“Xəstələr buna əməl etməzsə, qəflətən komaya düşə, ölə bilər” - Həkim-hepatoloqdan hepatitlərlə bağlı bilmədiklərimiz
10.09.2020 14:37

“Ölkəmizdə hepatitlərlə bağlı vəziyyət qənaətbəxşdir”.

 

5 il öncə ilə müqayisədə hazırda antiviral preparatların ölkəmizdə kifayət qədər olması hesabına virusdan ölənlərin sayında azalma müşahidə olunur. Xəstə vaxtında həkimə müraciət etmədikdə, məsələn, qaraciyər sirrozu inkişaf edərsə antiviral müalicə apardıqda belə demək olar ki, müsbət nəticə almaq olmur.

 

Bu barədə həkim-hepatoloq Aqşin Salmanov Aztibb.az-a müsahibəsində məlumat verib.

 

- Azərbaycanda ən çox yayılan virus xəstəlikləri hansılardır?

 

– Hazırda ölkəmizdə yayılmış virus xəstəlikləri - kəskin respirator viruslar, hepatitlər, herpes toksoplazmoz sitomeqalovirusu qeyd etmək olar.

 

- Azərbaycanda bu gün hepatitlərə yoluxma ilə bağlı vəziyyət necədir? Və ən təhlükəli hepatit hansıdır?

 

- Ölkəmizdə hazırda hepatitlərlə bağlı vəziyyət qənaətbəxşdir. 5 il öncə ilə müqayisədə hazırda antiviral preparatların ölkəmizdə kifayət qədər olması hesabına virusdan ölənlərin sayında azalma müşahidə olunur. Xəstə vaxtında həkimə müraciət etmədikdə, məsələn, qaraciyər sirrozu inkişaf edərsə antiviral müalicə apardıqda belə demək olar ki, müsbət nəticə almaq olmur. Çünki artıq qaraciyər birləşdirici toxuma ilə əvəz olunur. Onu da qeyd etmək lazımdır ki, hepatitlər bəzən xəstələrdə simptomsuz da gedə bilər. Bəzən də kataral artralgik dispeptik astenovegetativ əlamətlərlə başlaya bilər. Xəstəlik klassik olaraq özünü əsasən sarılıqla büruzə verir. Digər sarılıqlardan fərqli olaraq xəstələrin skelralarında zəfəranı sarı rəng müşahidə olunur. Hepatit - hepar qara ciyər deməkdir. Hepatit qaraciyərin xroniki iltihabi xəstəliyi olub, qaraciyər parenximasının diffuz zədələnməsini ehtiva edir. Hepatitlər virus mənşəli və qeyri-virus mənşəli olmaqla 2 böyük qrupa bölünürlər. Virus mənşəli hepatitlər A, B, C, E, D virusları tərəfindən törədilir. Qalan hepatitlər isə genetik, toksiki, autoimmun, medikamentoz mənşəli mübadilə pozğunluğu nəticəsində, əsasən mis, dəmir mübadiləsinin pozulması nəticəsində yarananlardır.

 

- Hepatitə qarşı hansı yollarla mübarizə aparılmalıdır və peyvənd insanı bu virusdan qoruya bilirmi?

 

- Bildiyimiz kimi, hepatit C virusu RNT tərkibli virusdur və buna qarşı peyvənd yoxdur. Hepatit B virusuna qarşı isə peyvənd var. Yeni doğulmuş uşaqlara da bu peyvənd vurulur. Yoluxmanın qarşısını almaq üçün istənilən yaşda bu peyvənddən istifadə eləmək olar. Heptit B virusu bəzən orqanizmdən tam çıxa, sağala bilər. Buna spontan sağalma deyilir. Lakin hepatit C belə deyil. Hepatit B daha ağır, hepatit C isə daha proqressiv gedişə malik, qısa zaman ərzində letal sonluqla nəticələnə bilən qaraciyərin virus xəstəliyidir. Bu viruslar parenteral yolla, yəni qan vasitəsilə keçən qaraciyər xəstəliyidir. Əsasən narkomanlar arasında geniş yayılıb. Buna səbəb eyni şpritsdən bir neçə insanın istifadəsi nəticəsində bir nəfərdə olan virusun digərlərinə də yayılmasıdır. Stomatoloji, ginekoloji kabinetdə, gemodializdə, qan köçürülməsi zamanı, manikür, pedikür edilən yerlərdə virusun yayılma intensivliyi daha yüksəkdir.

 

- Virus daşıyıcısı necə davranmalıdır? Hansı müayinələrdən keçməlidir?

 

- Hepatit C virusu daşıyan şəxslər çox məsuliyyətli olmalı, ən azından sadə gigiyenik qaydalara əməl etməlidirlər. Öz qayçısı, üzqırxan aparatı kimi gigiyenik əşyalarını heç kimə verməməlidir. Tibbi prosedurlara gedərkən həkimləri daşıyıcı olduqları barədə məlumatlandırmalıdırlar. Onlar buna görə birbaşa məsuliyyət daşıyırlar. Virus daşıyıcıları ən azı 3-6 aydan bir tibbi, laborator müayinələrdən keçməlidirlər. Qaraciyər enzimlərində dəyişiklik ola bilər. Ultrason müayinəsində qaraciyərdə, dalaqda dəyişikliklər izlənə bilər. Virusun yükünə nəzarət edilməlidir. Virusun yükü qanda artarsa proses daha da proqressivləşib, qaraciyər sirrozuna keçə bilər.

 

 - Qaraciyər sirrozu necə xəstəlikdir? Müalicəsi varmı?

 

- Qaraciyər sirrozu qaraciyərin ən ağır patalogiyası sayılır. Çünki burada artıq qaraciyər hepatasitlərinin sayının azalması və get-gedə zədələnməsi, regenerasiya prosesinin zəifləməsi, qaraciyərin bərkiməsi, yəni birləşdirici toxuma ilə əvəz olunması baş verir. Bununla da qaraciyər öz funksiyasını itirməyə başlayır. Qaraciyər sirrozu olan şəxslər periodik olaraq müayinədən keçməlidirlər. Əgər kompensasiya mərhələsindədirlərsə, dərman maddələri vasitəsi ilə prosesin qarşısını nisbətən almaq olur. Bu xəstələrin 15-20 ilə qədər yaşama şansı olur. Lakin pəhriz qaydalarına əməl etməli, zərərli vərdişlər olmamalı, mütəmadi olaraq dərmanlarını qəbul etməli, daim həkim nəzarətində olmalıdırlar. Qaraciyər sirrozunda dekampensasiya mərhələsi baş veribsə, həmin xəstələrin çiyin qurşağı əzələləri hipotrofiyaya uğrayır. Qaraciyər ovucu, qaraciyər dili, assit - qarın boşluğunda mayenin toplanması, ginekomastiya – kişilərdə süd vəzilərinin böyüməsi və digər kliniki əlmətlərlə özünü büruzə verir. Və bu artıq prosesin kritiki olduğuna dəlalət edir.

 

– Nə zaman xəstə müalicəyə tabe olmur və ölüm baş verir?

 

 - Nəzərinizə çatdırmaq istəyirəm ki, qaraciyər xəstələri öz həkimləri ilə mütəmadi əlaqədə olmalı, onları məlumatlandırmalı, prosesin gedişindən asılı olaraq 2-6 aydan bir laborator və instrumental müayinələrdən keçməlidirlər. Xəstələr buna əməl etməzsə, qəflətən komaya düşə, ölə bilərlər. Onlar daim pəhriz saxlamalı, dərmanlarını nizamlı qəbul eləməlidirlər. Adi səhv çox ağır nəticələnə bilər.

 

 – Qaraciyər piylənməsinin səbəbləri nədir?

 

- Qaraciyər piylənməsi qaraciyər hüceyrlərində - hepatasitlərində piy damlalarının toplanması və nazik piy təbəqəsinin yaranması ilə nəticələnən xroniki iltihabı xəstəlikdir. Bu alkoqol və qeyri-alkoqol mənşəli olur. Alkoqoldan istifadə edən arıq şəxslərdə piylənmənin yaranması bəzən şübhələrə səbəb olur. Burada vizual olaraq deyil, qaraciyərdə gedən prosesi dəyərləndirib qərar vermək lazımdır. Qeyri-alkadil mənşəli isə şəkərli diabet xəstəliyi, orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bunun qarşısı vaxtında alınmazsa, proses hepatitə, yəni qeyri-viral mənşəli hepatit yaranır. Eyni zamanda fibroza, o isə sirroza çevrilir. Bu da letal sonluqla nəticələnir.

 

- Yemək, enerji içkiləri və alkoqol qaraciyərin işinə necə təsir edir? Vitaminlər və antibiotiklərin qara ciyərə təsiri necədir?

 

- Bəzi dərman vasitələrinin qaraciyərə təsiri – analgetik maddələr, iltihab əleyhinə dərman vasitələri, antibiotiklər, xüsusilə makrolid, aminoqlikozidlər qara ciyərə çox güclü toksiki təsir göstərir. İltihab əleyhinə olan dərmanlar periodik olaraq qəbul edilərsə, qarciyər toxumasının zədələnməsinə, qaraciyərin toksiki medikamentoz hepatitinə gətirib çıxarır. Arzuolunmaz hamiləliyin qarşısı almaq məqsədilə istifadə olunan peroral konstraseptiv maddələr də qaraciyərə toksiki təsir göstərən maddələrdir. Əfsuslar olsun ki, cavanlar psixoloji olaraq sanki əhval-ruhiyyənin yaxşılaşması və enerjinin olması üçün energetik içkilərdən mütəmadi istifadə edir və qara ciyərlərini zədələyirlər. Hipotoniklər - arterial təzyiqi aşağı olan şəxslər kofein və taurin tərkibli energetik içkilərdən istifadə edənlər, bu məhsulların onların orqanizmlərinə müsbət təsir etdiyini düşünürlər. Ölkəmizdə çox geniş yayılmış özünümüalicə metodlarından biri də həkimin nəzarəti olmadan antiparazitar dərmanlardan istifadədir. Yəni məsələn, məndə qurd var deyərək, helmint əleyhinə pereparatlardan istifadə edilir. Bu maddələr də qaraciyərə toksiki təsir göstərir. Bunlar sxemlə, həm də qurdun mənşəyinə görə təyin olunmalıdır. Təəssüf ki, bu pereparatlar hazırda çox geniş istifadə olunur. Bu da həmin insanların o istiqamətdə tibbi maariflənməmələrinə dəlalət edir.

 

- Mədə-bağırsaq sistemində yaranan xəstəliklər hansılardır? Yaranma səbəbləri? Hansı müalicə yolu izlənilir?

 

- Mədə-bağırsaq sistemi xəstəlikləri arasında hazırda ən geniş yayılmış qastritlər, zafagit, mədə və onikibarmaq bağırsaq xoraları, əsasən yaşlılarda koliclərdir. Gənclərdə əsasən xoniki qastrit və xoralardır ki, buna da səbəb qidalanma rejiminə əməl etməmək, psixi emosional gərginlik, alkoqolizm və siqaretdən istifadədir. Həmçinin bir sıra dərman maddələrindən mütəmadi istifadə həzm traktında, mədə və onikibarmaq bağırsaqda problemlərin yaranmasına gətirib çıxarır. Xəstələr belə hallarda bəzən təbii vasitələrdən istifadə etməyə çalışırlar. Artıq qanaxma-perforasiya, yəni mədədə deşilmə olanda həkimə müraciət edirlər. Bu da düzgün yanaşma deyil. Əgər kliniki əlamətlər – epiqastral nahiyədə ağrı, qıcqırma, ağızda turş dad, döş sümüyü arxasında göynəmə varsa həkimə müraciət eləmək lazımdır.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb