Səhiyyə sisteminin təkmilləşdirilməsi diqqət mərkəzindədir
11.09.2020 10:11

Son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət və nəzarətindədir.

 

Bu barədə məlumat Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun "Respublika" qəzetində dərc olunan məqaləsində yer alıb.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2019-cu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra - TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra - Mərkəz) yaradılması haqqında Fərmanına əsasən qeyd edilən qurumlar artıq vahid adla və vahid struktur şəklində fəaliyyətini davam etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı, ölkədə qan və qan komponentlərinin donorluğu, qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan və qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədi daşıyır.

 

Bu gün Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılmasına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun dəstəyi ilə Mərkəzimiz dünyanın aparıcı şirkətlərinin müasir tibb avadanlığı ilə təchiz olunur, yenidən qurulur. Mərkəzimizdə çalışan tibbi personal üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər və seminarlar təşkil olunur.

 

Mərkəz olaraq əsas missiyamız qan xəstəlikləri ilə mübarizədə və qan bankı xidmətlərində vətəndaşlarımıza dövlətimizin şəfqətli qayğısını hiss etdirən, təbabətin çatdığı ən yüksək səviyyədə, etibarlı, mərkəzləşmiş və keyfiyyətli xidmət göstərən, xəstələrin hüquqlarına hörmətlə yanaşan, ətraf mühiti qoruyan, bacarıqlı tibb işçiləri yetişdirən, yenilikçi və daim özünü inkişaf etdirən qabaqcıl bir tibb müəssisəsi olaraq yüksək tibbi xidmət göstərməkdir.

 

Mərkəzimizdə və Mərkəzin Talassemiya bölməsində kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.

 

Görülən işlərlə Mərkəzin maddi-texniki bazası gücləndirilib, müalicə-diaqnostika fəaliyyəti ən müasir protokollara uyğunlaşdırılıb, əksər həkimlər və tibbi personal xarici ölkələrə uzunmüddətli kurslara göndərilib, tibbi sənədləşmə tamamilə elektronlaşdırılaraq “Elektron Klinika” yaradılıb, elmi işlərə start verilib. Ölkə başçısının “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə Laboratoriyası” ilə təmin olunmasına dair imzaladığı Sərəncamla alınan cihaz və avadanlıqlar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycandadır. Bu, Mərkəzin bölgənin ən mühüm genetik diaqnostika mərkəzinə çevrilməsi istiqamətində mühüm addımdır.

 

Müəssisələr birləşdikdən sonra Mərkəzin (əvvəlki B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu) poliklinika şöbəsi, stasionar şöbəsi, hemotransfuziya şöbəsi, gündüz stasionarı (ambulator kimyəvi dərman müalicəsi) şöbəsi, reanimasiya şöbəsi, mikrobioloji, biokimyəvi və digəri şöbələri yenidən qurulur. Mərkəzin Qan Bankında və bölgələrdə fəaliyyət göstərən bölmələrində yenidənqurma işləri, tibbi cihaz və adanlıqların tam avtomat cihazlarla əvəz edilməsi prosesinə başlanılıb. Prosesin gedişatında bölgələrdə yeni laboratoriyaların qurulması işləri də aparılır. Bununla da bölgələrimizdə yaşayan vətəndaşlarımız qan bankı xidmətləri sahəsində yüksək tibbi xidmətlə təmin edilmiş olacaq.

 

2019-cu ilin sonlarından etibarən bütün dünyada yayılan koronavirus (COVİD-19) pandemiyası bizim ölkədən də yan keçmədi. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə çevik tədbirlər görülüb. Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların inşası, yeni müasir laboratoriyaların yaradılması, birdəfəlik istifadə üçün tibbi maskalar və tibbi qoruyucu kombinezonların istehsalı müəssisəsinin yaradılması görülmüş tədbirlərin bir hissəsidir və bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

 

Mərkəz olaraq biz də koronaviruslu xəstələrin müalicəsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməkdəyik. Koronavirus xəstələrinin müalicəsi üçün istifadə olunan immun plazma Mərkəzimizdə hazırlanır və ağır durumda olan xəstələrə köçürülür. Qeyd edək ki, immun plazma müalicəsi COVİD-19 diaqnozu ilə müalicə alıb sağalmış insanlardan könüllülük prinsipi əsasında toplanır. Bu günə qədər koronavirus infeksiyasından sağalmış 82 nəfər donordan toplanan 281 vahid immun plazma 179 xəstəyə köçürülüb.

 

Mərkəzimizdə fəaliyyət göstərən və Mərkəzimizin həkimlərindən ibarət olan işçi qrupu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın əsas fəaliyyətlərindən biri olan tibb müəssisələrinin və müasir tipli PZR laboratoriyalarının yenidən qurulmasında, hazırda ölkəmizdə əhali qrupları arasında SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində seroloji testlərin aparılmasında da aktiv və fəal şəkildə iştirak edirlər.

 

Əlavə olaraq qeyd edək ki, virusa yoluxma hallarının qarşısının alınması və bizim müəssisəyə müraciət edən vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Mərkəzimizdə ambulator və stasionar şəraitdə müayinə və müalicəyə qəbul olunan xəstələr üçün daxili təlimat hazırlanmışdır. Mərkəzimizə müraciət edən vətəndaşlarımıza təlimata əsasən peşəkar tibb heyəti tərəfindən xidmət olunur.

 

Bu il bütün dünyada tüğyan edən koronavirus pandemiyası hər ölkədə olduğu kimi, bizim ölkəmizdə də qan donorluğu istiqamətində ciddi problemlər yaratdı. Ancaq ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı ilə bu problemin də öhdəsindən el birliyi ilə gələ bildik. Bir məsələni də diqqətə çatdıraq ki, 2020-ci ildə Mehriban xanım Əliyevanın xalqa çağırışından sonra ölkəmizdə irsi qan xəstəliyindən və digər hematoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək etmək məqsədilə ilk növbədə Heydər Əliyev Fondu və digər təşkilatlar, qurumlar və siravi vətəndaşlar bu təşəbbüsdən irəli gələn qanvermə aksiyalarına qoşularaq qan ehtiyacı olan vətəndaşlarımıza yardım etdilər. Bu nəcib və xeyirxah təşəbbüsə görə Mehriban xanım Əliyevaya pasiyentlərimiz və Milli Hematologiya və Transfuziologiya Mərkəzi adından dərin təşəkkürümüzü bildiririk. Bu il Aşura günündə vətəndaşlarımız pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində qan verdilər. Mərkəz olaraq bu xeyirxah əməldə də insanlarımızın yanında olduq.

 

Aşura günündə səhər saatlarından günün sonuna kimi yüzlərlə vətəndaşımız Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və regionlarda yerləşən bölmələrində talassemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımız üçün könüllü qan verdilər.

 

Əminliklə deyə bilərik ki, yeni yaradılan Milli Hematologiya və Transfuziologiya Mərkəzi bütün hematoloji, o cümlədən talassemiyalı, hemofiliyalı pasiyentlərin bütün yaş qruplarına, eləcə də bölgələrimizdə yaşayan talassemiyalı və digər hematoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərə göstərilən tibbi xidmətin yüksəldilməsinə, Mərkəzdə və regionlarda qan bankı xidmətində beynəlxalq standartların tətbiqinə xidmət edir.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb