“Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi işə başlayıb
22.05.2021 22:17

Mayın 22-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi işə başlayıb. Dünyada mövcud olan yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən konqres onlayn formatda keçirilir. Konqres iki gün davam edəcək.

 

AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, ölkəmizdə ürək-damar cərrahiyyəsinin, kardiologiyanın bu gün gəldiyi beynəlxalq standartlar məhz ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsidir. Onun sözlərinə görə, konqres bütün dünyanı əhatə edən COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçirilir: "Onlayn formatda keçirilməsinə baxmayaraq, dünyanın müxtəlif ölkələrindən çıxışçılar var. İki gün müddətində həmin mütəxəssislər tərəfindən kardiologiya və kardiocərrahiyyə sahəsindəki ən son yeniliklər paylaşılacaq. İnanıram ki, bizi onlayn şəraitdə izləyən 500-dən çox izləyici üçün çox faydalı konqres olacaq.

 

Hər "Bakı Ürək Günləri"ndə tədbirin elmi və praktik səviyyəsini yüksəltmək üçün müəyyən yeniliklər və dəyişikliklər etməyə çalışırıq. Bu dəfə Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurları konqresdə ayrıca bir sessiyada müzakirə ediləcək. Hesab edirəm ki, sadəcə, böyüklərin ürək-damar xəstəlikləri deyil, uşaqlarda anadangəlmə ürək qüsurlarının da diaqnostikası və müalicəsindəki aktual problemləri dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə etmək imkanı əldə edəcəyik".

 

Qeyd edək ki, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. 20-ə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak etdiyi “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili də müzakirələr sırasında yer alıb.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 kredit balı verilib. Bu, o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər.

 

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub