İtaliyanın San Patrignano icmasında “Avropa Narkotiklərə qarşı Koalisiyası (ECAD) – Asılılıqların qarşısının alınması və reabilitasiyası üzrə yüksək səviyyəli beynəlxalq görüş” keçirilib.
İtaliya və Fransa dövlətləri tərəfindən birgə təşkil olunan tədbirdə İtaliyanın Baş naziri Giorgia Meloni və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə 47 ölkə və beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak ediblər.
Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, tədbirdə narkotik vasitələrdən və digər asılılıq yaradan maddələrdən istifadənin qarşısının alınması, asılılıqdan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası, onların cəmiyyətə reinteqrasiyası, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Xüsusilə gənclər və həssas qruplar arasında profilaktik tədbirlərin genişləndirilməsinə, erkən müdaxilə mexanizmlərinə, maarifləndirməyə və psixososial dəstəyə diqqət yetirilib.
Beynəlxalq görüşdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rüfət Hacıəlibəyov iştirak edib.
Görüş iştirakçıları San Patrignano icmasının fəaliyyəti ilə tanış olub, burada asılılıqdan əziyyət çəkən şəxslərin reabilitasiyası, peşə və sosial bacarıqlarının inkişafı, cəmiyyətə yenidən inteqrasiyası istiqamətində həyata keçirilən işlər barədə məlumat əldə ediblər.
Tədbir çərçivəsində iştirakçı ölkələrin milli bəyanatları səsləndirilib və “San Patrignano Bəyannaməsi” qəbul edilib. Bəyannamədə asılılıqların qarşısının alınması və müalicəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, profilaktik yanaşmaların genişləndirilməsi, reabilitasiya və sosial reinteqrasiya imkanlarının inkişaf etdirilməsi, eləcə də gənclərin və həssas qrupların müdafiəsinə yönəlmiş tədbirlərin dəstəklənməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

