Tibb Universiteti ilə Ankara Universiteti arasındakı əməkdaşlıq geniştərkibli görüşdə müzakirə olunub  
09.12.2020 13:23

Azərbaycan və Türkiyə arasında mövcud olan geniş əməkdaşlıq təhsil və səhiyyə sahələrini də əhatə edir. İki qardaş ölkənin universitetləri arasında sıx tərəfdaşlıq və faydalı iş birliyi mövcuddur.

 

Bu barədə iki ölkənin universitet rəhbərləri və diplomatları arasında keçirilən son onlayn görüşdə bildirilib.

 

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildiriblər ki, görüşdə Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ATU-nun rəhbər şəxsləri, Ankara Universitetinin rəhbərliyi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və bir sıra digər Azərbaycan universitetlərinin rəhbərləri iştirak ediblər.

 

Onlayn müzakirələr zamanı Türkiyənin Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar yola saldığımız bu il bəzi Azərbaycan universitetləri ilə sıx əlaqələrin qurulduğunu və onların inkişaf etdirildiyini bildirib. Rektor bu əməkdaşlıqlar arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib: "Biz “Bir millət, iki dövlət” kəlmələrini hər anlamda, hərtərəfli yerinə yetiririk. Azərbaycan və Türkiyə daim bir-birinin arxasındadır. Biz də Ankara Universiteti olaraq, istərdik ki, işbirliyimiz təhsil sistemində də özünü göstərsin. Ötən ay Azərbaycan Tibb Universiteti, Texniki və İqtisad universitetləri ilə əməkdaşlığı gücləndirmişik”.

 

N.Ünüvar qeyd edib ki, artıq Azərbaycan universitetlərinin tələbələri üçün Ankara Universitetinin dərslərini onlayn şəkildə izləmək imkanı yaradılıb. Hər iki tərəf prosesin gedişindən və əldə olunan nəticələrdən çox razıdır. Azərbaycan Tibb Universitetindən 139 tələbə bizim onlayn dərslərə qoşulur.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli də Ankara Universiteti ilə əməkdaşlığı yüksək səviyyədə qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq 1 aydan bir qədər artıq müddəti əhatə etsə də, böyük nəticələr əldə olunub: “Tələbələrimiz böyük həvəslə Ankara Universitetinin onlayn dərslərində iştirak edirlər, dərslərin təşkilindən və gedişindən çox razılıq edirlər. Hələlik bu il yalnız I kursları ortaq onlayn dərslərə cəlb etmişdik. Lakin əldə olunan müsbət təcrübə onu göstərir ki, bu yeniliyi digər kurslarda da tətbiq edə bilərik”.

 

Rektor, həmçinin əməkdaşlığın başlandığı qısa müddət ərzində görülən işlər və gələcək planlar haqqında görüş iştirakçılarına məlumat verib. Bildirib ki, rektorlar arasında ilk görüşdən sonra əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə işçi qrup yaradılıb. Ankara Universitetinin 4 ixtisas - tibb, stomatologiya, tibb bacısı və sağlıq bilimləri ixtisasları üzrə onlayn dərslərinə qoşulmasına dair razılıq əldə olunub. Qarşıda isə yeni hədəflər var: “Azərbaycan Prezidentinin imzaladığı Dövlət Proqramında ölkəmizdə tibb təhsilinin beynəlxalq səviyyəyə qaldırılması ilə əlaqədar tapşırıqlar var. Bu baxımdan, Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair fikirlərimiz də var”.

 

G.Gəraybəyli hər kəsi Azərbaycan ordusunun əldə etdiyi zəfər münasibətilə təbrik edərək bu çətin dövrdə qardaş Türkiyənin güclü dəstəyinə görə bir daha görüş iştirakçılarına təşəkkürünü çatdırıb.

 

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Erkan Özoral Ankara Universitetinin Türkiyənin aparıcı ali məktəblərindən biri olduğunu qeyd edib. Türkiyə və Azərbaycan Universitetləri arasında işbirliyinin olduqca əhəmiyyətli olduğunu bildirən E.Özoral gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə etməsinin vacib olduğunu qeyd edib.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim hər bir sahədə olduğu kimi, təhsil və səhiyyə sahəsində də iki ölkənin bütün qurumları arasında yüksəksəviyyəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. O, diplomat kimi Türkiyədə xidmət göstərdiyi illər ərzində təhsil sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün işlər görüldüyünü, ilbəil belə tədbirlərin sayının daha da çoxalacağını qeyd edib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır