Ramazan ayında necə qidalanaq? - Diyetoloqla MÜSAHİBƏ
14.04.2022 17:29

Mərkəzi Gömrük Hospitalının dietoloqu, Türkiyənin Hacettepe Universitetinin Qidalanma və pəhriz fakültəsinin məzunu Məlahət Kərimova Ramazan ayında qidalanma ilə bağlı suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Məlahət xanım, Ramazan ayında həm oruc tutmaq, həm də immun sistemimizi gücləndirmək üçün nə etməliyik? Sağlam qidalanmaq üçün nələri bilməliyik və hansı qaydalara riayət etməliyik?

 

- Düzgün qidalanma immun sisteminin gücləndirilməsinin və sağlamlığın əsas şərtlərindən biridir. Ramazan ayının vacib ibadətlərindən biri olan oruc tutulduğu zaman düzgün və sağlam qidalanma mütləqdir. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. Həmçinin qidalarımızda həm mikro,  həm də makro elementlər olmalıdır. Balanslı qidalanmaq və su istifadəsinə diqqət edilərsə, orqanizmin zəifləməsindən söhbət gedə bilməz. 

 

- Ramazan ayında düzgün qidalanma adi günlərdə qidalanmadan nə ilə fərqlənməlidir?

 

- Müqəddəs Ramazan ayı ilə adi günlərdə qidalanmanın arasında böyük fərq vardır. Adi günlərdə 3 əsas və 3 ara yeməyi olaraq 6 dəfə qidalanırıq. İstənilən vaxt su, çay, meyvə və ya çərəzlərdən istifadə edirik. Ramazan ayında isə bu qidalanma sistemi 2 dəfə olur. Bunun üçün Ramazan ayı ərəfəsində 2 həftə və ya 1 ay əvvəlcədən orqanizmimizi hazırlamalıyıq: daha az kalorili qidalara, az duzlu yeməklərə üstünlük verməliyik ki, bu ay daha rahat keçsin.

 

Ramazan ayında imsak ilə iftar arasında olan fasilə - 16 saat ərzində aclıq və susuzluq daha çox hiss olunur. Burada düzgün qidalanmaq əsas amillərdən biridir. Immum sistemimizi qorumalı, mədə-bağırsaq sisteminə diqqət etməliyik.

 

İmsakda elə qidalar qəbul etməliyik ki, iftara qədər susuzluq çox hiss olunmasın. Buna görə duzsuz yeməklər yeməli, duza qoyulmuş turşulardan istifadə etməməli, yüksək kalorili xəmir yeməklərindən uzaq durmalıyıq. Su və çayın miqdarı yetərincə qəbul edilməlidir. Suyun xurma ilə içilməsi daha düzgündür. Bu da mədə-bağırsaq sistemimizin çalışması üçün əsasdır. Səhər yeməyində duzsuz pendir, soyutma yumurta, pomidor, xiyar, kəsmik, duzsuz şor, xurma və yulaf sıyığı istifadə edilməlidir.

 

İftar süfrəsində 1 su bardağı otaq temperaturunda su içməyimiz ac olan mədəni və həzmi rahat edir.

 

Daha sonra sulu yeməklərlə qidalanmağa üstünlük verilməlidir. Ağır, daha yüksək kalorili qidaların qəbulu mədə-bağırsaq sistemində həzmi çətinləşdirir. Bişmiş tərəvəzli, ətli yeməklərə, tərəvəz salatlarına üstünlük verilməlidir. Süfrə arxasında sürəkli oturub yemək düzgün deyil. Fasilə verilməli, sonra 1porsiya olaraq müxtəlif meyvələrə, 1 ovuc miqdarında çərəzlərə üstünlük verilməlidir. Belə qidalandıqda, orqanizmə lazım olan miqdarda karbohidrat, zülal, yağ, vitamin və minerallar almıs oluruq. Bu da immum sistemimizin gücləndirilməsinə yardımçı olur.  Bir məqamı da qeyd edim ki, Ramazan ayından fərqli olaraq, adi aylarda gecə vaxtı qidalanmaq düzgün deyil.

 

- Bəs Ramazan ayında kimlərə oruc tutmaq olmaz?

 

 - Ramazan ayında hamilə qadınlara, şəkərli diabet xəstələrinə, ürək-damar xəstələrinə, onkoloji xəstəliyi olan insanlara, cərrahi əməliyyatdan yeni çıxmış xəstələrə oruc tutmaq məsləhət görülmür.

 

Məlahət xanım, izləyicilərimizə daha nəyi tövsiyə edərdiniz?

 

- Mən sonda bir vacib məqamı da xüsusi vurğulamaq istərdim. Azərbaycanlılarda, ələlxüsus da yaşlı nəslin nümayəndələrində belə bir fikir formalaşıb ki, hər kəs yaşamaq, güclü olmaq, xəstəliklərdən qorunmaq üçün mütləq xəmir yeməklərindən istifadə etməlidir, çoxlu ət və çörək, şirniyyat yeməlidir. Bu tamamilə səhv fikirdir. Xəmir yeməkləri immun sistemini gücləndirmir, əksinə piylənmə kimi geniş yayılmış xəstəliyə səbəb olur. Ramazan ayında və karantin müddətində xəmir yeməklərindən, şirniyyatdan çox istifadə edilməsi məsləhət deyil. Kəpək unundan bişirilmiş çörəkdən gün ərzində 4-5 dilim istifadə edilə bilər. Əgər mədədə problem varsa, o zaman buğda çörəyindən suxari olaraq istifadə edilməlidir.

 

Tövsiyəm budur ki, bu müqəddəs ayda oruc tutanlar da, tutmayanlar da düzgün və sağlam qidalansınlar. Yalnız bu halda biz bütün xəstəliklərə qalib gələ bilərik. 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim