"Həyatımız koronavirusdan təmizlənənə qədər qoruyucu vasitələri yerə qoymamalıyıq"
09.10.2020 13:09

Pandemiyanı bəzən müharibə ilə müqayisə edir və onu “gözə görünməyən düşmən”, “səssiz müharibə” adlandırırlar. Doğrudan da, hər iki dəhşətli bəla çox böyük qurbanlar, insan itkiləri hesabına başa gəlir. Hətta qurbanlarının sayına görə pandemiya heç də müharibədən geri qalmır. Gözlə görünməyən, qəbul edilən qida, udulan hava, toxunulan əşya ilə bədənə daxil ola bilən virus öz öldürücülük gücü ilə müasir silahların qətlə yetirdiyindən heç də az can almır. Müharibədə səhv edib səngərdən çıxanda və ya düşmən üzərinə gedəndə qurban yalnız özün olacaqsan. Pandemiya şəraitində isə buraxılan hər səhv üçün ətrafındakılar da risk altına düşür. Ona görə də belə şəraitdə hər kəs təkcə özü üçün deyil, həm də ailə üzvləri, yaxınları, doğmaları, onunla ünsiyyətdə olan tanıdığı və tanımadığı adamlar üçün cavabdehlik daşıyır.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə deyib.

 

O, bildirib: “Tale elə gətirib ki, xalqımız eyni vaxtda həm koronavirusa, həm də 30 ilə yaxın torpağımızı zəbt edən işğalçılara qarşı mübarizə aparır. Sentyabrın 27-də Azərbaycan Milli Ordusunun Ermənistan hərbi birləşmələrinin Dağlıq Qarabağda başladığı təcavüzkar əməllərə əks-həmlə əməliyyatı ilə verdiyi cavab nəhayət ki, uzun illərdən sonra haqqın, ədalətin təntənəsi kimi hər birimizin qəlbində qürur və iftixar hissi doğurur. Tarixi Azərbaycan torpaqlarının təcavüzkar düşməndən təmizlənməsi, azad edilən yaşayış məntəqələri, strateji əhəmiyyətli yüksəklik və mövqelər işğalçıların tezliklə öz yerində oturdulacağına böyük ümidlər yaradıb. Bu mübarizə həm də xalq-hakimiyyət birliyinin, müqəddəs Vətən torpağı uğrunda hamının çəkici bir zindana vurduğu bütün möhtəşəmliyi üzə çıxarıb. Taleyüklü Qarabağ məsələsində müasir silahlar, hərbi sənayenin gücü və Milli Ordu əsgərlərinin qəhrəmanlığı nə qədər vacib və əhəmiyyətli rol oynayırsa, aylardan bəri davam edən koronavirus infeksiyası ilə mübarizədə də sayıqlıq və məsuliyyət hissinin azaldılmaması o dərəcədə mühüm rol oynayır.

 

Torpaqlarımız uğrunda gedən savaş digər cəbhədəki düşməni unutdurmamalıdır. İndi payız-qış mövsümünün başlanğıcındayıq. Dəfələrlə xəbərdarlıq edilib ki, qarşıdakı soyuq mövsümdə ikiqat diqqət və məsuliyyət tələb olunur. Dünyanın bir sıra ölkəsində virusun yenidən tüğyan etməsi, bir sıra Avropa ölkəsində məhdudiyyətlərin təkrar tətbiq olunması, qonşu ölkələrdə yeni dalğanın baş qaldırması bizi amansız düşmənə qarşı mübarizədə səfərbər etməlidir. Kiçik bir ehtiyatsızlıq, azacıq da olsa, məsuliyyət hissinin zəiflədilməsi sonra böyük fəsadlar verə bilər. Onu da unutmaq olmaz ki, koronavirus pandemiyasının geniş vüsət alması nəticəsində xəstəxana çarpayılarının xəstələrlə dolması döyüş cəbhəsində yaralanmış əsgərlərin müalicəsində çətinliklər yaranmasına səbəb ola bilər”.

 

G.Quluzadə əlavə edib ki, son günlər komendant saatının başlanması ərəfəsində market və mağaza piştaxtalarında yaranan sıxlıq, kassalar önündə uzanan növbələr, evə tələsən insanların heç nəyə məhəl qoymadan dolu nəqliyyat vasitələrinə minməyə can atması, cəbhəyə yola düşən əsgərlərin yolasalma mərasimləri bu sahədə xeyli narahatlıq yaradır. Qətiyyən yaddan çıxarmaq lazım deyil ki, COVID-19-la mübarizə hələ bitməyib. Yoluxma sayında əvvəlki aylarla müqayisədə nəzərəçarpacaq azalma müşahidə edilsə də, sosial məsuliyyət hissi, gigiyenik tələblərə əməl olunmasına əvvəlki kimi əməl etmək lazımdır. Torpaqlarımız azğın düşməndən təmizlənənə qədər döyüş silahını, həyatımız koronavirus infeksiyasından təmizlənənə qədər qoruyucu vasitələri yerə qoymamalıyıq. Gigiyena qaydalarına əməl edilməsi, kütləvi toplanma yerlərində maska taxılması, antiseptik və dezinfeksiya məhsullarından lazımi qədər istifadə olunması və sosial məsafənin saxlanılması başlıca tələb olaraq qalır. Yalnız həmin qaydaları gözləməklə cəmiyyətin sağlamlığına nail olmaq və onu qorumaq olar. Sağlam cəmiyyət isə bütün cəbhələrdə düşmənə qalib gələ bilər”.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb