Çexiya səhiyyə nazirinin müavini ATU-nun Tədris Cərrahiyyə Klinikasında olub
26.05.2021 10:32
Mayın 24-də Çex Respublikası səhiyyə nazirinin müavini Radek Policarın rəhbərlik etdiyi nümayəndə heyəti ATU-nun qonağı olub. Aztibb.az xəbər verir ki, qonaqlar öncə universitetin Tədris Cərrahiyyə Klinikasına baş çəkiblər.
 
Nümayəndə heyətinin səfərindən məmnun olduqlarını deyən klinikanın direktoru, professor Surxay Hadıyev tibbi personalın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, sovetlər dönəmində kafedralarımız respublikanın müxtəlif xəstəxanalarında yerləşirdi: "Müstəqillik dövründə isə yeni xəstəxanalar yaradıldı. Universitetimizdə də ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qayğısı nəticəsində həm tədris, həm də müalicə işi aparan klinikaların bünövrəsi qoyuldu və bu iş ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Qonağı olduğunuz bu klinika da ölkə başçısının sərəncamı ilə inşa olunan 4 universitet klinikasından biridir. Cərrahi klinikanın yaradılmasında əsas məqsəd ilk növbədə cərrahi yönümlü bütün kafedraları bir yerə toplamaq və bununla da tədrisin keyfiyyətini artırmaqdan ibarət idisə, digər məqsəd universitetin və respublikanın ən yaxşı həkim, müəllim-professor heyətini özündə birləşdirən müasir müalicə müəssisəsində əhaliyə keyfiyyətli tibbi yardım göstərmək idi".
 
Çexiya nümayəndə heyətinin rəhbəri, səhiyyə nazirinin müavini Radek Policar çıxış edərək qeyd edib ki, həm də tədris mərkəzi kimi fəaliyyət göstərən, Azərbaycanda ilk sıralarda olan bir klinikada olmaqdan şərəf duyurlar. O, nümayəndə heyətinin tərkibinə səhiyyə sektorunda çalışan şəxslərlə yanaşı, Çexiyada fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının da daxil edildiyini diqqətə çatdırıb.
 
Sonra ayrı-ayrı şirkətlərin nümayəndələri çıxış ediblər. Tibbi avadanlıqlar istehsalının Çexiyada ən öndə gedən sahələrdən biri olduğu vurğulanıb. İki günlük biznes-forum çərçivəsində tibbi məhsullarını təqdim etməyə şərait yaratdığı üçün Çexiyanın Azərbaycandakı səfirliyinə minnətdarlıqlarını ifadə edən şirkət nümayəndələri reabilitasiya dövrünü keçirən qaraciyər və şəkərli diabet xəstələrinə lazım olan aparatların istehsalı, eləcə də satışı ilə bağlı görülən işlərdən danışıblar. Çıxışlar zamanı o da məlum olub ki, nümayəndə heyətində təmsil olunan şirkətlərin bəziləri 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.
 
Çexiyada dərman istehsalı ilə məşğul olan şirkətin nümayəndəsi ölkələrindəki apteklərin 96 faizində dərman satışı həyata keçirdiklərini, xəstəxanaları nəinki sistemdə mövcud olan dərmanlarla, hətta ərzaq, qida əlavələri ilə təmin ediklərini də deyib.
 
Görüş zamanı pasiyentlə tibb bacısı arasında konfiqurasiyanın təşkilindən, müasir tələblərə cavab verən tibbi yataqların satışından, təklif edilən bütün tibbi avadanlıqların təchizatı, servisi və sığortası məsələlərindən də söhbət açılıb.
 
Sonra nümayəndə heyəti klinikanın şöbələri, laboratoriyaları ilə əyani tanış olub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
Görüşdə, həmçinin Çex Respublikasının Azərbaycandakı fövləladə və səlahiyyətli səfiri Milan Ekert, səfirliyin missiya rəhbərinin müavini Daniel Putik, Çexiya ticarət qurumunun Bakı ofisinin rəhbəri Pavel Zelenka, ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova, klinikanın elm və təhsil üzrə direktor müavini, professor Davud Pənahov, Kliniki və biokimyəvi laboratoriyanın müdiri Yavər Hacısoy, Klinikanın Marketinq şöbəsinin müdiri Mehriban Əliyeva, Tədris treninq mərkəzinin müdiri Elmar Şərifov, I mamalıq-ginekologiya kafedrasının əməkdaşı, klinikanın Beynəlxalq əlaqələr üzrə koordinatoru Aynur Rzayeva iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub