Uşaqları diş problemlərindən qorumaq üçün bunlara mütləq diqqət yetirilməlidir - Stomatoloqla MÜSAHİBƏ
12.02.2021 16:44

Valideynlər həkim sənə iynə vuracaq, səni incidəcək, dişini çəkəcək ifadələrini işlədərək uşaqlarını qorxudurlar. Və bu hallarda uşaq artıq həkimə getmək istəmir.

 

Bunu Aztibb.az-a müsahibəsində həkim-stomatoloq Əsmər Hüseynova deyib.

 

Müsahibəni təqdim edirik:

 

- Sənətinizi sevirsiniz? Nəyə görə bu sənəti seçdiniz?

- Sənətimi çox sevirəm. Bizim sənətimiz gözəllik, xoşbəxtlik, xoşbəxtliyin ən gözəl təcəssümü olan gülüşdür. Biz insanlara inamlı, sağlam və güvənli gülüş bəxş edirik. Bütün bunlara görə də mən sənətimi ürəkdən sevirəm, işimi çox həvəslə icra edirəm. İnsanlara xoşbəxtlik bəxş etmək bir növ məni də xoşbəxt etmiş olur. Bu sənəti seçməyimdə valideynlərimin hər ikisinin həkim olmasının böyük rolu olub. Anam stomatoloq, atam cərrahdır. Mən ailənin böyük övladı olduğum üçün onların sənətini davam etdirməyi özümə borc bildim. Həm də mən incəsənətə meylli insanam. İncəsənətin bütün sahələrini sevirəm. Və incəsənətlə stomatologiyanı öz daxilimdə birləşdirərək çalışmağa başladım. Mənim sənətim ruhumla vəhdət təşkil edir.

- Bu sahənin çətin yönləri hansılardır?

- İnsanlarla işləmək, onları məmnun yola salmaq indiki zamanda çox çətindir. Mən həm uşaqlarla, həm də böyüklərlə işləyirəm. Uşaqlarlarla dil tapmaq, onların xasiyyətlərinə uyğun müalicə aparmaq bəzən bizim üçün böyük çətinlik törədir. Qışqıran, ağlayan, barmaqlarımızı dişləyən, hətta bəzən acıqla sərt hərəkətlər edən uşaqlar olur. Biz o uşaqlarla çox ehtiyatla və səbrlə davranmalıyıq ki onları ələ ala bilək. Bu da, təbii ki bizim səhhətimizə, əsəblərimizə mənfi təsirsiz ötüşmür.

Biz insanla işləyirik. Və insan sağlamlığı hər şeydən önəmlidir. Adi kiçik bir səhvimiz çox böyük problemlərə yol aça bilər. Ona görə də bir hər addımda ehtiyatlı, səbrli və təmkinli olmalıyıq.

- Son zamanlar dişlərdə problemlər daha çox yaranır. Bunun qarşısını almaq üçün hansı qida və ya meyələrdən imtinanı məsləhət görürsünüz?

- Bu haqda o qədər danışmaq olar ki... Düzgün qidalanmaq əslində bu günümüzün ən aktual problemlərindən biridir. Hər şey elə buradan başlayır. Bu günümüzdə diş problemlərinin başlıca səbəblərindən biri də düzgün qidalanmamaqdır.


Uşaqların həddindən artıq karbohidrat qəbul etməsi, qazlı, rəngli içkilər içməsi, qıcıqlandırıcı bol ədviyyatlı qidalardan istifadə etməsi, bununla yanaşı dişlərini vaxtı-vaxtında yumaması gələcəkdə bir çox diş problemləri yaradır. Uşaqlar bol vitamin qəbul etməlidir. Təbii ki, meyvə, tərəvəz, süd məhsulları qəbul etməli, dişlərə qulluq olunmalıdır. Sərt meyvələrdən (alma, heyva, armud), tərəvəzlərdən (kök, xiyar) daima istifadə edilməlidir ki, diş əti masaj olunsun, dişlərin tökülüb çıxması asanlaşsın. Bunlar hamısı bir-biri ilə əlaqəli olan faktorlardır.


Çox şirniyyat, çipsi, ketçup, mayonez, bol ədviyyatlı qidalar, qazlı içkilər (kola,  pepsi, fanta), bərk şüşə konfetlər və sair. Bu siyahı çox uzundur. Uşaqları bunlardan uzaq saxlamaq lazımdır.


Böyüklər üçün də bu qidalara əlavə olaraq tütün məmulatları, həddindən artıq kofe qəbulu dişlərin rənginin dəyişməsi kimi bir çox problemlərə yol açır.

Koronavirusa yoluxub sağalan şəxslərdə dişlərdə fəsadların yarandığı deyilir. Bu özünü necə göstərir? Azərbaycanda bu halla qarşılaşmısınızmı?

- Mən daha çox uşaqlarla işləyirəm. Bildiyimiz kimi, koronavirusa uşaqlar arasında yoluxma demək olar ki olmadı. Uşaqlar daşıyıcı rolunu oynadı. Amma böyüklərdə immunitetin aşağı düşməsi səbəbindən bəzi keyləşdirici dərmanlara qarşı yüksək həssaslıq, taxikardiya, ürəkdə narahatçılıq, yüngül özündəngetmə halları müşahidə edildi. Bu da orqanizmin zəifliyi ilə əlaqədar ortaya çıxan problemlərdir. Ümumiyyətlə bu xəstəlik orta yaşlı və yaşlı insanlarda zəif olan orqanların bir qədər də zəifləməsinə, iş qabiliyyəti gücünün azalmasına gətirib çıxardı. Ona görə insanlar əvvəl narahatlıq yaşadığı problemlərin artıq iki qatını, bir qədər ağırlaşmış, yüksək səviyyəli formasından əziyyət çəkməyə başladılar. Lakin stomatologiya sahəsində koronavirusun təsirləri o qədər də müşahidə olunmadı. İmmun sisteminin aşağı düşməsi ilə əlaqədar ağız boşluğunda yüngül dəyişikliklər, karies, palpatinin yüngül artımı müşahidə olundu. Həm də bu koronavirus müddətində pasiyentlər çölə çıxmaqda ehtiyat etdikləri üçün həkim yanına gedilmirdi. Pasiyentlər yeni-yeni stomatoloq yanına getməyə başlayıb. Ona görə bu haqda statistik məlumatlar barədə ancaq növbəti aylarda tam şəkildə danışa bilərik. 

Dişlərin müalicəsində hansı metodlardan istifadəyə üstünlük verirsiz?

- Böyüklərin müalicəsində bütün həkimlərdə metodlar demək olar ki eynidir. Ancaq uşaqlarla işləmək metodu bir qədər fərqlidir. Uşaqlarla işləyərkən ilk öncə adaptasiya müddəti keçməliyik. Əvvəlcə uşaqlarla tanış olmalı, daha sonra onların üzərində yüngül prosedurlar keçirməliyik ki, uşağı gələn kimi qorxutmuş olmayaq. Uşaqların bəzən düzgün maarifləndirilməməsi bir çox problemlərin yaranmasına gətirib çıxarır.

 

İlkin olaraq, uşağı qəbul etdikdə onunla tanış olmağa çalışır, söhbət edir, uşağın xatakterini psixoloji cəhətdən öyrənməyə, həmçinin onu şirnikləndirməyə çalışırıq. İşin gedişi ərəfəsində onu kiçik hədiyyələrlə sevindirməyə çalışırıq ki, öncə onun qəlbinə yol tapıb, sonra ağız boşluğunda işləməyi planlaşdırırıq. Bəzən uşaqlar üçün cizgi filmləri qoyaraq onun fikrini yayındırmağa çalışırıq ki rahat işləyə bilək.


Onu qeyd edim ki, ilkin maarifləndirmə evdən başlamalıdır. Başlıca problemimiz valideynlərin uşaqları düzgün istiqamətləndirməməsidir. Uşaqlar həkimlə qorxudulmamalıdır. Valideynlərə müraciət edərək demək istəyirəm ki, həkimliyi diş çəkən, iynə vuran, yəni qorxulu obyekt kimi uşağa təqdim etməyək. Bununla biz uşağın psixologiyasını pozuruq. Həkimi sadəcə olaraq ağxalatlı bir insan, xilasedici kimi uşaqlara təqdim edək. Məsələn, deyə bilərik ki, həkim ağxalatlı mələkdir, sənin köhnə dişini aparıb, təzə diş gətirəcək. Bu yollarla uşağa psixoloji təsir edərək, onu qorxudan azad etmək lazımdır. Valideynlərin uşaqları həkimlərlə qorxutması günümüzün aktual problemlərindən biridir.

- Müharibə dövründən sonra hərbçilərimizin stomatoloji müalicələri barədə bir həkim olaraq nə deyə bilərsiniz?

- Müharibədə ziyan çəkmiş çox sayda ailələr var. Onların arasında stomatoloji problemlərdən əziyyət çəkənlər də az deyil. Mənə xanım hərbçilərdən müayinə və müalicə üçün müraciət edən olub. Hər birimizin mənəvi borcudur ki, onlara qarşılıq gözləmədən xidmət edək. Mənim də elə pasiyentlərim var. Bir neçəsinə təmənnasız yardım göstərərək müalicələrini aparmışıq. Hətta bir ortodontik pasiyentimin müalicəsini çox kiçik bir məbləğ hesabına başa çatdırmışıq.