İcbari Tibbi Sığorta Naxçıvanda da vətəndaşları keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin edir - Müsahibə
08.10.2020 12:40

Ölkəmizdə digər sahələrlə yanaşı, səhiyyə sistemi də müasirləşib, əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunub. Bu gün Naxçıvan Muxtar Respublikasında yaradılan ən müasir səhiyyə infrastrukturu da insan amilinə verilən dəyərin ifadəsidir. 2017-ci ildən muxtar respublikada bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri martın 18-də Naxçıvanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanın imzalanmasında məqsəd muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, onu müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdən ibarətdir.

 

Bu barədə Aztibb.az-a müsahibəsində İcbari Tibbi Sığorta Agentliyinin şöbə müdiri Vüsal Məmmədov məlumat verib. Onun sözlərinə görə, səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi  əhəmiyyət kəsb edir. İcbari Tibbi Sığorta vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin etməyə yardım edən bir sistemdir. Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar  rayon mərkəzi xəstəxanalarında  yenidənqurma işləri aparılıb, ən müasir  texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılıb. “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” qurulub və vahid məlumat bazasının idarə edilməsi üçün server otağı təşkil edilib. Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında icbari tibbi sığortanın  tətbiqinə  başlanılıb, tibb işçilərinin əməkhaqqıları artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilməyə başlanıb. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublikası Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanalarına, Naxçıvan Muxtar Respublikası Kardioloji və Doğum Mərkəzlərinə publik hüquqi şəxs statusu verilib. Həmin səhiyyə müəssisələrində çalışanların aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb.

 

O, qeyd edib ki, ötən dövr ərzində icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdə yaşayan vətəndaşlara ürək əməliyyatı və invaziv müdaxilə, göz, ginekoloji, doğum, keysəriyyə, travmatoloji əməliyyatlar, ümumi cərrahi əməliyyat, terapevtik stasionar müalicə olmaqla, ümumilikdə həyati, vacib, dəyəri yüksək tibbi müdaxilə icra edilib və həyata keçirilmiş tibbi müdaxilələrin maliyyələşməsi Agentlik tərəfindən aparılıb.

 

İcbari tibbi sığortanın tətbiqindən bir çox vətəndaş bəhrələnib. Tibbi sığortadan yararlanan vətəndaşlardan biri də Kəngərli rayon sakini Asya Abbasovadır. Gözündə və ürəyində bəzi narahatçılıqları olan Asya xanım öncə Kəngərli rayon mərkəzi xəstəxanasına müraciət edib və  göndəriş alaraq Diaqnostika Müalicə Mərkəzinə yollanıb. Heç bir maliyyə vəsaiti ödəmədən həm gözündən, həm də ürəyindən əməliyyat olunub sağlamlığına qovuşaraq evinə dönüb.

 

İcbari tibbi sığortanın tətbiq edilməsi işində agentlik bu günə kimi muxtar respublika rəhbərliyinin tapşırıq və göstərişlərinə əsasən müvafiq qanunvericilik  çərçivəsində fəaliyyət göstərib və hazırda da bu proses yüksək həssaslıqla davam etdirilməkdədir. Belə ki, bu günə kimi qanunvericiliyin tələbləri əsasında tibb təchizatları və sığortaolunanlarla müqavilələr bağlanılıb, eyni zamanda həmin müqavilələrdə  qeyd olunan tələblərə mütəmadi əməl olunması üçün zəruri tədbirlər görülüb.

 

İcbari tibbi Sığortadan yararlanan digər vətəndaş Uğur Əhmədovdur. Maddi gəlirləri aşağı olduğundan övladlarını tonzillektomiya əməliyyatına yönəldə bilməyən Uğurun valideynləri muxtar respublikamızda vətəndaşların sağlamlığının qorunması və firavanlığının daha da yaxşılaşdırılmasından ötəri icbari tibbi sığortanın tətbiq edildiyini eşidəndə sevinclərinin həddi-hüdudu olmayıb.  Tezliklə  bu fürsətdən onlar da yararlanaraq Əziz Əliyev adına mərkəzi Uşaq Xəstəxanasında  heç bir  ödəniş etmədən Uğuru əməliyyat etdiriblər.

 

"İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edir", - deyə V.Məmmədov bildirib. Əlavə edib ki, həyata keçirilən tədbirlər bir daha onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəkdir.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub