
"Hazırda “omikron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil".
Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omikron” ştamı ilə bağlı gələn sualları cavablandırarkən belə deyib.
- Koronavirusun yeni variantı olan “omikron” ştamı haqqında nə məlumdur? Yeni ştamın digər mutasiyalardan fərqləri hansılardır?
Koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzindədominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omikron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir, proses əsasən yuxarı tənəffüs yollarında gedir.
Yeni ştama yoluxma ilə bağlı karantin müddəti nə qədərdir?
Koronavirusun “omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.
“Omikron” ştamına yoluxma olduqda bədənin bərpası üçün nə qədər vaxt lazımdır?
Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omikron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur).
Yeni ştam necə aşkarlanır?
– COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “omikron” ştamı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.
- Bu xəstəliyin spesifik simptomları hansılardır?
- Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsinə daha az rast gəlinir.
- COVID-19-un yeni mutasiyasından necə qorunmalıyıq?
- Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir.
- Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək.
- Koronavirusun omikron variantının əlamətlərinin olduğu düşünülürsə, nə etməli?
- Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcris etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvləri ilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalı. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır.














