Maya Səbzəliyeva: "“İmmunoksir” adlanan məhsulumuz COVID-19-la mübarizədə effektiv vasitədir"
09.02.2022 20:17

Məlum olduğu kimi, elm və istehsalat arasında körpü rolunu oynayan AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq, eləcə də gənc sahibkarların inkişafına yol açmaq istiqamətində fəaliyyətini uğurla davam etdirir.

 

Hazırda parkın nəzdində elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılmasında fəal rol oynayan bir neçə rezident, eləcə də inkubator rezidentlər fəaliyyət göstərir.

 

Texnoparkın inkubator rezidentlərindən olan fərdi sahibkar Maya Səbzəliyeva ilə həmsöhbət olduq.

 

- Maya xanım, əvvəlcə fəaliyyətinizdən bəhs edərdiniz. İstehsal etdiyiniz məhsullar hansı sahələri əhatə edir?

 

- 4 ildən artıq müddətdir ki, “SmFreshOil” əmtəə nişanı altında orqanik məhsulların istehsalı və satışı ilə məşğuluq. Fəaliyyətimizə ilk olaraq soyuq sıxım yağların istehsalı ilə başladıq. Daha sonra məhsulların çeşidlərinin artırılması istiqamətində işlər görərək yeni məhsul növləri istehsal etməyə başladıq. Yağlardan əlavə, hazırda qlütensiz unlar, əzmələr, bitki toxumlarının jmıxlarının və s. istehsalını həyata keçiririk.

 

Əsas özəlliyimiz məhsullarımızın konservantsız, qatqısız və yüksək keyfiyyətli olmasına üstünlük verməkdir. İstehsal olunan məhsulların orqanik olması onların istifadə müddətinin daha qısa olmasına səbəb olur.

 

Bildiyimiz kimi, AMEA Yüksək Texnologiyalar Parkının inkubator rezidenti kimi fəaliyyət göstərirsiz. Texnoparkın rezidenti olmaq sizə hansı üstünlüklər qazandırdı?

 

- Fəaliyyətimizin Yüksək Texnologiyalar Parkında təşkil olunmasında burada tətbiq olunan güzəştlərin böyük rolu olub. Burada inkubator rezident kimi fəaliyyət göstərməyin bir sıra üstünlükləri vardır. Kommunal xərclərdən azad olunmağımız bizə çox böyük dəstəkdir. Rezident müəssisələrin isə 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisi ilə birgə avadanlıqların idxal rüsumlarından da azad edilməsi onların fəaliyyətini daha da genişləndirməyə, yeni texnologiyaları ölkəyə gətirməklə innovativ məhsullar istehsal etməyə imkan verəcək. 

 

Həmçinin bu sahədə yerləşən bütün obyektlər, eləcə də bizim istehsal ərazimiz 7/24 mühafizə edilir. Bir-birinə hər mövzuda daima dəstək olan belə komandanın üzvü olduğumuz üçün çox məmnunuq. YT Parkda fəaliyyətimizin genişləndirilməsinə şərait yaradıldığı üçün AMEA və texnopark rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

 

- Məhsullarınız arasında COVID-19 virusu ilə mübarizə zamanı istifadə olunan effektiv vasitələr mövcuddurmu?

 

- Məhsullarımız həm müalicə məqsədilə daxilə qəbul edilə, həm də qida vasitəsi kimi istifadə edilə bilər. Eləcə də saç və üz baxımı üçün kosmetik vasitə kimi faydalıdır.

 

Biz əsas diqqətimizi daima müştərinin tələbatına yönəldirik. Buna görə də hazırkı COVID-19 pandemiyası dövründə insanların immunitetinə dəstək olan məhsulların istehsalını da həyata keçiririk. “İmmunoksir” adlanan məhsulumuz çox qısa bir zaman ərzində müştərilərimiz tərəfindən müsbət rəy aldı. Buna səbəb isə məhsulun qəbulunun çoxşaxəli müsbət effektlərə səbəb olması ilə bağlıdır.

 

“İmmunoksir” müxtəlif müalicəvi bitki və ədviyyatların bal ilə qarışığından ibarət olan məcundur. Tərkibi xüsusi mütəxəssislər tərəfindən düşünülmüş və tərtib edilmişdir. Qarazirə, itburnu, zəncəfil, küncüt yağı, keçibuynuzu bəkməzi, nar çəyirdəyi unu, propolis ekstraktı, exinaseya ekstraktı, çiçək tozu, sarıkök, spirulina, mixək və baldan ibarət olan bu məhsulun bir çox faydaları vardır. O,  immun sistemini gücləndirir, günlük immun dəstəyi təmin edir, virus əleyhinə və antibakterial xüsusiyyətə malikdir, öskürəyi aradan qaldırır, bəlğəmgətiricidir, anemiya əleyhinə effektlidir, iştahı yaxşılaşdırır, metabolizmi sürətləndirir, həzm sistemini yaxşılaşdırır, təbii vitamin və mineral mənbəyidir, güclü antioksidantdır, eləcə də enerji mənbəyidir, gümrahlıq verir.

 

- Bu yaxınlarda “SmFreshOil” brendi ilə Türkiyənin Antalya şəhərində keçirilən 28-ci Beynəlxalq Qida və İçkilər Sərgisində ölkəmizi layiqincə təmsil etmisiz. Bu sərgidə iştirakınız yeni biznes əlaqələrinin qurulması baxımından hansı imkanlar gətirdi?

 

- “SmFreshOil” brendi ilə bundan öncə də dəfələrlə bir sıra ölkədaxili sərgilərdə iştirak etmişik, lakin ilk dəfədir ki, beynəlxalq sərgidə iştirak edirdik. Sərgidə iştirakımız Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə baş tutdu. Bu sərgidə iştirak “SmFreshOil”ə böyük təcrübə qazandırdı. Sərgidə məhsullarımız böyük maraqla qarşılandı, distribütorluq təklifi ilə müraciət edənlər də oldu və hazırda bu yöndə danışıqlarımız davam edir. Bundan əlavə, sərgi motivasiya gücümüzü artıraraq biznesimizin inkişafı üçün yeni ideyaların, ambisiyaların yaranmasına səbəb oldu. Ölkəmizin adının “Made in Azerbaijan” nişanı ilə tanıdılması artıq bir arzuya deyil, hədəfimizə çevrilib.

 

- Bir az da gələcək planlarınız haqqında danışardınız. Yaxın zamanda nə kimi layihələrin icrası nəzərdə tutulur?

 

- Gələcək planlarımız çoxdur. Bunların arasında məhsullarımızın satış kanallarının artırılması əsas yer tutur. Əvvəlcə Bakıda, daha sonra bölgələrdə satış nöqtələrimizi açmağı planlaşdırırıq. Müştərilərimizin tələbatına əsasən bəzi yeni çeşid məhsulların da istehsalı nəzərdə tutulub.

 

“SmFreshOil” komandası olaraq yaxın gələcəkdə “Made in Azerbaijan” nişanlı məhsulların dünyada tanıdılmasına dəstək vermək əsas hədəflərimizdən biridir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb