Orxan Cəfərov: "Alkoqol asılılığı yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər"
03.10.2022 10:28

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov alkoqolizmin əsas əlamətləri, alkoqol asılılığının səbəb olduğu xəstəliklərlə bağlı sullarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

 - Orxan müəllim, alkoqolizmin əsas əlamətləri hansılardır?

 

- 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Alkoqolizm" terminini Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT) çıxararaq, "alkoqoldan asılılıq sindromu" termini ilə əvəz etdi (F10.2; Alkoqolun istifadəsi ilə əlaqədar asılılıq sindromu).


Alkoqoldan asılılıq sindromu (Xəstəliklərin Beynəlxalq Təsnifatı-10) aşağıdakı əlamətlərə malikdir: alkoqolun qəbuluna güclü həvəs və ya alkoqolun istifadəsinə israrlı təlabat; alkoqolun qəbulu üzərində nəzarət qabiliyyətinin itməsi; alkoqoldan məhrum edilmə “abstinent” sindromu; alkoqola qarşı tolerantlığın artması; qabağını alan sosial faktorlara baxmayaraq, bir qayda olaraq həm iş, həm də istirahət günlərində spirtli içkilərin qəbuluna tendensiya; aydın, aşkar zərərli nəticələrin olmasına baxmayaraq, alkoqoldan istifadəni davam etmək.


Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da spirtli içkilərin istifadəsi qadağan olunmayıb. Bu səbəbdən məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər.

 

- Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?

 

- Alkoqol psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda, ilk olaraq, baş beyində bərpa olunmaz üzvi dəyişikliklərə səbəb olur. Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər.

 

Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə, orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).

 

- Spirtli içkilərdən asılılıq daha çox hansı yaş aralığında olan insanlarda təsadüf edilir?

 

- Nəzərə alaq ki, alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur.

 

Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir.

 

Lakin son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir. Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlirik.

 

- Müalicə və psixoloji yardım ilə birgə bu asılılıqdan azad olmaq mümkündürmü?

 

- Alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştikarı tələb olunur. Bunun üçün ilk növbədə pasient öz asılılığını etiraf etməlidir. Bu halda o alkoqol asılılığından azad ola bilər.


Respublika Narkoloji Mərkəzinin Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxsləri yenidən cəmiyyətə inteqrasiya etməsidir.

 

- Övladları, yaxınları alkoqol asılılığından əziyyət çəkənlərə məsləhətiniz nə olardı?

 

- Yuxarıda qeyd etdiyimiz kimi, formalaşmış asılılıqdan azad olunmaq üçün ən əsas pasientin özünün təşəbbüsü və asılılıqdan azad olunmaqda qərarlılığıdır. Ailənin, yaxınların bu zaman onun yanında olub ona dəstək verməsi vacib bir şərtdir. Belə ki, ailənin dəstəyi olmasa bu pasientlər müalicədən əvvəl onsuz da itirdikləri mövqelərinin bərpasına olan ümidlərini itirəcəklər.


Çox vaxt həkimlər xəstənin yaxınları tərəfindən onun vəziyyətini düzgün qiymətləndirilməməsinin şahidi olurlar. Belə ki, onlar xəstəliyi “pis vərdiş” kimi qəbul edirlər. Xəstəni içki aludəçisi olduğu üçün günahlandırırlar. Bu, heç də səmərəli yanaşma deyil. Xəstənin müalicə həkimi birinci növbədə ailə üzvlərini və yaxınlarını bu asılılığın xəstəlik olduğu barədə məlumatlandırmalıdır. Xəstə müalicə və reabilitasiya prosesindən sonra ayıq həyat tərzinə qayıtdıqda yaxınları tərəfindən ona şübhə ilə yanaşmaq, daimi nəzarət və tənbeh etmək cəhdləri xəstədə etiraz yarada bilər. Bu onun spirtli içki istifadəsinə yenidən başlamasına təkan ola bilər.


Alkoqol asılılığı ilə mübarizə uzun müddət tələb edən bir prosesdir. Bu səbəblə asılılıqdan əziyyət çəkən pasientlərlə daha təmkinli olmaq, onları müəyyən mənada həyata stimullaşdırmaq, sosial durumlarını yaxşılaşdırmağa doğru yönələn addımlar atmaq lazımdır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib