Koronavirusun indiki dalğası uşaqlara da toxunmağa başlayıb - Pediatrdan XƏBƏRDARLIQ
09.01.2021 14:00
"Əvvəllər uşaqlar koronavirusa yoluxsa da ağırlaşmırdı, çox yüngül keçirirdi, əksəriyyəti simptomsuz olurdu. Aparılan təcrübələrdə onların yoluxucu olmasının da əhəmiyyətsiz olduğu isbatlanmışdı".
 
Bu barədə həkim-pediatr Aytən İsmayılzadə sosial şəbəkədə məlumat verib. 
 
O, bildirib ki, indiki dalğada isə koronavirus uşaqlara da toxunmağa başlayıb:
 
"Son iki həftədə qəbul etdiyim uşaqlar arasında 5 nəfəri COVID-19 ağırlaşması ilə oldu. Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı (norma 5-ə kimi), EÇS 60-80 (norma 5-15) leykositlər 20000 civarında, neytrofilyoz göründü.
 
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarında da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiyaya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə koronavirus infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə varsa, (məsələn, dadbilmənin itməsi) o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin. Lakin uşaqlara antiviral dərmanları verə bilmərik. Çünki favipiravir uşaq orqanizmi uçun ağırdır, arbidol isə virus uçun zəifdir.
 
Bu zaman kimin virusu necə keçirdiyini izləməliyik. Hər kəs artıq sağaldı dediyimizdə, bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxması məhz onun ağırlaşması ola bilər. Koronavirus immuniteti çox yoran bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə, bakteriyaların aktivləşməsi baş verəcək. COVID zamanı da bu, sürətlə baş verir. Mutləq CRP və qanın ümumi analizi verilməlidir. CRP yəni C reaktiv protein, bədəndə iltihabın səviyyəsini göstərir. Qanın ümumi dəyərlərini həkim təhlil etməlidir. Yəni, evdə COVID olduğu halda uşaqda olan yüksək hərarəti digər virus infeksiyaları kimi üç gün gözləmədən araşdırmalıyıq.
 
Baş verən ağırlaşma əslində sadəcə bakterial aktivləşmə ilə bağlı olmur. Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. Bir COVID xəstəsi olan uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit, yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarından maye ifrazı artımıdır. USM müayinəsində qarın boşluğunda, plevral boşluqda maye yığılması müşahidə edildi. Yəqin ki bu hal, böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindromun inkişafı ilə bağlı oldu.
 
Uşaqlarda COVID ağırlaşması ilə görülən halsızlıq sadəcə kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir. Və bu halsızlıq ishal, qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur.
 
Qan dəyərləri, döş qəfəsi rentgeni, lazım olarsa Exo-kq, Usm muayinəsindən sonra kimin evdə, kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s. ilə mualicə həyata keçirilir.
 
Nəticəmiz budur:
- Uşaqlar da ağırlaşa bilir;
- ağırlaşma yoluxmadan 1 həftə, 10 gün sonra da baş verə bilir;
- evdə COVID xəstəsi varsa, uşaq yoluxmuşdur;
- xəstə olan "onsuz da bir evdəyik", desə də izolyasiya olunsa və maska taxsa yaxşı olar;
- ağırlaşma olmasın deyə verəcəyimiz bir dərman yoxdur;
- analiz və müayinələri vaxtında etmək lazımdır;
- müayinəsiz müalicə ilə vaxt itirə bilərik".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama