Akademik Zərifə Əliyevanın ömür yolu və zəngin irsi həmişə örnək olacaq
10.04.2023 10:01

Bu il Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr vermiş, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur.

 

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professoru, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

 

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

 

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Zərifə Əliyeva 1980-ci ildə Azərbaycan Əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

 

Azərbaycanda tibbi deontologiyanın inkişafında böyük rolu olan akademik Zərifə Əliyevanın tibbi etika və deontologiyaya dair baxışları “Yüksək əqidə” (həkimlik etikası) əsərində əks olunub.

 

Alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. O, 1985-ci il aprelin 15-də Moskva şəhərində əbədiyyətə qovuşub.


Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaq.

 

Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsalə Qələndərova

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbir keçirilib
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir