Tedros Qebreyesus: Amerika qitəsi COVID-19 pandemiyasının episentri olmaqda davam edir
07.08.2020 22:10

Terror hücumlarının qarşısının alınmasına hər il milyardlarla dollar sərf olunur, lakin epidemiya və pandemiyalara hazırlığın təminatına demək olar heç nə ayrılmır.

Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə brifinqdə söyləyib. O, bildirib ki, COVID-19 pandemiyasının episentri əvvəlki kimi Amerika qitəsidir. Baş direktor yeni koronavirusa qarşı 6 vaksinin kliniki sınaqların üçüncü mərhələsində olduğunu deyib və Vaşinqtonu öz qərarını dəyişərək ÜST-ün tərkibindən çıxmamağa çağırıb.

 


ÜST rəhbəri deyib: “İndi hamıya məlum oldu ki, biz pandemiyaya hazırlığın təminatına və iqlim böhranının fəsadlarının aradan qaldırılması tədbirlərinə vəsait ayırmasaq, o halda böyük təhlükə ilə üz-üzə qalacağıq”. O, bildirib ki, bəşəriyyət müxtəlif cür xəstəliklərin öhdəsindən gələ bilər, lakin hamının birlikdə hərəkət etməsi vacibdir.

“Bəşəriyyət çiçək xəstəliyinin kökünü kəsməyə və poliomielitin demək olar ki, tamamilə aradan qaldırılmasına nail olub. Biz dünyada milyonlarla insanın İİÇV-dən, vərəm və malyariyadan sağalmasını təmin edə, yüzlərlə fövqəladə vəziyyətlərə operativ qaydada reaksiya verə bilmişik”, - deyə Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, ÜST COVID-19-la bağlı vəziyyətdə də operativ işləyib. Çinin Uhan şəhərində yayılan sətəlcəmin qeyri-tipik ştammı barədə məlumat alınandan dərhal sonra ÜST hamıya müvafiq beynəlxalq tibbi-sanitar qaydalarına riayət etməyi təklif edib. Bu il yanvarın əvvəlində bütün dünya xəstəliyin baş qaldırması barədə məlumatlandırıldı.

 

Artıq yanvarın birinci həftəsində genom qeydiyyatı həyata keçirildi. Bunun ardınca Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 üçün PZR (polimer zəncirvari reaksiya) testinin yaradılmasından ötrü özünün Almaniyadakı tərəfdaşı olan laboratoriyada hazırlanmış təlimat dərc etdi. ÜST üçüncü həftə ərzində hazırlanan PZR testlərinin keyfiyyətinin təsdiqlənməsi üçün müqavilələr bağlamağa başladı.

Fevralın birinci həftəsində ÜST dünyanın 150-dən çox ölkəsinə testlər göndərilməsinə start verdi. Bu, virusun yayılmasını sürətlə izləməyə imkan verirdi.

Yanvarın 30-da ÜST-ün ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsi beynəlxalq əhəmiyyətli tədbir oldu. O vaxt Çinin hüdudlarından kənarda qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 100-dən az idi və koronavirusla bağlı heç bir ölüm hadisəsi müşahidə edilməmişdi.

Tedros Qebreyesus deyib: “Bu günədək ÜST-ə 18,5 milyondan artıq COVID-19-a yoluxma və 700 mindən çox ölüm faktı barədə məlumat daxil olub. Virus bir ölkədən belə yan keçməyib. Bütün ölkələr – həm aşağı və orta gəlirə, həm də yüksək gəlirə malik ölkələr ciddi ziyan çəkiblər”.

Onun sözlərinə görə, hazırda virusun episentri Amerika ölkələridir, burada daha çox ziyançəkən var. Bütün yoluxma hallarının yarıdan çoxu üç ölkənin – ABŞ, Braziliya və Hindistanın payına düşür.

“Heç bir ölkə bu virusla təkbaşına mübarizə apara bilməz. Virus insanların həyatına son qoyur, əhalinin güzəranını ağırlaşdırır. Xəstəliyin baş qaldırmasını hər bir yerdə və hər hansı bir vaxt saxlamaq mümkündür. Bəzi ölkələr virusu cilovlamağı bacarıblar. Vəziyyəti dəyişdirmək heç vaxt gec deyil.

“Virusla mübarizədə irəliləmək üçün ən yaxşı yol alimlərin tövsiyələrinə, qəbul edilən qərarlara uyğun hərəkət etmək və həmrəylik göstərməkdir”, - deyə ÜST rəhbəri vurğulayıb. O, əmindir ki, həmrəy olmaqla bəşəriyyət bu pandemiyaya qalib gələ bilər.

Jurnalistlərin suallarını cavablandıran Qebreyesus bildirib ki, ABŞ-ın ÜST-nin tərkibindən çıxması barədə qərarı maliyyə məsələsindən daha çox ABŞ ilə münasibətlər, bu ölkənin səhiyyə sahəsində liderlik rolu məsələsidir.

“Belə vaxtda biz bərabər işləməliyik. İndi virusla mübarizədə diqqəti bir yerə cəmləmək lazımdır. Buna görə ümid edirəm ki, ABŞ öz mövqeyini bir daha nəzərdən keçirəcək”, - deyə ÜST-ün Baş direktoru vurğulayıb.

T.Qebreyesus bildirib ki, bu gün COVID-19-a qarşı mübarizəyə 200-dən artıq vaksin namizəddir və onlardan 6-sı kliniki sınaqların üçüncü mərhələsindədir. Vaksinlərin “milliləşdirilməsi”ndən imtina etməyə çağıran ÜST rəhbəri qeyd edib ki, qloballaşma dövründə hamının bərabər və eyni vaxtda sağalması və bərpa olunması vacibdir.

Brifinqin gedişində ÜST nümayəndələri təhlükəsizlik sahəsində ən qorxulu təhdidlərdən biri olan dezinformasiyanın qarşısını almağa səsləyiblər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır