Müxtəlif mənşəli küylərin sağlamlığa zərəri – Akustik ekologiya
23.09.2021 14:44

Müxtəlif elektron cihazların, elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanı işdə, məişətdə, istirahət yerlərində bir çox zərərli səslərin təsirinə məruz qoyur. Əlverişsiz akustik təsiri hər iki adamdan biri bu və ya digər dərəcədə hiss edir.  Elektron texnika və avadanlıqların yaratdığı müxtəlif mənşəli səs və küylər insanlar üçün böyük təhlükə mənbələrindəndir. Odur ki, ekologiyanın qlobal problemləri arasında səs çirklənməsi ən həyəcanlı problemlərdən hesab olunur.

 

Aztibb.az akustik küy çirklənməsinin ətraf mühit və insan sağlamlığı üçün yaratdığı potensial təhlükələr haqqında yazını təqdim edir.

 

Hazırda texnika və texnologiyaların inkişafı nəticəsində yaranmış müxtəlif səs mənbələri "akustik ekologiya", "küy çirklənməsi" anlayışları ilə xarakterizə edilən mühit yaradıb.

 

Texniki ədəbiyyatda küy adətən səsin narahatlıq yaradan arzuolunmaz səviyyəsi kimi tərif edilir. Küyün səslə real sərhədi fərdin səs qəbuletmə xüsusiyyətlərindən asılıdır və kifayət qədər böyük həddə dəyişə bilər.

 

Ümumilikdə səs, səs mənbəyi tərəfindən generasiya edilən dalğalar olub, onu əhatə edən mühitin hərəkətə gətirməklə qulaq aparatına göstərdiyi təzyiq dəyişmələrinin yaratdığı hissdir.

 

İnsana təsirini xarakterizə etmək üçün əsasən səsin ucalığı, tezliyi ,tərkibi və səviyyəsinin zamana görə dəyişməsinə uyğun olaraq 8 saat ərzində səviyyənin dəyişməməsi və ya 5 db-dən artıq dəyişməsi kimi göstəricilərdən istifadə edilir.

 

 

 

Səviyyəsi normadan artıq olan səs (küy) qısa müddətli təsir nəticəsində narahatlıq, əsəbilik, uzunmüddətli təsir nəticəsində səs qəbuletmə aparatının zədələnməsinə və sıradan çıxmasına səbəb olur.

 

Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, küylər insan orqanizminə psixoloji (əsəbilik, stress, narahatlıq və s.), fiziki (başqa danışıqları eşitməyə mane olması) və fizioloji (əsəb sistemi, qan dövranı pozuntularına, qulaq aparatı xəstəliklərinə) narahatlığa səbəb olur, orqanizmin normal fəaliyyət prosesini pozur.

 

Nəticədə karlıq, tinnitus – mövcud olmayan səslərin eşidilməsi halı,  hiperakuziya – səsin olduğundan daha yüksək səviyyədə qavranması, dunlakuziya ‒ monoton səsin geniş spektrli səs kimi qavranması və s. xəstəliklər yaranır.

 

Həddən artıq güclü küy səslərinin canlıları, o cümlədən insanı məhv etməsi faktları var. Məsələn, orta əsrlərdə, bəzi ölkələrdə məhkumlara ölüm hökmü kilsə zənglərinin təsiri ilə icra edilirdi.

 

Gənclərin və yeniyetmələrin istifadə etdikləri qulaqcıqlar, əyləncə və istirahət yerlərində səsgücləndiricilərin təsiri xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri müəyyən ediblər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır.

 

Eşitmə orqanları həddən artıq güclü səsin təsirindən akustik zədələnməyə məruz qalır. Nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, yaxud kəskin və xronik karlığa səbəb olur.

 

Səs ürək-damar sistemi stresinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.

 

Səsin təsiri nəticəsində beyin mad­dələrində adrenalinin ayrıl­ması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. İnsanda belə effektin yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.

 

Əlverişsiz akustik şəraitdə yaşayan şəxslərdə mərkəzi əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri görünür. Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma orada gedən əsəb proseslərini dəyişdirir. Əgər səs çox güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hücey­rələrində həddindən artıq həyəcan başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıq­landırmaya cavab reaksiyasının xarakteri dəyişir.

 

 

 

Səs-küyün çox olduğu yerlərdə, xüsusilə sənaye müəssisələrində insanların zehni və fiziki sağlamlıqlarını qorumaq üçün qabaqcıl laboratoriyalarda bir sıra ölçmə, test, analiz və qiymətləndirmə işləri aparılır. Bu laboratoriyalarda ətraf mühitin səs-küy ölçmələri çərçivəsində, müəssisələrin, texniki maşınlarının yaratdığı səs-küy ölçmələrindən tutmuş, vibrasiya ölçmələrinə qədər analizlər aparılır.

 

Səs-küy çirklənməsi nizamsız yaşayış məntəqələri, planlaşdırılmamış şəhərləşmə, nəqliyyat sıxlığının artması və gündəlik həyatda daha çox elektron cihazlarla əhatə olunmaq məcburiyyətimiz kimi problemlərə görə getdikcə artır. Əslində texnoloji inkişaflar həyatı asanlaşdırdıqca, eyni zamanda həyat keyfiyyətini də azaldır.