Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: Çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur
14.04.2022 12:14

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova şəkərli diabet xəstələrinin oruc tutması ilə bağlı suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Günay xanım, bildiyiniz kimi, müqəddəs Ramazan ayında müsəlmanlar oruc tuturlar. Şəkərli diabetdən əziyyət çəkən şəxslər oruc tuta bilərmi?

 

- Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf riskini artıra bilər. Belə ki, qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilər. Baş verə biləcək ağırlaşmaların əsasında qlükoza, sərbəst yağ turşuları, maye və elektrolit balansının mübadiləsində pozğunluqlar yaranır. Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır.

 

- İnsulin çatışmazlığı olan xəstələrin orqanizmində oruc tutarkən hansı dəyişikliklər baş verir?

 

- Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen ehtiyatını təmin edir. Oruc tutarkən yeməkdən uzunmüddətli imtina qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar hormonlar vasitəsi ilə qanda qlükozanın səviyyəsi tənzimlənir.


İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına gətirir. Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçündə risk faktorudur.

 

- Bəzi insanlar, hətta diabet olmayanlar belə oruc tutarkən daha çox aclıqdan deyil, susuzluqdan əziyyət çəkirlər....

 

- Susuzlaşma riski isti və rütubətli iqlimi olan ölkələrdə, eləcə də ağır fiziki fəaliyyətlə məşğul olan insanlarda çox yüksəkdir. Orucluq zamanı uzun müddət mayenin qəbul olunmaması susuzluğa səbəb ola bilər. Bu səbəbdən insan orqanizmində baş verən dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra bilər. Bir sıra tədqiqatların nəticələri oruc tutan xəstələrdə tutmayanlarla müqayisədə damar trombozlarının daha çox olduğunu göstərdi.

 

- Oruc tutan tip 1 və tip 2 şəkərli diabetli xəstələrinin risk qrupları hansılardır?

 

- Oruc tutan diabet xəstələri ağırlaşmalara görə 4 risk qruplarına bölünür:


Çox yüksək risk qrupu - qlükoza səviyyəsini kontrol etməyənlər, tip 1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə olan xəstələr və s;

Yüksək risk qrupu - hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s;


Orta risk qrupu - qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya bilənlər, hipoqlikemiyaya səbəb olma ehtimalı az olan dərman preparatlarını qəbul edənlər;


Aşağı risk qrupu - yalnız pəhriz və ya metformin, glitazonlar, qliptinlər ilə müalicə olunan kafi glikemik nəzarəti olan xəstələr, hər hansı bir yanaşı xəstəlikləri olmayanlar və s.

 

Qeyd edim ki, çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb