Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi hər an insan həyatının keşiyindədir
25.10.2026 10:42

İnsan həyatının xilas edilməsində vaxtında göstərilən tibbi yardım, düzgün qərar və peşəkar komanda işi mühüm əhəmiyyət daşıyır. Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi yüksəkixtisaslı və təcrübəli tibbi heyəti ilə günün 24 saatı, ilin 365 günü pasiyentlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərir.

 

Aztibb.az-ın xəbərinə görə, şöbə pasiyentlərin vəziyyətinin ilkin qiymətləndirilməsi, zəruri müayinələrin aparılması, tibbi təxliyyənin təmin edilməsi, həyati göstəricilərin monitorinqi və təxirəsalınmaz reanimasiya tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Peşəkar tibbi heyətin operativ müdaxiləsi və koordinasiyalı fəaliyyəti mürəkkəb klinik vəziyyətlərdə pasiyentlərin həyatının xilas edilməsində mühüm rol oynayır.

 

Müasir avadanlıq və operativ tibbi yardım

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin avtomobilləri müasir portativ tibbi avadanlıq və zəruri tibbi ləvazimatlarla təchiz olunub. Bu imkanlar çağırış ünvanında ilkin müayinələrin aparılmasına, elektrokardioqrafiyanın (EKQ) və müvafiq laborator müayinələrin həyata keçirilməsinə, pasiyentlərin vəziyyətinin izlənilməsinə və ehtiyac yarandıqda reanimasiya tədbirlərinin başlanmasına şərait yaradır.

 

Şöbə tərəfindən yeni doğulmuş körpələrin xüsusi küvezlərdə daşınması üçün pediatrik tibbi yardım, həmçinin evdən laborator analizlərin götürülməsi, evdə və iş yerlərində ekspress-testlərin aparılması xidmətləri də göstərilir.

 

Təcili tibbi yardımın əsas prinsiplərindən biri pasiyentin vəziyyətini düzgün qiymətləndirmək və zəruri müdaxiləni vaxt itirmədən həyata keçirməkdir. Çağırış ünvanına operativ çatmaq, ilkin tibbi tədbirləri görmək və pasiyentin xəstəxanaya təhlükəsiz çatdırılmasını təmin etmək şöbə əməkdaşlarından yüksək peşəkarlıq, diqqət və məsuliyyət tələb edir.

 

Vaxtında müdaxilə insan həyatını xilas edir

Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım xidmətinin fəaliyyətini əks etdirən hadisələrdən biri bu il mayın 14-də 70 yaşlı professor Hikmət Əlizadənin müalicəsi ilə bağlı olub.

 

İş yerində özünü narahat hiss edən Hikmət Əlizadəyə çağırış ünvanında baxış keçirən təcili tibbi yardım briqadası onda döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsini müşahidə edib. Pasiyent hospitala çatdırılarkən ürək fəaliyyəti dayanıb və dərhal təxirəsalınmaz reanimasiya tədbirlərinə başlanılıb.

Təxminən 20–30 dəqiqə davam edən intensiv ürək masajı və reanimasiya tədbirləri nəticəsində pasiyentin həyati göstəricilərini bərpa etmək mümkün olub.

 

Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayevin rəhbərliyi, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlunun, anestezioloq-reanimatoloqlar Xəyal Məmmədovun və Günel Cəfərovanın, Təcili tibbi yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Füzuli Abışovun və digər tibb əməkdaşlarının operativ müdaxiləsi pasiyentə zəruri tibbi yardımın göstərilməsində mühüm rol oynayıb.

 

Bu hadisə ağır klinik vəziyyətlərdə vaxtında reanimasiya tədbirlərinin, düzgün qərarvermənin və müxtəlif ixtisaslı mütəxəssislərin birgə fəaliyyətinin əhəmiyyətini nümayiş etdirir.

 

Qəzənfər Mirzəyevin müalicəsi – multidisiplinar komandanın birgə fəaliyyəti

Mərkəzi Gömrük Hospitalında vaxtında müdaxilənin və komanda işinin əhəmiyyətini göstərən digər nümunə 59 yaşlı Qəzənfər Mirzəyevin mürəkkəb müalicə prosesi olub.

 

Əvvəllər ürəyin koronar damarlarına stent yerləşdirilmiş pasiyent dərman müalicəsinə riayət olunmasında yaranan fasilələrdən sonra vəziyyətinin ağırlaşması ilə hospitala təkrar müraciət edib. Müayinələr zamanı stentlərin yerləşdiyi nahiyələrdə ciddi tutulma və tromb kütləsinin formalaşdığı müəyyən edilib.

 

Pasiyentin vəziyyətinin ağırlaşması və ürək fəaliyyətinin dayanması ilə əlaqədar təxirəsalınmaz reanimasiya tədbirləri həyata keçirilib. Vəziyyətin ağırlığı nəzərə alınaraq təcili cərrahi müdaxiləyə qərar verilib və pasiyentə aortokoronar şuntlama əməliyyatı aparılıb.

 

Müalicə prosesində ürək-damar cərrahları, invaziv kardioloqlar, anestezioloq-reanimatoloqlar, reanimasiya və tibb bacısı heyəti birgə fəaliyyət göstərib. Əməliyyatdan sonra reanimasiya şöbəsində nəzarətdə saxlanılan pasiyent hazırda evə yazılıb.

Bu mürəkkəb klinik hadisə təxirəsalınmaz tibbi yardımın, operativ qərarvermənin və multidisiplinar komandanın koordinasiyalı fəaliyyətinin əhəmiyyətini bir daha göstərir. Eyni zamanda, stent yerləşdirilmiş pasiyentlər üçün həkimin təyin etdiyi dərman müalicəsinə riayət etmək və mütəmadi tibbi nəzarətdə olmaq xüsusi əhəmiyyət daşıyır.

 

Peşəkar komanda – etibarlı tibbi xidmət

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsində pasiyentlərə tibbi yardımın göstərilməsində həkimlər, orta və kiçik tibb heyəti vahid komanda şəklində fəaliyyət göstərir.

 

Komandaya şöbənin rəisi, təcili yardım həkimi Füzuli Abışov, təcili tibbi yardım həkimləri Nərgiz Kərimova, Tofik Bayramov, Cavad Cabbarov, Bəylər İmanov, Leyla Fətullayeva, Murad Məmmədli, Ceyhun Əliyev və Fatimə Əhmədova daxildir.

 

Şöbənin böyük tibb bacısı Təhminə Sultanova, tibb bacıları Sevda Abdullayeva, İradə Quliyeva, Vüsalə Cəbiyeva, Sevda Hüseynova, Olqa Xasayeva, Oksana Heybətova və Könül Kərimova, tibb qardaşları Vüsal Şahverdiyev, Ramil Abdullayev və Samir Əzizov, kiçik tibb işçiləri Adil Behbudov, Rasim Əhmədov və Eldar Hüseynov da bu məsuliyyətli fəaliyyətin həyata keçirilməsinə öz töhfələrini verirlər.

 

Təcili tibbi yardım sahəsində hər bir əməkdaşın peşəkarlığı, diqqəti və məsuliyyəti ümumi nəticəyə təsir göstərir. Çağırışın qəbulundan pasiyentin vəziyyətinin qiymətləndirilməsinə, ilkin müdaxilədən xəstəxanaya çatdırılmasına qədər bütün mərhələlərdə əlaqələndirilmiş fəaliyyətin təmin edilməsi şöbənin əsas vəzifələrindəndir.

 

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi müasir tibb avadanlığı, yüksəkixtisaslı kadr potensialı və komanda işi ilə pasiyentlərə gecə-gündüz tibbi yardım göstərməyə hazırdır.

Təcili tibbi yardım çağırış nömrəsi: 905.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib