ATU-da Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
21.10.2022 22:13

Azərbaycan Tibb Universitetində (ATU) "44 günlük dastan" layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

 

Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Görüşdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov iştirakçıları universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında qəhrəman qazilərimizlə keçirilən görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq uğrunda mübarizə aparmağa qadir güclü bir dövlət olduğu bütün dünyaya nümayiş olundu.

 

Zülfüqar Musabəyov Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əldə olunan şanlı qələbədə Azərbaycan Tibb Universitetinin də payının olmasından qürurla danışıb: "Bildiyiniz kimi, Tibb Universitetində hərbi həkim kadrları yetişdirilir. Hərbi həkimlik şərəfli bir peşədir. Çünki müharibədə, ilk olaraq, onlar öz həyatlarını risk altına ataraq yaralılara xidmət edirlər. Fəxarətlə demək istəyirəm ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin böyük əksəriyyəti Azərbaycan Tibb Universitetinin məzunları olub. Bundan əlavə, Vətən müharibəsi günlərində və sonrakı müddətdə qazilərimiz ATU-nun klinikalarında müalicə alıblar. Onların öz sağlamlıqlarına qovuşması üçün həkimlərimiz böyük fədakarlıqla çalışıblar".

 

O, universitetin rektoru, professor Gəray Gəraybəylinin bu günlərdə Tədris Cərrahiyyə Klinikasında müalicə alan qazilərimizi növbəti dəfə ziyarət etdiyini, onların müalicənin gedişatı ilə maraqlandığını, tibbi xidmətin yüksək səviyyədə aparılması üçün tapşırıqlar verdiyini diqqətə çatdırıb. Zülfüqar Musabəyov Azərbaycan Tibb Universitetində tələbələrə ayrı-ayrı fənlərin tədrisi ilə yanaşı, onlarda vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu düzgün çatdırmaq üçün tədbirlər görüldüyünü, bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinin həyata keçirildiyini söyləyib.

 

Prorektor çıxışının sonunda "müqəddəs bayrağımızı işğaldan azad edilmiş şəhər və kəndlərimizdə qaldıran sizsiniz!" - deyərək, tələbələrlə görüşə gələn igid qazilərə, o cümlədən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Sonra çıxış edən “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov artıq iki ildir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə vətənpərvərliyin təbliğinə dair birgə kütləvi tədbirlərin təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, ötən il 10 ali təhsil müəssisəsində qazilərlə gənclərin görüşləri təşkil olunub və təxminən 1500 gənci əhatə edib: "Bu il 8 noyabr - Zəfər Gününə kimi 15 ali təhsil və orta ixtisas məktəbində tələbə-gənclərimizin qazilərlə görüşlərinin təşkili nəzərdə tutulub. Məqsəd qəhrəman qazilərimizi gənclərə daha yaxından tanıtmaqdır".

 

Tədbirdə ATGTİ-nin əməkdaşı, “ON1000” proqramının rəhbəri Rüfət Rüstəmov və ATU-nun tələbəsi Lamiyə Yusifova da çıxış edərək, Azərbaycan xalqının 2020-ci ilin 27 sentyabr səhərini Ali Baş Komandan İlham Əliyevin müraciəti ilə açdığını xatırladıblar. Bildirilib ki, bu çıxış Qarabağa gedən 44 günlük yolun başlanğıcı idi. Çıxışlarda xalqımıza döyüş meydanında tökülən qanlar hesabına qələbə sevinci yaşadan şəhidlərimizin ruhuna böyük sayğı, qazilərimizə sonsuz məhəbbət ifadə olunub.

 

Daha sonra 44 günlük Vətən müharibəsindən döyüş kadrlarını, xalqımızın qələbə ovqatını özündə əks etdirən videoçarx nümayiş etdirilib və söz görüşün qəhrəmanlarına verilib.

Vətən müharibəsi qazisi Əhliyət Mehdiyev şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, bu gün səngərdə düşmənlə üz-üzə, göz-gözə dayanan qəhrəman əsgər və zabitlərimizə cansağlığı diləyib. O, həmçinin görüşdə iştirak edən qəhrəman qazilərimiz Aslan Cəfərov, Cavid Həsənov, İlqar Nurməmmədov və Şəmsəddin Qurbanovun şərəfli döyüş yolundan söhbət açıb.

 

Qazilər tələbələrin çoxsaylı suallarını cavablandıraraq, acılı-şirinli xatirələrini, ən çox yadlarında qalan döyüş epizodlarının təəssüratlarını bölüşüblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır