DKK-nin Tibbi Xidmət İdarəsi Beynəlxalq Sağlamlıq Gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirib
07.04.2022 17:17

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində  7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirilib. Cəmiyyətimizdə yaşlı insanlara hər zaman dərin ehtiram olub, ahıllar daim qayğı və nəvazişlə əhatə olunub. Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşırdı. Ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının aksiyaya cəlb edilmiş yüksəkixtisaslı həkimləri tərəfindən müəssisənin 120-yə yaxın sakini tibbi müayinədən keçib. Tədbirdə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisinin  müavini Rəna Qasımova, Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva və Mərkəzi Gömrük Hospitalının həkimləri iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqları Samir Mustafayev, Emin Allahverdiyev, endokrinoloqu Naidə Novruzova, oftalmoloq Aynurə Əliyeva, damar cərrahı Səbuhi Dadaşov, təcili yardım həkimi Bəylər İmanov, nevroloqlar Arzu Məhərrəmova, Mehriban Məmmədova, psixiatr İradə Ramazanova, uroloq Bəhruz Xalıqov, dermatoloq Sevinc Kərimova və sonoloq Tükəzban Abdullayeva pansionatın yaşlı sakinlərini müayinə edib, onlara tibbi məsləhətlər verib, lazım olan müalicələri təyin ediblər.

 

Tədbiri giriş sözü ilə açan DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bugünkü aksiyanın 2020-ci ilin avqust ayında start verilən  “Sağlam Ahıllar” xeyriyyə layihəsi çərçivəsində növbəti tədbir olduğunu bildirib: "Məqsədimiz ahıl insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir". 

 

İ.Əfəndiyev qeyd edib ki, aksiyada çoxprofilli həkimlər: kardioloqlar, terapevtlər, uroloqlar, cərrahlar, radioloqlar və tibb bacıları yaşlı insanları müayinə edəcək, tibbi xidmət göstərəcəklər. Burada yaşayan insanlar xəstəliklərinə uyğun olaraq yerində müayinə olunacaqlar. Mərkəzi Gömrük Hospitalından gətirilmiş dərmanlar ehtiyacı olanlara təyin ediləcək və onlar müvafiq müalicələrini alacaqlar”.

 

Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova aksiya çərçivəsində göstəriləcək tibbi xidmətlərdən danışaraq qeyd edib ki, bu müəssisədə yaşayan ahıllar daha çox nevroloji, kardioloji, uroloji, oftalmoloji, endokrinoloji və qan-damar xəstəliklərindən əziyyət çəkirlər. Onlar üçün hipoqlikemik dərmanlar, antibitiklər, ağrıkəsicilər, qan duruldan, qan artıran, qan təzyiqini tənzimləyən və s. ərmanlar gətirilib. Lazım olan zəruri aparatlar: arterial təzyiqi ölçən aparatlar, fonendoskopları hədiyyə olaraq onlara paylanılacaq. 

 

Tədbirin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehdiyeva və pansionatın sakinləri bu kimi xeyirxah aksiyanın keçirilməsinə görə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin minnətdarlıqlarını bildiriblər. Samirə Mehdiyeva Tibbi Xidmət İdarəsinin aksiyalar keçirməsinin ənənə halını almasını yüksək qiymətləndirib və qeyd edib ki, bu aksiyalar zamanı həkim briqadalarının pansionata səfəri, yaşlı insanları müayinə etməsi, lazımi dərmanlarla təchiz etməsi ahıllara göstərilən qayğı və diqqətin bariz nümunəsidir.

 

“Sağlam Ahıllar” xeyriyyə layihəsinin həyata keçirilməsi burada ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri və sağlamlıqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.  Bunun nəticəsidir ki, 2 ildən artıq davam edən COVID-19 pandemiyası pansionatda hiss olunmayıb. Bü gün keçirilən “Sağlam Ahıllar” tibbi müayinə tədbiri ahıl insanlar üçün ilk növbədə, çox böyük mənəvi dəstəkdir. Bu cür tədbirlərin hər biri ahıl insanlarda sonsuz sevinc və fərəh hissi yaradır”, - deyə o, əlavə edib. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

 

Yaşlı nəslə qayğı, diqqət həm də milli mənəviyyatımızın tərkib hissəsidir. Bu qayğının ən gözəl təcəssümü onlara baş çəkmək, səhhətləri ilə maraqlanmaq, sağlamlıqlarının qorunmasıdır. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin ahıl vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi bu cür aksiyalar bundan sonra da ənənə formasında davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər