Fizioterapevt: “Osteoxondrozun inkişafını müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə ləngitmək mümkündür"
06.09.2022 12:49

Damar xəstəliklərindən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. İnsanların əksəriyyətində osteoxondroz var. Bunun səbəbini həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Lakin elə bir dövrdə yaşayırıq ki, oturaq həyat tərzinə öyrəşir, sağlam qidalanmaq üçün isə lazım olan ekoloji təmiz məhsulları seçə bilmirik. Qeyd edək ki, xarici ölkələrdə bu xəstəlik Spondilyoz və Spinal Osteoartrit xəstəlikləri kimi adlanır. Osteoxondrozun qarşısını almaq üçün nə etməliyik? Ümumiyyətlə, bu xəstəlik haqqında nələri bilməliyik?

 

Aztibb.az xəbər verir ki, bütün bu sualları Mərkəzi Gömrük Hospitalının fizioterapvti Səidə Kərimova cavablandırıb

 

-Səidə xanım, osteoxondroz xəstəliyi nədir?

 

Osteoxondroz – insanlar arasında çox yayılmış fəqərə sütunu xəstəliyidir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir - qığırdaq fəqərələrə bir birini sıxmağa imkan vermir. Qığırdaq zədələndikdə fəqərələr bir birini sıxmağa başlayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır. Bu isə müxtəlif pozulmalara səbəb olur.

 

- Bəs osteoxondroz hansı əlamətlərlə özünü biruzə verir?

 

Osteoxondrozun növündən asılı olaraq əlamətələr də dəyişir. Belə ki, boyun osteoxondrozu baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi kimi əlamətlərlə özünü biruzə verir. Onurğa sütunu döş hissəsi osteoxondrozu zamanı ürək, mədə və bağırsaqlarda ağrılar ola bilər.

 

Bel fəqərələri osteoxondrozu zamanı bel nahiyəsində və ayaqlarda ağrılar, baldırlarda qıcolmalar və s. ola bilər. Onurğa sütunu yırtıqları inkişaf etdikcə onurğa beyini sıxılmağa başlayır. Bu səbəbdən xəstənin ayaqlarının tutulması, xəstənin yeriyə bilməməsi və s. kimi problemlər yarana bilər.

 

- Osteoxondrozun inkişafına hansı amillər təsir edir?

 

Osteoxondrozun inkişafına irsiyyət, azhərəkətli həyat tərzi, artıq çəki, ağır yüklərin qaldırılması, travma və mikrotravmalar kimi amillər təkan verir. Osteoxondroz uzun illər ərzində inkişaf edir.

 

-Bu xəstəliyi tam müalicə etmək necə, mümkündürmü?

 

Hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara, əlilliyə də gətirib çıxarda bilər.

 

Osteoxondrozun kəskin dövrlərində, xüsusilə döş və bel osteoxondrozu zamanı xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən, o cümlədən boyun korseti, bel korseti və s. istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün hər bir pasiyentə uyğun xüsusi preparatlar təyin olunur. Həmçinin, boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur. Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin, onurğa beyini sıxılması zamanı cərrahi müdaxilə tətbiq edilir.

 

Qeyd etmək istəyirəm ki, osteoxondrozun müalicəsi ilə yalnız bu işdə geniş bilikləri və təcrübəsi olan mütəxəssis məşğul olmalıdır. Düzgün aparılmayan müalicə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.

 

Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi massaj və müalicəvi fiziki tərbiyə, manual terapiya, fizioterapiya (elektroforez), onurğa sütunu uzatması, xüsusi müalicəvi vannalar, bəzi dərman preparatları tətbiq edilir.

 

-Hansı idman növü osteoxondrozun mülicəsinə müsbət təsir edir?

 

Maraqlı sualdır, təşəkkür edirəm. Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış metodlardan biridir. Su onurğa sütununda olan gərginliyi azaldır, "masaj" edir, onurğa sütununu saxlayan əzələləri bərkidir.

 

-Səidə xanım, Mərkəzi Gömrük Hospitalının fizioterapiya şöbəsində osteoxondroz xəstələrinə hansı kompleks müalicəni tətbiq edirsiniz? Pasiyentlərə nə tövsiyə edərdiniz?

 

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsi ən son avadanlıqlarla təchiz olunmuşdur. Aparılan müalicələr klinik protokollara uyğun kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir. Hospitalda ultrasəs, kombinə elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, hot packcold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi müalicə üsulları tətbiq olunur.

 

Pasiyentlərimizə isə tövsiyəm budur ki, bir qədər fəal həyat tərzinə keçsinlər: daha çox açıq havada gəzsinlər, heç olmasa, gündə 1-2 dəfə ən sadə idman hərəkətləri etsinlər, bədənlərində hər hansı ağrı, narahatlıq hiss edən kimi həkimə müraciət etsinlər. Bununla ağır xəstəliklərin vaxtında qarşısını almaq mümkündür.

 

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib