Dünyada 70 milyon insan ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkir - Müsahibə
25.09.2020 16:36

Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 sentyabr - Dünya Ağciyər Gününə aid onlayn müsahibə verib və ağciyər xəstəliklərindən ətraflı danışıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri dünyada yaxın gələcəkdə insanların infarkt və ya insultdan deyil, xroniki ağciyər xəstəliklərindən daha çox hallarda əziyyət çəkəcəyini proqnozlaşdırıb. Rafiq Bayramov bunun səbəbləri ilə bağlı öz fikirlərini izah edib: “Bunun səbəbləri bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında ekoloji faktorları olan havanın çirklənməsi və insanların həddindən artıq çox tütün çəkməsi ilə bağlıdır. Yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) ölüm göstəriciləri hazırda artmaqdadır: dünyada hər 5 dəqiqədən bir bu xəstəlikdən 100 nəfər, il ərzində isə 3 milyondan artıq insan dünyasını dəyişir. Hazırda dünyada ən azı 70 milyon nəfər AXOX xəstəliyindən əziyyət çəkir. ÜST-ün proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX 3-cü yeri tutacaq”.

 

Onun verdiyi məlumata əsasən, ölkəmizdə xroniki ağciyər xəstəliklərinin rastgəlmə tezliyi dünyada olan müvafiq göstəricilərə uyğun olaraq dəyişir. O, təəssüflə qeyd edib ki, dövlət səviyyəsində tütünçəkmə ilə mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir: “Son illər isə xüsusilə qadınlar arasında tütünçəkənlərin sayının artması ilə ölkəmizdə, bütün dünyada olduğu kimi, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə düçar olanların sayının artdığı bildirib. O, həmçinin ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktual olduğunu qeyd edib: “Doğrudur, son illər vərəməyoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır”.

 

O, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması üçün yaradılan strategiya və tədbirlər barədə məlumat verib. Rafiq Bayramovun sözlərinə görə, ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması və bu xəstəliyə düçar olanların müalicəsi məqsədilə Azərbaycan hökuməti, o, cümlədən Səhiyyə Nazirliyi mütəmadi olaraq bütün lazımi tədbirləri görür: “Belə ki, geniş yayılmış ağciyər xəstəlikləri ilə mübarizəyə dair müvafiq strategiya hazırlanıb və tətbiq edilir. Ölkəmizdə bəzi xroniki ağciyər xəstəlikləri ilə mübarizə məqsədilə Dövlət proqramları (məsələn, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı) icra olunur. AXOX və bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında başlıca rolu olan tütünçəkmə ilə mübarizə məqsədilə ölkəmizdə yeni qanun layihələri təsdiq olunub və qapalı, ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Ölkəmizdə vərəmlə mübarizə tədbirləri də qənaətbəxşdir. Belə ki, aşkarlanaraq qeydiyyata alınmış həm dərmanlara həssas, həm də rezistent vərəm xəstələrin tam dövlət hesabına müalicə aparılır”.

 

Müsahibə zamanı, həmçinin Azərbaycanda ağciyər xəstəliklərinin diaqnostika və müalicəsi məsələlərinə də toxunulub: “Hazırda ölkəmizdə müasir standartlara cavab verən, ən son tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri və yüksək ixtisaslı kadrlar mövcuddur. Ona görə də, hər hansı bir xəstəliyin diaqnostikası və müalicəsi məqsədilə dünyada tətbiq edilən üsulların əksəriyyəti bizdə də istifadə olunur”.

 

Müsahibəsinin sonunda ATU-nun kafedra müdiri payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması haqqında danışıb: “Qrip və atipik pnevmoniyanın simptomlarının oxşarlığına görə onları bir-birindən ayırmaq olduqca vacibdir. Təbii ki, payız-qış mövsümündə respirator infeksiyalarla xəstələnənlərin sayı nisbətən artır. Hazırda daha aktual olan COVID-19 virusu ilə bağlı onu deyə bilərəm ki, koronavirusa yoluxanların böyük əksəriyyəti onu simptomsuz və ya yüngül əlamətlərlə keçirir. Yaşı 65-dən yuxarı, ürək qan-damar, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərdə isə COVID-19 daha ağır keçir”.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər