Tibb Universitetində yeni fənn tədris olunur
12.01.2022 15:30

"Tələbə, rezident və ya tədqiqatçıların biostatistika elmini dərindən mənimsəməsi zamanın tələbidir".

 

Aztibb.az xəbər verir ki, ATU-nun Tibbi və bioloji fizika kafedrasının dosenti İsmayıl Qafarov ATU-da yeni tədris olunan Biostatistika fənni ilə bağlı fikirlərini bölüşüb.

 

- İsmayıl müəllim, biostatistika elmi insanlara o qədər də tanış deyil. İstərdik, əvvəlcə bu elmin tarixi barədə məlumat verəsiniz.

Biostatistika elminin tarixini şərti olaraq bir neçə dövrə bölmək olar: XVIII əsr (təsviri dövr), XIX əsrin I yarısı (elmi anlam dövrü), XIX əsrin II yarısı (formalistik dövr), XX əsrin əvvəlləri (rasionalistik dövr), daha sonra klassik dövr və müasir, yəni tətbiqi dövr.

 

Öncə qeyd edim ki, statistika - bütün təbiət elmlərində istifadə oluna bilən universal qanunlardan ibarətdir. Bütün təbiət elmlərində alınmış nəticələrin dürüstlüyünu isbat etmək üçün riyazi üsullardan istifadə olunur. Digər elmlərə nisbətən yaşının az olmasına baxmayaraq, biostatistika çox geniş spektrli bir elm sahəsidir və haqqında kifayət qədər fundamental kitablar mövcuddur.

 

- Bu elmin tibb sahəsi üçün nə kimi əhəmiyyəti var?

- Müasir elmi-texniki tərəqqi təbiət elmləri sahəsində çalışan bütün mütəxəssislərin qarşısına yeni tələblər qoyur. Hər bir ixtisas sahibi öz sahəsini dərindən bilməklə yanaşı, həm də ətrafında baş verən hadisələri öyrənməli və aşkar etdiyi qanunauyğunluqların insanların rifahı naminə istifadəsinə şərait yaratmalıdır. Bu baxımdan tibb və biologiya sahəsində çalışanların üzərinə daha böyük məsuliyyət düşür.  

 

Biostatistika - müayinə və ya müşahidələr nəticəsində əldə edilmiş kəmiyyət və keyfiyyət göstəricilərinin riyazi-statistik analizi nəticəsində öyrənilən tibbi və bioloji obyektin (prosesin) yeni xüsusiyyətlərinin aşkara çıxarılmasına xidmət edən bir elm sahəsidir. Tibbi və ya bioloji obyektlərin öyrənilməsi əsasən müşahidə və müayinələrə əsaslanır. Müşahidə və müayinələr əsasında əldə edilən məlumatlar faktlardan ibarət olur. Amma bu faktlar hələ elm demək deyil. Toplanmış faktların analizi bu məlumatları sistemləşdirməyə, qiymətləndirməyə və elmi nəticələrin əldə olunmasına kömək edir. Alınmış faktların statistik dürüstlüklə müşayiət olunan fraqmentləri elmi nəticə kimi qəbul edilə bilər.

 

- Biostatistikanı təbiət elmlərindən fərqləndirən hansı cəhətlər var?

- Dəqiq təbiət elmlərindən fərqli olaraq, biologiya və tibb sahəsində riyazi-statistik qanunların istifadəsində obyektlərin təbii dəyişkənliklərinin nəzərə alınması biostatistikanın spesifikliyini şərtləndirir. Biostatistika ehtimal nəzəriyyəsi və riyazi statistikanın fundamental qanunlarına əsaslansa da, məhz riyaziyyatın deyil, biologiyanın bir sahəsi kimi qəbul edilib. Çünki yaşadığımız dövrdə fərdi kompüterlərin, müasir proqram təminatının yaranması nəticəsində təkcə riyaziyyatçılar deyil, digərləri kimi tibb və biologiya sahəsində çalışan tədqiqatçılar da statistik metodlardan öz tədqiqatlarında geniş istifadə imkanlarına malikdir. Burada bütün hesablamaları kompüter aparır və tədqiqatçıya son nəticəni təqdim edir. Tədqiqatçıya ancaq statistik nəticəni qiymətləndirmək qalır.

 

- Bu elm artıq müstəqil fənn kimi bu ildən etibarən ATU-da tədris olunmağa başlayıb. Tələbələrin biostatistikanı mənimsəməsində qarşıya hansı məqsəd qoyulub?

- Bəli, bu ildən başlayaraq Tibb Universitetinin bütün tələbələri üçün bu fənnin tədrisi nəzərdə tutulub. Fənni mənimsədikdən sonra tələbələr müşahidə və müayinələr nəticəsində alınmış göstəricilər üzərində kəmiyyət və keyfiyyət analizi aparmağı, statistik hipotezləri qəbul və ya inkar etməyi, statistik analiz nəticəsində öyrənilən obyekti dəyərləndirməyi bacarmalıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, tələbələr bu fənnə çox maraq göstərirlər. Bəzən dərsdə vaxtın necə keçdiyini hiss etmirəm. Çünki bu fənn praktik istifadədə ixtisas sahibindən dərin riyazi biliklərin olmasını tələb etmir. Bu baxımdan biostatistikanın tədris proqramı universitetimizin tələbələri tərəfindən yaxşı mənimsənilir. Digər tərəfdən, müasir texnologiyalar əldə edilmiş informasiyanın istifadə dairəsinin genişlənməsində böyük rol oynayır.

 

- Bu elm sahəsinə dair Azərbaycan dilində dərs vəsaitləri varmı, tələbələrimiz hansı mənbələrdən istifadə edir?

- Təəssüf ki, hələ öz dilimizdə belə kitablar yoxdur. Mən mühazirələrimi hazırladığım müxtəlif üsullarla və kompüter vasitəsilə tələbələrə çatdırıram. Bu sahə üzrə dərs vəsaitinə gəldikdə isə, “Biostatistika” adlı kitabım demək olar ki, çapa hazırdı. Bir sıra texniki məsələlər yekunlaşdıqdan sonra yaxın zamanlarda işıq üzü görəcək. Ümumiyyətlə, demək istərdim ki, tələbə, rezident və yaxud da hər hansı bir tədqiqatçı bu elmi dərindən mənimsəməlidir. Onların gələcəkdə çalışdığı sahə üzrə öz bacarıqlarından düzgün istifadə edə bilməsi üçün bu elmi öyrənməsi mütləq lazımdır. Çünki bunu bizdən yaşadığımız zaman tələb edir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub