İtaliya heyvan hüceyrələrindən laboratoriya şəraitində istehsal edilən ətə qarşı sərt qanunvericilik mövqeyi ilə diqqət çəkir. 2023-cü ildə qəbul edilən qanunla bu məhsulların istehsalı, ölkəyə idxalı və satışına qadağa qoyulub. Beləliklə, İtaliya kultivasiya edilmiş ətə qarşı bu cür qadağa qəbul edən ilk ölkə kimi tanınıb.
Aztibb.az "Medvestnik"ə istinadən yazır ki, 2023-cü il dekabrın 1-də qəbul edilən 172 saylı qanun həmin ayın 16-dan qüvvəyə minib. Sənəd təkcə insan istehlakı üçün nəzərdə tutulan qida məhsullarını deyil, onurğalı heyvanların hüceyrə və toxuma kulturlarından əldə edilən heyvan yemlərini də əhatə edir.
Qanunvericiliyə əsasən, qadağa heyvan hüceyrələrindən hazırlanmış məhsulların istehsalına, satışına, idxalına, eləcə də qida məqsədilə paylanmasına şamil olunur. Tələblərin pozulmasına görə şirkətlər 10 min avrodan başlayan, müəyyən hallarda isə 60 min avroya çatan inzibati cərimə ilə üzləşə bilər. Qanunda dövriyyənin 10 faizinədək hesablanan və 150 min avronu keçməyən daha yüksək sanksiya mexanizmi də nəzərdə tutulur.
Qanunun digər mühüm müddəası bitki mənşəli zülallardan hazırlanan məhsulların etiketlənməsi ilə bağlıdır. Belə məhsulların ət məhsullarını ifadə edən adlarla, o cümlədən steyk və kolbasa kimi təqdim edilməsinə məhdudiyyət qoyulub. Bu yanaşma bitki əsaslı alternativlərin ənənəvi ət məhsulları ilə qarışdırılmasının qarşısını almaq məqsədi daşıyır.
İtaliya hökuməti qərarını ölkənin aqrar sektorunun, fermerlərin maraqlarının, milli qida irsinin və ənənəvi istehsal mədəniyyətinin qorunması ilə əsaslandırır. Rəsmi mövqeyə görə, bu addım həm də istehlakçıların sağlamlığının və ölkənin aqroərzaq ənənələrinin müdafiəsinə xidmət edir.
Məsələ 2026-cı ildə də Avropa İttifaqının gündəliyində qalmaqdadır. Belə ki, sentyabrın 7-də Avropa Komissiyası laboratoriyada yetişdirilən ətin təhlükəsizliyi ilə bağlı Avropa Parlamentinə təqdim olunan sorğuya cavab verib. Komissiyanın açıqlamasına görə, hüceyrə əsaslı ət məhsullarının Avropa İttifaqı bazarına çıxarılması üçün hazırda iki müraciət qeydə alınıb. Onlardan biri Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) elmi qiymətləndirməsindədir, digər müraciət üzrə isə əlavə məlumatlar gözlənilir. Komissiya vurğulayıb ki, bu məhsullar yalnız təhlükəsizlik baxımından hərtərəfli elmi qiymətləndirmədən və müvafiq icazə prosedurundan sonra Avropa bazarına daxil ola bilər.
Beləliklə, laboratoriyada yetişdirilən ət Avropada hələ də həm qida təhlükəsizliyi, həm də kənd təsərrüfatının gələcəyi baxımından müzakirə olunur. İtaliyanın mövqeyi isə ənənəvi ərzaq istehsalının və fermer maraqlarının qorunması məsələsində Avropadakı mübahisələrin əsas istiqamətlərindən biri olaraq qalır.

