"Oğlanlar qızlardan daha çox kəkələyir" - Həkim-nevroloq  
25.10.2022 09:15

Bütün dünyada qeyd olunan əlamətdar günlər var ki, bu ənənə tibb sahəsinə də aiddir. Ancaq tibdə hansısa günün qeyd olunması tarixi baxımdan deyil, daha çox diqqəti mövcud problemə yönəltmək baxımından əhəmiyyətlidir. Belə günlərdən biri də 1998-ci ildən başlayaraq hər il oktyabrın 22-də qeyd olunan Beynəlxalq Kəkələyənlər Günüdür. Ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi kəkələməni artıran başlıca səbəblərdir.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Nevrologiya kafedrasının assistenti, həkim-nevroloq İsa Alışanov bu barədə məlumat verib.

 

Həkim kəkələmənin artikulyasiya aparatının nitq aktının formalaşmasında iştirak edən əzələlərinin funksional və ya orqanik genezli qıcolmaları səbəbindən baş verdiyini deyib. Bildirib ki, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, danışıqda tez-tez fasilələrin olması ilə müşahidə edilən nitq qüsurudur. Onun sözlərinə görə, ən çox 2-6 yaş arasında inkişaf edən kəkələməyə qızlarla müqayisədə daha çox oğlanlarda rast gəlinir.

 

Həkim-nevroloq kəkələməyə gətirib çıxaran əsas amillərdən danışaraq qeyd edib ki, ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi və s. kəkələməni artıran başlıca səbəblərdir. Eyni zamanda insan psixikasına mənfi təsir edən uzunmüddətli patoloji vəziyyətlər, uşağın baş beyin funksiyalarının müxtəlif səbəbli doğuş zədələri, hipoksiya, asfiksiya, beyin silkələnmələri və digər pozulma halları da adıçəkilən nitq qüsurunu kəskinləşdirə bilər.

 

Həkim uşağın bəzən də özünü kəkələyən ailə üzvünə və ya ünsiyyətdə olduğu digər kəkələyən uşağa bənzətdiyini, imitasiya etdiyini söyləyib. Onu da vurğulayıb ki, kəkələyən uşaqlar bağçada, məktəbdə, eləcə də digər kollektivlərdə həmyaşıdları ilə ünsiyyətdə olarkən müəyyən problemlərlə qarşılaşırlar. Bu da onların həyat tərzinə, xüsusən də davranışına, xasiyyətinə və rəftarına mənfi təsir göstərir: “Belə ki, kəkələyən uşaqlar ünsiyyətdən çəkinir, özünə qapanmaya, tək qalmağa, hətta təcavüzkarlığa meylli olurlar. Ən başlıcası isə, danışmağa həvəs göstərmirlər, ünsiyyətdən qaçırlar. Onlarda loqofobiya inkişaf edir. Ona görə də valideynlər övladlarının kəkələdiyini hiss etdikləri andan pediatra, ilk növbədə uşaq nevroloquna müraciət etsələr, problem böyüməz və nəticədə kəkələmə aradan qalxar”.

 

Müalicənin daha effektli olması üçün uşaq nevroloqu, psixoloq və loqopedin əlaqəli işləməsinin vacibliyinə toxunan həkim, diaqnoz vaxtında qoyulduqda və müalicə düzgün aparıldıqda, tam sağalmaya nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

 

Xatırladaq ki, kəkələmədən əziyyət çəkən ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, kino aktrisası, müğənni və model Merilin Monro, məşhur fizik, riyaziyyatçı, astronom və kimyaçı alim İsaak Nyuton və nitq qüsurlu digər tarixi şəxsiyyətlər özlərini ifadə etməyi bacarıblar. 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb