Bir sual, bir cavab – Uşağın bədən temperaturu necə ölçülməlidir?
02.09.2021 10:19

 

Sağlam uşaqlarda bədən temperaturu böyüklərdə olduğu kimi 36-36,6 dərəcədir. Amma böyüklərdən fərqli olaraq sağlam uşaqlarda temperatur gün ərzində dəyişə bilər.

 

Uşaqlarda ən aşağı temperatur səhər saatlarında, nisbətən yüksək temperatur isə axşamüstü saat 16-18 radələrində müşahidə edilir. Lakin uşağın bədən temperaturu arasında fərq çox olmur. Daha çox fərq isə uşağın ümumi vəziyyətindən və yaşından asılıdır.

 

Əgər uşaq aktiv hərəkətdədirsə, yəni qaçıbsa, bədən temperaturu sakit vəziyyətə nisbətən 37 dərəcə, bəzən 37,5 də ola bilər. Nisbətən böyük yaşlı uşaqlarda isə bədən temperaturu onun vəziyyətindən az asılıdır. Yeni doğulmuş uşaqlarda və südəmər körpələrdə bədən temperaturu qış gecələrində normadan aşağı ola bilər.

 

Eləcə də isti yay günlərində bədən temperaturu 37,2 – 37,5 dərəcə arasında dəyişir. Bu, onlarda mərkəzi sinir sisteminin tam formalaşmaması ilə izah edilir. Elə buna görə də körpə uşaqların bədəni tez qızıb soyumağa meyilli olur. Həmin vəziyyətdə uşaq özünü yaxşı hiss edirsə, narahatlığa lüzum yoxdur.

 

Əksər həkimlər temperaturun ölçülməsi üçün adi civəli termometrdən istifadə etməyin daha yaxşı olduğunu hesab edirlər. Elektron termometrlər daha rahat olsa da, bəzən göstərici səhv olur. Körpənin ayrıca termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl spirtlə silinməlidir.

 

Bədən temperaturunu uşaq arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Ölçmə zamanı qoltuqaltı nahiyə quru olmalıdır. Uşaq tərlidirsə, əvvəlcə qoltuğun altını silmək, termometri qoltuqaltı nahiyəyə qoyandan sonra onun sürüşüb düşməməsinə nəzarət etmək lazımdır. Civəli termometrlə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq bürünmüş haldadırsa, temperaturu ölçmək lazım deyil. Bu, körpələrdə temperaturun nəticəsinə təsir göstərə bilər. Uşaq yorğun və əsəbi olduqda, ağladığı vaxt və digər hallarda temperatur ölçməyi təxirə salmaq lazımdır.

 

   pediatr Hafizə Məmmədova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib