Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlarla bağlı diqqət edilməli olan məqamlar/MÜSAHİBƏ
31.05.2022 12:09

"Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik önəm kəsb edir".

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardiocərrahı Elnur Həsənov müsahibəsində deyib. Aztibb.az həmin müsahibəni təqdim edir. 

 

- Elnur müəllim, uşaqların ürək qüsurlu doğulmasında genetika və valideynlərin pis vərdişləri nə qədər rol oynayır?

 

- Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya gətirməsi ehtimalı 50 faizin üzərindədir. Bu, anada artıq olan qüsurlu genlərin bir araya gəlməsi və dölün inkişafı zamanı bir sıra faktorların təsiri nəticəsində olur. Anadangəlmə ürək qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər. Ürək damar sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli əhəmiyyət kəsb edir.

 

Bundan əlavə, valideynlərdə və ya qohumlarda anadangəlmə ürək xəstəliyinin olması, yaxın qohum evlilikləri, anada şəkərli diabet, hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının yaranmasına səbəb olur.

 

- Uşaqlarda ürəyin qəfil dayanması halları nədən yaranır?

 

- Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar, ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər. Kliniki olaraq qarşılaşdığımız halların çox hissəsini anadangəlmə ürək qüsurları əhatə edir. Bunlara ani ürək dayanmasına səbəb olan hallar, ürəyi qidalandıran tac damarlarda anadangəlmə anomaliyalar, aorta qapağın ciddi darlığı və mitral qapaq taylarının ciddi prolapsı aiddir.

 

- Anadangəlmə ürək qüsurları olan uşaqlarda neçə yaşında ürək əməliyyatları həyata keçirilir?

 

- Anadangəlmə ürək qüsurları çox geniş diapozonu əhatə edir, ağ və göy qüsurlar olaraq təsnif olunur. Bu qüsurlar arasında erkən yaşda müdaxilə tələb edən qüsurlar göy qüsurlar qrupunda təsnif olunan xəstəliklərdi (Fallo tetradası, trikuspid qapaq atreziyası, böyük damarların transpozisiyası və ya yerdəyişməsi). Cərrahi yanaşma xəstənin vəziyyətindən və qüsurun ağırlığından asılı olaraq dəyişir. Göy qüsurlar çox hallarda həyatın ilk aylarında cərrahi müdaxilə tələb edir. Ağ qüsurlar isə qulaqcıqarası çəpərin qüsuru, mədəcik arası çəpər qüsuru və digərləri qüsurun simptomatikasından asılı olaraq müxtəlif vaxlarda əməliyyat tələb edir.

 

- Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə aparılır?

 

- Anadangəlmə ürək qüsurlarının müalicəsi kompleks şəkildə aparılır. Bura medikamentoz müalicə, bəzi hallarda intervension müdaxilə (X-ray endovaskulyar üsul, yəni təsirlənmiş orqana daxilolmalar damarlar vasitəsilə həyata keçirilir), çox hallarda isə cərrahi müdaxilə aiddir.

 


Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik önəm kəsb edir. Uşaq doğulduğu anda göyərmə, tənəffüs pozğunluqları, xüsusilə də oksigen saturasiyasının ölçülməsi və bu göstəricinin aşağı olanda ürək qüsurundan şübhələnmək olar.

 

Uşaq ilk günlərindən daha çox ana ilə təmasda olur. Ona görə də anada körpənin ürək qüsurlu olması ilə bağlı bəzi şübhələr yarana bilər. Buraya uşağın zəif qidalanması və sakit vəziyyətdə göyərməsi, tənəffüs pozğunluqları, çəki artmaması, gecə tərləmələri aiddir.

 

- Hansı idman növləri anadangəlmə ürək qüsurlu uşaqlar üçün tövsiyə olunmur?

 

- Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar bir çox hallarda cərrahi müdaxilə olunmazsa, yaşıdlarından inkişaf bərasində geri qalır. Nəticədə fiziki güc tələb edən oyunlar və idman növləri ilə məşğul olmaları məsləhət görülmür.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib