Azərbaycanda klinik cərrahiyyənin qısa tarixi – ilk praktik fəaliyyət /İkinci yazı  
16.08.2021 17:32

Görkəmli cərrahlar – B.K.Finkelşteynin, A.İ.Okinşeviçin, A.A.Osmanın və A.M.Topçubaşovun ilk illərdə uşaq cərrahiyyəsinin inkişafında böyük rolları olub. Professor M.Topçubaşov müxtəlif patologiyalarda uşaqlar üzərində cərrahi müdaxilələr etməklə yanaşı, yemək borusunun kimyəvi yanıqlarından sonra baş verən keçməzliklərdə süni yemək borusunun yaradılması və termiki yanıqların müalicəsində müstəsna xidmətlər göstərib.

 

Aztibb.az Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi, xəstəxanalarda cərrahi şöbələrin yaradılması, alim-cərrahların bu istiqamətdə xidmətləri haqqında növbəti yazını təqdim edir.

 

1930-cu illərdə böyük səhiyyə təşkilatçısı, alim A.A.Osmanın rəhbərliyi ilə cərrahi xəstəliklərlə yanaşı uşaqlarda ortopedik qüsurların müalicəsinə dair elmi işlər aparıldı. Onun davamçıları professor A.M.Topçubaşov, S.M.Hacıqasımov, M.B.Əbiyev, A.A.Hacıyev idi.

 

 

İlk illərdə Bakı Universitetinin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan vermirdi. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə idi. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşıyırdı.

 

Tibb İnstitutu və Bakı kliniki xəstəxanalarının cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M.Mirqasımov və M.Topçubaşov artıq tibb elmləri doktorları idilər. Hər iki şəxsiyyət Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətlər göstərib.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M.Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B.Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A.İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında oldu.

 

Azərbaycanda digər qabaqcıl cərrahiyyə məktəbinin yaranması akademik Mustafa bəy Topçubaşovun adı ilə bağlıdır. XX əsrin 30-cu illərindən başlayaraq onun qarın və köks boşluqlarında apardığı və yüzlərlə xəstələrin sağalması ilə nəticələnən əməliyyatları bu alimin keçmiş Sovetlər İttifaqında yüksək ixtisaslı cərrah kimi tanınmasına və xalqın rəğbətini qazanmasına səbəb oldu.

 

 

 

1938-ci ildə Mustafa bəy Topçubaşov tərəfindən təklif olunan inyeksionanelgeziya narkozunun əsasını təşkil edən analgeziya ideyası (fizioloji yuxuya yaxın) bu gün dünyada tətbiq olunan bütün narkoz növlərinin işlədilməsində istifadə edilir.

 

XX əsrin 60-cı illərinin ikinci yarısı, 70-ci illərdə yeni nəsil elmi-pedaqoji kadrların yetişməsi və cərrahiyyənin təkmilləşdirilmiş sahələrinin yaradılması ilə xarakterizə olunur.

 

1961-ci ildə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu yaradıldı. Bu institutun təşkilində onun birinci direktoru və ikinci fakültativ cərrahiyyə kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor F.Ə.Əfəndiyevin çox böyük rolu oldu.

 

1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı.

 

1985-ci ildə Səhiyyə Nazirliyinin Diaqnostika Mərkəzinin açılması və burada kompüter tomoqrafiyasının quraşdırılması və istifadəyə verilməsi bütövlükdə tibb aləmində, o cümlədən cərrahiyyədə tətbiq olunan ən dəqiq diaqnostika metodlarından biri oldu. Respublikada yeni texnologiya ilə aparılan endoskopik diaqnostikanın və endoskopik cərrahlığın təbliği də bu mərkəzin fəaliyyəti ilə bağlı idi.

 

1990-ci illərdən etibarən keçirilən beynəlxalq tibbi tədbirlər ölkəmizə dünyanın ən məşhur cərrah-alimlərinin gəlməsinə və yeni əlaqələrin yaradılmasına səbəb olub. Bununla əlaqədar gənc cərrah kadrlara bu ölkələrin tibb mərkəzlərində yeni texnologiya, müasir diaqnostika metodları ilə tanış olmaq və praktiki təcrübələrini artırmaq imkanı yaranıb.

 

Azərbaycanda cərrahiyyənin inkişafı onun beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə daha da sürətləndi.

 

Hazırda Azərbaycanda dövlət və özəl  klinikalar dünyanın tanınmış tibbi mərkəzləri ilə elmi, praktik əlaqələr yaradır.

 

Təcili və təxirəsalınmaz cərrahi xidmətin optimal təşkili və işinin yaxşılaşdırılması səhiyyə qarşısında duran ən mürəkkəb problemlərdəndir. Bu səbəbdən də bu növ cərrahi yardım göstərən tibb müəssisələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilir.

 

 

Əhaliyə göstərilən cərrahi tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət daşıyır.

 

Dövlətin sosial yönümlü siyasətin məntiqi nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işləri aparılır və xəstəxanaların ən yüksək səviyyədə təchizatı təmin edilir. Tibb müəssisələrinin ən müasir tibbi avadanlıqlarla təchizatı və əhalinin xidmətinə verilməsi məhz kompleks tədbirlər sisteminin əsas hissəsidir.   

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib