Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin II kurs tələbəsi Tükəzban Zalova növbəti uğura imza atıb.
Həvəskarlar arasında keçirilən “Target Archery Open by Book&Play” kamandan oxatma turnirində iştirak edən Tükəzban Zalova rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb.
Universitetdən Aztibb.az-a verilən məlumata görə, Azərbaycan Kamandan Oxatma Federasiyası, Vector Archery Club və Fokus Kamandan Oxatma Məktəbinin birgə dəstəyi ilə təşkil olunan turnir həvəskarlar arasında kamandan oxatma idman növünə marağın artırılması, eləcə də iştirakçıların dəqiqlik, diqqət və konsentrasiya bacarıqlarının nümayiş etdirilməsi məqsədi daşıyıb. Yarış çərçivəsində atışlar 10 metr məsafədən həyata keçirilib.
Gərgin və maraqlı mübarizənin yekununda T.Zalova qızıl medal qazanaraq turnirin qalibi olub. Fərqlənən iştirakçılara medal və diplomlarla yanaşı, təşkilatçı və tərəfdaşlar tərəfindən xüsusi hədiyyələr də təqdim edilib.
Tükəzban Zalovanın bu uğuru ATU tələbələrinin müxtəlif idman növlərində qazandıqları nailiyyətlərin daha bir nümunəsidir. Tələbələrin idman fəaliyyətində iştirakı onların fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi, diqqət və iradə kimi şəxsi keyfiyyətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu nailiyyət Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 3 – Sağlam həyat və rifah məqsədi ilə uzlaşır. Tələbələrin idmana cəlb olunması, fiziki fəallığın təşviqi və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması insanların sağlamlığının və rifahının yaxşılaşdırılmasına yönələn təşəbbüslərin mühüm tərkib hissəsidir.
ATU tələbələrin idman nailiyyətlərini dəstəkləyir, onların hərtərəfli inkişafı, fiziki fəallığının artırılması və sağlam həyat tərzinin formalaşmasına xüsusi önəm verir.

