Tibb Universitetində Gənclər Günü qeyd olunub
29.01.2022 15:42

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu münasibətlə Azərbaycan Tibb Universitetində tədbir keçirilib. “Azərbaycan Gəncləri Günü-25” adlı toplantının açılışında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Aztibb.az xəbər verir ki, sonra Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev iştirakçıları salamlayıb və toplantını açıq elan edib.

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Onun sözlərinə görə, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub: “1996-ci ilin 2 fevralında Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. 1997-ci ildən isə ölkəmizdə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər Günü qeyd olunur: “Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. İndi ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir”.

 

Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirildiyini deyən R.Abbasov vurğulayıb ki, Prezident İlham Əliyevin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

 

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov çıxışına gənclərimizi bu gün münasibətilə təbrik etməklə başlayıb. Prorektor xatırladıb ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gənclər siyasətində də müsbət tendensiyalar müşahidə olunmağa başladı. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildə gənclərin I forumu keçirildi. Bir il sonra Azərbaycan Gəncləri Günü elan edildi. Gənclərin inkişafı üçün atılan addımlar sayəsində tezliklə Azərbaycanda güclü vətənpərvər gənclər ordusu formalaşdı. Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edənlər də məhz bu gənclərimiz oldu. Bu günkü tədbirimizdə də müharibə iştirakçıları, qazilərimiz iştirak edir. Onları da salamlayır və təbrik edirəm. Müharibədə həm döyüşüb, həm də insan həyatını xilas edən hərbi həkimlər arasında ATU-nun məzunları əksəriyyət təşkil edir. Xatırlatmaq yerinə düşər ki, 2000-ci ildə ATU-da hərbi fakültənin açılması da məhz ulu öndərin təşəbbüsü ilə baş tutub”.

 

Bu gün dünya, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, həyatda öz layiqli yerini tapmaq üçün yüksək savad və bacarıq tələb olunur. Ona görə də hər bir sahədə - istər səhiyyə, istər təhsil, istərsə də elm və ya iqtsadiyyat olsun – işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar”.

 

Prorektor Azərbaycan gənclərinin II forumunda ümummilli lider Heydər Əliyevin gənclərə müraciətini yada salıb: “Ulu öndər deyib: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”

 

Ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kurs bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıb.

 

Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramları xüsusi qeyd edilməlidir. Dövlət başçısı qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir.

 

Hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır. Prezidentin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu”.

 

Z.Musabəyovun sözlərinə görə, bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir: “Bu gün dövlətimiz, prezident, Ali Baş Komandan hər bir vətəndaşının, o cümlədən hər bir gəncin yanındadır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün Azərbaycanın inkişafı yolunda əzmlə addımlayırlar”.

 

Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva, ATU-nun Tələbə Həmkarlar Komitəsinin sədri Qoşqar İsmayılov, Tələbə Gənclər Təşkilatının sədr müavini Gülnaz Hüseynova və Vətən müharibəsi qazisi Kənan Kərimli dövlətimizin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütdüyünü söyləyiblər. Natiqlər gənclər siyasətinin səmərəli həyata keçirildiyini, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradıldığını, onların təhsil, sağlamlıq və məşğulluq məsələlərinə diqqətin artırıldığını vurğulayıblar. 

 

Tədbirin sonunda gəncləri düşündürən suallar cavablandırılıb, səslənən təklif və rəylərə aydınlıq gətirilib. Eləcə də rayonun ictimai-mədəni həyatında yaxından iştirak edən bir qrup gənc fəala, o cümlədən Vətən müharibəsi qazilərinə “Fəxri fərman”lar təqdim olunub.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Sağlamlıq haqqında tibbi arayışı elektron formada necə əldə etmək olar?
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları