəsində Azərbaycan dünyanın ən dinamik inkişafda olan dövlətinə çevrilmişdir.
 
Bəli, bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmiş Akademik Zərifə Əliyevanın yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Bu gün Respublikamızın hər bir ərazisində Akademik Zərifə Əliyevanın 100 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Bundan sonra da Zərifə xanımın parlaq xatirəsi xalqımız tərəfindən uca tutulacaq və ehtiramla anılacaqdır.
 
Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Tamara Nurəliyeva
 
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq