Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 10:07

Azərbaycan Tibb Universitetində (ATU) “Süni intellekt və data-analitika texnologiyalarının tibbi elmi tədqiqatlara inteqrasiyası” mövzusunda seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, tədbirdə ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin rəhbəri, professor Eldar Qarayev data analitikasının tibbi problemlərin vaxtında aşkarlanmasında, xəstəliklərin yayılma risklərinin qiymətləndirilməsində və profilaktik tədbirlərin müəyyənləşdirilməsində əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə müxtəlif elm və tibb sahələrinin mütəxəssisləri arasında əməkdaşlığın vacibliyini qeyd edib. 

 

ATU-nun Tibb və bioloji fizika kafedrasının müdiri, Data Analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri İsmayıl Qafarov is’ laboratoriyanın fəaliyyəti, ilkin nəticələri və gələcək planları barədə təqdimatla çıxış edib.

 

İ.Qafarov tədqiqatlarda əsas başlanğıc nöqtəsinin süni intellekt deyil, klinik problem olduğunu bildirib. Əvvəlcə problem və tədqiqat sualı dəqiq müəyyənləşdirilməli, məlumatlar hazırlanmalı, daha sonra analitik üsullar və süni intellekt modelləri tətbiq olunmalıdır. Nəticələr klinik praktikada yoxlanılmalı, modellərin etibarlılığı statistik təhlillərlə qiymətləndirilməlidir. O vurğulayıb ki, süni intellekt həkimi əvəz etmir, onun qərarverməsinə dəstək göstərir.

 

Qeyd olunub ki, laboratoriyada xəstəliklərin ağırlaşma risklərinin müəyyənləşdirilməsi, risk faktorlarının təhlili və diaqnostik üsulların qiymətləndirilməsi istiqamətində araşdırmalar aparılır. Qısa müddətdə beş patent müraciəti üzrə iş hazırlanıb, onlardan ikisi təqdim edilib. Q1 və Q2 kateqoriyalı elmi jurnallar üçün məqalələr də hazırlanaraq təqdimat mərhələsinə çatdırılıb.

 

Seminarda məlumatların təqdim edilməsi və istifadəsi qaydalarına da toxunulub. Qeyd edilib ki, laboratoriyanın müvafiq protokolunda məlumatları təqdim edən qurumun razılığı, anonimləşdirmə, etik komitənin icazəsi, tədqiqatın məqsədi və xəstələrin məxfiliyinin qorunması kimi məsələlər nəzərə alınır. Məlumatların emalı zamanı tədqiqatçıların elmi töhfələrinin və müəlliflik hüquqlarının qorunmasının vacibliyi də vurğulanıb.

 

Tədqiqatın əsas məqsədi yalnız məqalə dərc etdirmək və ya patent almaq deyil, elmi nəticələri praktikada tətbiq etməkdir. Bu məqsədlə ATU-nun startap və kommersiyalaşdırma bölməsi ilə əməkdaşlığa başlanılıb, elmi ideyaların praktik layihələrə çevrilməsini dəstəkləmək üçün 10 həftəlik seminar proqramı təşkil olunub.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya, Fransa və Avstraliyada çalışan alimlərin iştirakı ilə doqquz vebinardan ibarət proqram hazırlanıb. Gələcək planlara çoxmərkəzli tədqiqatların genişləndirilməsi, müxtəlif ölkələrdən toplanan məlumatların müqayisəli təhlili və nəticələrin müstəqil məlumat bazalarında yoxlanılması daxildir. Fransa alimləri ilə birgə araşdırmaların aparılması istiqamətində də ilkin razılıq əldə olunub.

 

İ.Qafarov laboratoriyanın başlıca hədəfinin elmi nəticələrin real həyatda tətbiqi, həkimlərin qərarverməsinə dəstək göstərilməsi və insan sağlamlığının qorunmasına töhfə vermək olduğunu bildirib.

 

Sual-cavab sessiyası və fikir mübadiləsi ilə davam edən seminarda iştirakçılar Data Analitika və Süni İntellekt Laboratoriyasının fəaliyyəti və iş şəraiti ilə də tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib