Alimlər qandakı artıq şəkəri elektrik enerjisindən istifadə etməklə azaldan implant hazırlayıblar. Yeni texnologiyanın II tip diabet xəstələrinin daimi dərman qəbuluna ehtiyac duymadan daha rahat yaşamasına imkan yaradacağı gözlənilir.
Aztibb.az "Science" elmi jurnalına istinadən yazır ki, texnologiya tam avtomatlaşdırılmış rejimdə işləmək üçün hazırlanıb.
Diabet xəstələrinin qanda şəkərin səviyyəsini azaltmaq üçün istifadə etdikləri insulin və GLP-1 reseptor agonistləri kimi preparatlar orqanizmin öz mexanizmləri vasitəsilə qlükoza səviyyəsini nəzarətdə saxlamağı hədəfləyir.
Lakin xüsusilə insulin müalicəsi çəki artımı kimi yan təsirlərə səbəb ola bilər. Bundan əlavə, xəstələr bu preparatları müntəzəm qəbul etməlidirlər.
Sürix Federal Texnologiya İnstitutunun (ETH Sürix) tədqiqatçısı Martin Fussenegger bildirib ki, onlar tamamilə yeni yanaşma hazırlamaq qərarına gəliblər. Bu məqsədlə Fussenegger və komandası dərman vasitələrindən fərqli olaraq, dərialtı implant hazırlayıblar.
ECHO (elektrokatalitik qapalı dövrəli sağlamlıq optimallaşdırılması) adlandırılan cihaz orqanizmin qlükoza səviyyəsini tənzimləyən mexanizmlərini aktivləşdirmək əvəzinə, artıq qlükozanı birbaşa parçalayaraq başqa maddəyə çevirir.
Təxminən USB yaddaş qurğusu ölçüsündə olan implantın əsas hissəsini üzəri kiçik qızıl nanoklasterləri ilə örtülmüş qrafit keçə təşkil edir. Qızıl nanoklasterlərinin üzərində isə daha kiçik platin hissəcikləri yerləşdirilib. Bu quruluş qlükozanın emalı üçün zəruri kimyəvi reaksiyanın baş verməsini təmin edən səth yaradır.
Sistem artıq qlükozanı qlükon turşusuna çevirir. Əmələ gələn bu maddə isə sidik vasitəsilə orqanizmdən xaric olunur.

