Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, akademik, tibb elmləri doktoru, professor Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, elmi müəssisələrin və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yubiley tədbiri çərçivəsində əvvəlcə Fəxri xiyabanda akademik Ədilə Namazovanın məzarı ziyarət olunub, daha sonra alimin həyat və fəaliyyətinə həsr edilmiş sərgi nümayiş etdirilib.
Tədbirin açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış ediblər.
Proqram çərçivəsində akademik Ədilə Namazovaya həsr edilmiş videoçarx nümayiş etdirilib. Azərbaycan Tibb Universitetinin prorektoru tibb elmləri doktoru, professor Məlahət Sultanova alimin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Çıxışlarda bildirilib ki, akademik Ədilə Namazova 94 illik ömrünü Azərbaycanda səhiyyənin, pediatriyanın və tibb elminin inkişafına həsr edib. Onun çoxillik elmi və həkimlik fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm yer tutur. Alimin bütün həyatı səhiyyə və tibb elmi ilə bağlı olub. O, 1957-ci ildən həkimlik fəaliyyətinə başlayıb, sonralar xəstəxana rəhbəri kimi çalışıb. 1965-ci ildən 2020-ci ilədək Azərbaycan Dövlət Tibb Universitetində fəaliyyət göstərib. Beləliklə, alimin həyatının 55 ili ali tibb təhsili və elmi-pedaqoji fəaliyyətlə bağlı olub.
Diqqətə çatdırılıb ki, akademik Ədilə Namazova həm peşəkar həkim-pediatr, həm də pediatriya və kardiologiya sahələrində tanınmış alim kimi Azərbaycan səhiyyəsində özünəməxsus mövqeyə malik olub. Onun elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da maraq doğurub.
Tədbirdə, həmçinin Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, Azərbaycan Tibb Universitetinin dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə və akademik Ədilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova çıxış ediblər.

