"Plantar fasciitis" adlanan daban ağrıları ilkin mərhələlərdə – yüngül ağrılara, daha gec mərhələlərdə isə "daban tikanı" dediyimiz dabanın altında artıq sümük çıxıntısı şəklində özünü büruzə verməklə daha ciddi və uzunmüddətli ağrılara səbəb olur.
Xəstələrin şikayəti nə zaman olur? Səhər tezdən yataqdan durub ayağını ilk yerə basdığında və yaxud da bir işlə əlaqədar bir yerdə müəyyən bir müddət, yarım saat, 1 saat oturub sonra ayağa qalxıb, ayağa yük verdiyində daban altında çox şiddətli və kəskin ağrı ilə özünü büruzə verir.
Daha çox xanımlarda rast gəlinir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Daha əvvəldən də bilindiyi kimi buna səbəb, məsələn, artıq çəkinin olmağıdır ki, bizdə xanım nümayəndələrində çəki problemi daha çox olur. Oturaq iş şəraiti və yaxud da tam əksinə işi ilə bağlı uzun müddət ayaq üstə qalmaq və yürüyüş etmək məcburiyyətində qalan insanlarda olur.
Son bir ildə bu şikayətlərlə bağlı müraciət sayının artmasının səbəbi isə bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya şəraiti ilə əlaqədar insanların sosial həyatında müəyyən dəyişikliklərin olmasıdır. İnsan daha az hərəkət edirsə, daha az enerji yandırır, daha az enerji sərf edir. Əksinə, evdə olduğu müddətcə daha çox qida qəbul edir. Bu da son nəticədə çəkinin artmağına, əzələlərin zəifləməyinə gətirib çıxartdı ki, bu da birbaşa, təsir edən amillərdən ən böyüyü oldu.
Xəstəliyin ilk mərhələlərində ayaqda, daban hissədən pəncənin altına doğru yayılan ağrı olur. İlk etapda həkimə müraciət zamanı müalicə də, müayinə də çox asanlıqla olur. Rentgen müayinəsindən sonra ilk dövrlərdə daban sümüyündə heç bir sümük dəyişikliyi olmadığına görə konservativ müalicə ilə, fasiya iltabının aradan qaldırması üçün dərman preparatları, ora soyuq tətbiq etməklə, ayaqqabının içərisinə yumşaq silikon içlik istifadə etməklə, çox asanlıqla müalicə edilir.
Həmçinin eyni qaydada, əgər artıq çəki problemi varsa da, çəki problemi həll edilməlidir, əzələ zəifliyinə bağlıdırsa, o idman hərəkətləri ilə əzələ gücü yenidən bərpa edilir.
Daha gec dönəmlərdə isə, artıq orada çıxıntı şəklində kristal əmələ gəldikdə isə, müalicə daha çətin olur. Xəstə fizioterapiya almağa başlayır, zərbə dalğa müalicəsi edilir. Hətta çox ağrılı dönəmlərdə oraya yerli bir inyeksiyalar, yəni iynə vurmaqla da o lokal oradakı iltihab ocağına birbaşa təsir etməklə problemi aradan qaldırılır.
Çəkini kontrolda saxlamaq şərti ilə, əzələ gücü kifayət qədər olduğu müddətcə və ayaqqabı geyiminə nəzarət edilirsə, xəstəliyin təkrar yaranma ehtimalı yoxdur. Müalicə olduqdan sonra ona risk olan amilləri aradan qaldırmaqla xəstə normal həyatına davam edir.
ortoped-travmatoloq İlkin CƏLİLOV
Aztibb.az

