Azərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti Türkiyədə keçirilən IV Beynəlxalq Türk Dilli Ölkələr Tibb Konqresində iştirak edərək aktual tibbi problemlərə həsr olunmuş elmi məruzələrlə çıxış edib.
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
Bildirilib ki, beynəlxalq elmi platformada ATU-nu təmsil edən mütəxəssislər cərrahiyyə, neyrotravmatologiya, hamiləlik dövründə kəskin cərrahi xəstəliklər və təcili endoskopiya kimi klinik praktikada mühüm əhəmiyyət daşıyan mövzulara toxunublar.
Konqresdə ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, professor İsrail Məhərrəmbəyli “Müştərək kəllə-beyin travmalarının müalicəsində erkən bronxoskopiya” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ağır travmalı xəstələrin müalicəsində erkən bronxoskopiyanın əhəmiyyəti diqqətə çatdırılıb.
Universitetin Ümumi cərrahlıq kafedrasının müdiri Elçin Ağayev “Bağırsaq anastomozu tutmazlığının profilaktikasında 30 illik təcrübə” mövzusunda çıxış edərək cərrahi müdaxilələrdən sonra yarana bilən ağırlaşmaların qarşısının alınması istiqamətində uzunillik təcrübəsini bölüşüb.
Həmin kafedranın dosenti, tibb elmləri doktoru Müşviq Həsənov isə “Hamiləlik və kəskin cərrahi xəstəliklər: nə zaman və nə etməli?” mövzusunda məruzə təqdim edib. Çıxışda hamiləlik dövründə kəskin cərrahi patologiyaların vaxtında müəyyənləşdirilməsi və müalicə taktikasının düzgün seçilməsi kimi mühüm klinik məsələlər ön plana çıxarılıb.
ATU-nun Onkologiya Klinikasının qastroenterologiya şöbəsinin rəhbəri Habil Hüseynov “Təcili endoskopiya: vaxtla yarışan klinik qərarlar” mövzusunda çıxış edib. Məruzədə təcili endoskopiyanın klinik qərarların vaxtında verilməsində və xəstələrin müalicə prosesindəki əhəmiyyəti diqqətə çatdırılıb.
ATU nümayəndələrinin beynəlxalq konqresdə iştirakı universitetdə aparılan elmi və klinik fəaliyyətin təqdim olunması, müasir tibbin aktual məsələlərinin müzakirəsi və müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyətə malikdir.

