Həkim reportajı: Varikoz xəstəliyinin yaranma səbəbi, profilaktikası və müalicəsi
30.08.2021 12:18

Dünya üzrə statistikaya görə, hazırda əhalinin 40-50 faizi varikozdan əziyyət çəkir. Aşağı ətrafların (ayaqların) venalarının, yəni dərialtı səthinin venalarının varikoz genişlənməsi daha çox yayılıb. Əgər varikozun başlanğıc formasını (kiçik damarların genişlənməsini) də bura əlavə etsək, demək olar ki, varikoz xəstəliyi az qala əhalinin 70-80 faizini əhatə edir. Azərbaycanda varikozu artıq “xalq xəstəliyi” adlandırırlar.

 

Beynəlxalq araşdırmaların nəticələrinə görə, varikoz xəstəliklərinə qadınlar arasında daha çox rast gəlinir. Statistikaya fikir versək, qadınlar arasında varikoz 35-50 faiz, kişilər arasında 25-35 faiz civarında rast gəlinir. Səbəbi odur ki, qadınlar varikoza meylli olurlar. Əgər qadın hamiləlik keçirərsə, bu, aşağı venozlara əlavə ağırlıq verir və varikozun yaranma ehtimalı daha da artır. Qadın bir dəfə hamilə olarsa varikozun yaranma ehtimalı 40 faiz olur.


Varikozun yaranmasında digər önəmli amil birləşdirici toxuma sisteminin anadangəlmə zəifliyi sindromudur. İnsan orqanizmində iki skelet var: sümük skeleti və ona birləşik toxumadan ibarət olan skelet. İkinci skeletimiz bizim həyatımız üçün çox önəmli rol oynayır. Və bu toxuma bütün orqanlarda var, xüsusilə damarların divarında. Əgər bu sistemdə anadangəlmə zəiflik varsa, onda varikozun yaranma ehtimalı daha çox olur. Anadangəlmə varikozu olan qadınların anası, xalası və yaxud digər qohumunda bu xəstəlik olur. Yəni, bu, həm də irsi xəstəlikdir.

 

Oturaq həyat, saatlarla ayaqüstə durmaq, ağır fiziki işlə məşğul olmaq, yük qaldırmaq və s. davranışlar da varikozun əmələ gəlməsində böyük rol oynayır. Bunlardan başqa, piylənmə, ağır çəki, xroniki kolitlər, qəbzlik də varikoz yaradan əsas faktorlardandır.


Varikoz xəstəliyinin daha çox C2 və C3 variantlarına rast gəlinir. Yəni, əsasən diametri 3 mm-dən böyük olan damarların genişlənməsi ilə bizə daha çox müraciətlər olunur. Varikoz xroniki gedişə malik xəstəlikdir, uzun illər davam edir. Əsasən yay aylarında qadınlarda ağrılar artır, soyuq aylarda isə azalır.

 

Varikozun daha çox rast gəlinən fəsadları arasında bunları saymaq olar: trombozlar, kəskin tromboz, tromboflebit, qanaxmalar, trofiki dəyişikliklərin və trofiki qanaxmaların baş verməsi. Bizə müraciət edən xəstələrin əksəriyyətində varikozun bu və ya digər fəsadı müşahidə olunur. Trafkiyaları olan xəstələrdə yaralar uzun illərlə sağalmır. Və onların sağalması demək olar qeyri-mümkün olur.

 

Əvvəllər varikoz adi metodlarla müalicə olunurdu, bu da çox saylı kəsiklərlə müşayiət olunurdu, əmliyyatlardan sonra xəstənin ayağında izlər qalırdı. Lakin indiki dövr lazerlə müalicə (EVLA – Endovenoz Lazer Ablasiyası) dövrüdür. Yəni, damar daxilinə bu və digər kimyəvi vasitəni daxil etməklə, damarları çıxarmadan müəyyən müddət ərzində varikozun aradan götürülməsinə nail oluruq. EVLA prosedurası varikoz xəstəliyinin ən son müalicə metodu olub, damar divarına daxildən lazer enerjisi ilə təsir etməklə, onun bağlanmasına əsaslanır.

 

Lazer müalicəsinin üstünlükləri kəsiksiz, ağrısız, qansız, yerli anesteziya (keyitmə) ilə icra olunmasıdır. Digər tərəfdən, proseduradan dərhal sonra pasient ayağa duraraq sərbəst gəzir.

 

Təəssüf ki, hələlik Azərbaycanda aparılan əməliyyatların yaınız 1 faizi lazerlədir, yerdə qalan hallarda klassik – flebektomiya üsulundan istifadə olunur. Halbuki, dünyada göstəricilər tam əksinədir. Bu, həkimlərimizin yeni texnologiyaları öyrənməyə az meyl göstərməsi ilə əlaqədardır.

 

Klassik üsulla aparılmış əməliyyatdan sonra bu risk 15-20 %-dir, lazer müalicəsindən sonra isə 1-2 %-dir. Bu da bir daha lazer müalicəsinin üstünlüyünü vurğulayır. Biz xəstələri 1 il müşahidə edirik, kiminsə çətinlik yaşadığını görməməişik.

 

Qeyd edim ki, varikoz xəstəliyin müasir müalicə metodları arasında Radiodalğalı ablasiyanın (RDA) adını çəkmək olar. Bu zaman radiodalğalar vasitəsi ilə genişlənmiş damara təsir etməklə onun yığılmasına və sorulub itməsinə əsaslanır. Digər üsul olan miniflebektomiya daridə kəsik aparmadan, kicik dəliklərdən xüsusi alətlər vasitəsi ilə varikoz venaların çıxarılmasıdır. Mikrodəliklər steril striplər (steril plastrlar) vasitəsi ilə örtülür. Qısa müddətdən sonra dəliklər iz buraxmadan tamimilə sağalır.

 

Skleroterapiya – damar daxilinə xüsusi preparatın (sklerozantın) yeridilməsi ilə onun sorularaq aradan qaldırılmasıdır. Bu metod daha çox dəridaxili retikulyar venaların və damar ulduzcuqlarının (teleangioektaziyaların ) müalicəsində istifadə olunur.

professor Məhəmməd Kərimov

Aztibb.az